admin2
Milli Televiziya və Radio Şurası cizgi filmlərinin çəkilişinə maliyyə ayrılması üçün prezidentə müraciət edəcək
Bunu APA-ya MTRŞ sədri Nuşirəvan Məhərrəmli deyib. O bildirib ki, ölkədə milli cizgi filmlərinin çəkilməsinin stimullaşdırılmasına böyük ehtiyac yaranıb: “Uşaqlarla bağlı bizim hansı verilişlərimiz, cizgi filmlərimiz var? Telekanallarda yayımlanan əksər cizgi filmləri xarici cizgi filmləridir. Halbuki Azərbaycanın eposları əsasında çoxsaylı cizgi filmləri yaradıla bilər. “Dədə Qorqud”dan tutmuş “Koroğlu” dastanına qədər gözəl cizgi filmləri çəkmək olar və uşaqlar o ruhda böyüyər”.
Türkiyədən gəlmiş həkimlər tərəfindən anadangəlmə qüsuru olan uşaqların müayinəsi keçirilir
Şəmkir rayonunda uşaqlarda dovşandodaqlıq və qurdağızlılığın aradan qaldırılmasına həsr olunmuş aksiya keçirilir. Şəmkir rayon Mərkəzi Xəstəxanasında keçirilən aksiyaya Türkiyənin müxtəlif tibb ocaqlarında çalışan 8 nəfərdən ibarət həkim briqadası iştirak edir. “Lider Qadınlar Dərnəyi”nin həyata keçirdiyi “Gülümsəyən Uşaqlar” layihəsi çərçivəsində dəvət edilmiş həkimlər 4 gün ərzində kiçik yaşlı uşaqlarda mövcud olan dovşandodaqlıq və qurdağızlılığın ləğv olunması üçün əməliyyat aparacaqlar.
Milli Məclisdə “Azərbaycanda uşaqların asudə vaxtının təşkilinin hüquqi aspektləri” mövzusunda konfrans keçirilib
Milli Məclisdə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr edilmiş “Azərbaycanda uşaqların asudə vaxtının təşkilinin hüquqi aspektləri” mövzusunda konfrans keçirilib. APA-nın məlumatına görə, Milli Məclisin (MM) Sosial siyasət Komitəsinin sədri Hadı Rəcəbli Azərbaycanda uşaqların asudə vaxtının təşkil olunması istiqamətində qanunvericilikdə bir sıra təkmilləşmələrinaparıldığını deyib. O, uşaqların idman qurğularından pulsuz istifadəsi, həmçinin əlil və kimsəsiz uşaqlara verilən imtiyazlardan danışıb.
“Uşaq Hüquqları yönümlü jurnalistika: Azərbaycanda fəaliyyət göstərən icmalçılar üçün maarifləndirici xarakterli təlim” keçirilir
Bakıda “Uşaq hüquqları yönümlü jurnalistika: Azərbaycanda fəaliyyət göstərən icmalçılar üçün maarifləndirici xarakterli təlim” başlayıb. APA-nın məlumatına görə, tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, BMT-nin Uşaq Fondu və Sosial Xidmətlər Təşəbbüsü İctimai Birliyinin dəstəyi ilə keçirilir.
Təlimdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva bildirib ki, təlimin məqsədi uşaq hüquqları sahəsində fəaliyyət göstərən kütləvi informasiya vasitələri nümayəndələrinin müvafiq peşə xüsusiyyətlərinə yiyələnməsində yardımçı olmaqdır. Onun sözlərinə görə, uşaq hüquqlarının təmin edilməsində, cəmiyyətin diqqətinin uşaq məsələlərinə yönəldilməsində mətbuatın xüsusi rolu var. Bəzən KİV-də uşaqların gələcəyi üçün problem yarada biləcək yazı və görüntülərin də yer aldığını söyləyən A. Sofiyeva komitənin bundan narahat olduğunu vurğulayıb.
Azərbaycan şaxmatçısı dünya çempionu oldu
Rumıniyanın Yassı şəhərində məktəblilər arasında şahmat üzrə 8-ci dünya çempionatı başa çatıb. Sport.1news.az saytının məlumatına görə, Azərbaycan şahmatçıları altı medal qazanıblar. Günay Məmmədzadənin möhtəşəm çıxışı ona 13 yaşadək yaş kateqoriyasında 7,5 halla 1-ci yeri qazandırıb. Gümüş medalı 7 halla onun komanda yoldaşı Nərmin Məmmədova əldə edib. İkinci yerləri həmçinin Xatun Bağırova (15 yaşadək), İsmayıl Şaxaliyev (13 yaşadək) bölüşdürüb, bürünc medallar isə Aytən Əmrəyeva (15 yaşadək) və Nərmin Soyunlunun (17 yaşadək) payına düşüb.
BMT-nin baş katibi Beynəlxalq Ailə Günü münasibəti ilə müraciət yayıb
BMT-nin baş katibi Pan Gi Mun Beynəlxalq Ailə Günü münasibəti ilə dünya ictimaiyyətinə müraciət edib. BMT-nin Bakı ofisindən APA-ya verilən məlumata görə, müraciətdə bu ilki Beynəlxalq Ailə Günündə iş və ailə həyatı arasında balansın vacibliyi vurğulanıb: “Əsas məqsəd dünyanın hər tərəfində işçilərin ailələrini maddi və mənəvi cəhətdən təmin etməklə yanaşı, yaşadıqları cəmiyyətin sosial-iqtisadi inkişafına öz töhfələrini verməyə yardım etməkdən ibarətdir.
Mövcud tendensiyalar iş-ailə siyasətinin artan vacibliyini vurğulamaqdadır.
Buraya əmək bazarında qadınların geniş miqyaslı iştirakı, artan urbanizasiya və mobil iş axtarışı daxildir. Ailələr kiçildikcə və nəsillər arasında uzaqlaşma yarandıqca, uzaq qohumlar uşaqlara daha az qayğı göstərir və işçi valideynlər daha çox problemlərlə üzləşirlər”.
Zaqatalada zəlzələ nəticəsində dağılan məktəblərin şagirdləri buraxılış imtahanlarından azad ediləcək
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Zaqatalada zəlzələ nəticəsində dağılan məktəblərin şagirdlərini buraxılış imtahanlarından azad edəcək. APA-nın məlumatına görə, bu barədə TQDK sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, artıq Komissiya bununla bağlı Fövqəladə Hallar Nazirliyinə (FHN) müraciət edib: “Nazirlər Kabineti tərəfindən təsdiq olunan qaydalara əsasən, TQDK-ya fövqəladə hallarda buraxılış imtahanlarından azad etməklə bağlı səlahiyyət verilib. FHN bu gün Zaqatalada həddən artıq dağıntılara məruz qalan məktəblərin siyahısını TQDK-ya verəcək. Bundan sonra bu həftə ərzində buraxılış imtahanlarından azad olunan məktəblərin siyahısı elan ediləcək. Həmin məktəblərin şagirdlərinin qiymətləndirilməsi dərs ili ərzindəki illik qiymətləndirməyə əsasən aparılacaq”.
Marneulidə uşaq bağçalarının vəziyyəti müzakirə olunub
Gürcüstanın Marneuli şəhərindəki Demokratik Məşğulluq Mərkəzində (MDM) uşaq bağçalarının vəziyyəti müzakirə olunub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Marneuli rayon İcra Hakimiyyətinin rəhbəri Zaza Dekonoidze, məktəbəqədər müəssisələrin direktoru Tofiq Hacıyev, “Qaranquş” Uşaq Mərkəzinin rəhbəri Zemfira Əzizbəyova, MDM-nin təmsilçisi Zaur Darğallı və başqaları çıxış ediblər.
Tədbirdə qeyd edilib ki, rayon büdcəsindən bağçalara ayrılmış 320 min lari çox azdır. Z. Dekonoidze iştirakçıların suallarını cavablandırarkən deyib ki, uşaq bağçaları üçün sentyabrın 1-dən büdcədən 1 milyon lari vəsait ayrılacaq. Bəzi natiqlər bildiriblər ki, azərbaycanlıların yaşadığı kəndlərdə yeni uşaq bağçalarının tikintisi üçün müvafiq torpaq sahəsi ayrılmalı və tikilən bağçalar Avropa standartlarına uyğun olmalıdır.
İlham Əliyev ailəsi ilə birgə "Gül bayramı"nda olub
Azərbaycan xalqının ümummilli lideri, siyasi xadim Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə Bakıda, ulu öndərin adını daşıyan sarayın qarşısındakı parkda təşkil olunmuş Gül bayramında dövlət başçısı İlham Əliyev və ailə üzvləri iştirak edib.
Heydər Əliyevin əzəmətli abidəsinin ətrafı gül-çiçəyə qərq olmuş, postament ağ güllərlə hörülmüşdür. Prezident İlham Əliyev və ailə üzvləri ulu öndərin abidəsini ziyarət edərək başdan-başa bahar ətirli güllərə qərq olmuş parkın gözəlliyini seyr ediblər. Müxtəlif güllərdən yığılmış “xalça”lar və türk dünyasının böyük oğlu Heydər Əliyevin tər çiçəklərdən “toxunmuş” portret xalçası orijinallığı ilə göz oxşayıb. Cürbəcür çiçəklərdən yığılmış “89” rəqəminin təsvir olunduğu kompozisiya da diqqəti cəlb edib.
2 saylı İnternat Məktəbinin Nəfəs Alətləri Orkestri paytaxt sakinlərini valeh etdi
Mayın 9-da Nar Mobile-ın rəsmi sponsor olduğu “Eurovision Azərbaycan” fan klubu və Mərdəkanda yerləşən 2 saylı İnternat Məktəbinin Nəfəs Alətləri Orkestri Bakının mərkəzi - Nizami küçəsində birgə konsert təşkil ediblər. “Qafqazinfo”nun məlumatına görə, konsert zamanı uşaq nəfəs alətləri orkestri Rauf Hacıyevin "Azərbaycanım", Tofiq Quliyevin "Dostluq" əsərlərini, həmçinin bir sıra, dünyaca məşhur musiqi əsərlərini ifa ediblər. İfalarını Eurovision mahnı müsabiqəsinin himni ilə başlayan uşaqlar, daha sonra Macar Polkası, Çəhrayı Pantera, Besamo Mucho, Qələbə günü, Katyuşa və digər əsərləri ifa ediblər.