Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

admin2

admin2

Пятница, 31 Август 2012 12:33

Lələyin Nağılı

Əfsanə Laçın

Lələyin Nağılı

b
iri var imiş, biri yox imiş. Səmada Bulud adlı ağ bənizli, ağ libaslı bir qız yaşarmış. O, quş lələyi ilə oynamağı çox sevirdi. Lələk onun sevimli oyuncağı idi. Bir gün Bulud Lələklə oynayırdı, qəfildən Lələk yavaş-yavaş aşağı uçmağa başladı. Lələk aşağı endikcə, Buludun rəngi qaralırdı. Lələk torpağa düşdü. Bunu görən Bulud ağlamağa başladı. Bulud ağladı-ağladı, torpaq yaş oldu, Lələk palçığa qarışdı. Bulud nə edəcəyini bilmirdi. O, çox məyus olmuşdu. Buludun köməyinə Günəş çatdı. Günəş torpağı qurutdu. Bulud sevindi.

Bulud Günəşə dedi:

- İndi oyuncağımı mənə qaytar. Günəş Buluda kömək etmək istəyirdi, amma Lələyi necə göyə uçuracağını bilmirdi. Bulud yenə ağlamaq istəyirdi ki, Külək onun köməyinə çatdı.

Külək Buluda dedi:

- Sən heç qəm yemə. Mən indi elə tufan qaldıraram ki, Lələk göyə uçar. Bulud sevindi. Güclü külək əsməyə başladı. Lələyi göy üzünə uçurdu. Bulud sevimli oyuncağına qovuşdu.

Günəş və Külək Buluda kömək edə bildikləri üçün şad idilər. Bulud Günəşə və Küləyə təşəkkür etdi. Sonra lələyi ilə birgə gəzməyə getdi. Külək yatdı. Günəş isə yenidən şəfəq saçmağa başladı. Günəş sevincindən çəmənlikdə oynayan uşaqlara baxıb gülümsəyirdi. Uşaqlar isə Günəş çıxdığı üçün sevinirdilər, amma onlar Günəşin təbəssümünü görmürdülər. Axı Günəş yerdən çox uzaqdadır.

Пятница, 31 Август 2012 13:32

Kolba

Əfsanə Laçın

Kolba

M
ən sizə yerdəkilərdən yox, göydəkilərdən danışacam. Daha doğrusu kolba adlı kametdən. Kolba anası, bacısı  və qardaşları ilə bir yerdə Merkuri planetinin ətrafında fırlanırdılar. Kolba artıq belə yaşamaq istəmirdi. O, bütün günü fırlanmaqdan bezmişdi. Çıxıb getmək istəyirdi. Həmişə aşağıya həsrətlə baxardı. Yerə düşmək istəmirdi. Bir gün Kolba öz arzusuna çatdı. Heç özü də bilmədən dairədən ayrıldı. Yavaş-yavaş aşağıya doğru uçurdu. Ancaq bu asan olmadı. O, milyon il uçmalı oldu. Yerə çatanda artıq qocalmışdı. Kolba şappıltı ilə yerə düşdü. Az qaldı ki, min yerdən parçalansın. Amma bu baş vermədi. O, balaca sığallı daşın yanına düşdü. Daş yuxudan ayılıb, gördü ki, tək deyil.

Kolba daşla salamlaşdı, ondan adını soruşdu. Yerdəki daşın adı sığallı idi. Sığallı kolba ilə dostlaşır. Sığallı kolbadan soruşur. Sən hardan gəlmisən?Mən əvvəllər səni görməmişəm.

Kolba deyir: - Mən kosmosdan gəlmişəm.

Sığallı deyir: - A, axı niyə gəldin? Orda ki, maraqlıdır. Hamı deyir ki, kosmos sehrlidir. Yerdəki daşların hamısı kosmosa uçmaq arzusundadır.

Kolba deyir: - Yox, əslində elə deyil. Mənim bütün günü fırlanmaqdan ürəyim darıxırdı. Sən heç bilirsən mən neçə milyon il gəlmişəm? Mən kosmosda yaşayanda yerə düşməyi arzulayırdım. Bir gün təsadüfən dairədən çıxdım. Dumandan, buluddan keçdim. Ulduzları yarıb, gəldim. İndi artıq qocalmışam. Bura xoşuma gəlir. Sizdə hər tərəf yaşıldır. Burda çoxlu sular var. Ən əsası burda heç kim fırlanmır. Mən həmişəlik burda qalmaq istəyirəm.

Sığallı deyir: - Hə, bura gözəldir, amma tezliklə səni sular yuyacaq, əridəcək, torpağa qarışıb, yox olacaqsan. Sən bir yol tapıb, geri qayıtmalısan!

Kolba deyir: - Axı mən yolu tanımıram.

Günlər keçir. Kolba ilə Sığallı bir yerdə yaşayırlar. Hər gün külək əsir. Külək onların üstünü torpaqla örtür. İllər keçdikcə torpaq qatı qalınlaşırdı. Kolba ilə Sığallı lap dərində qalmışdılar. Kolba yenə də narazı idi. O, yerə düşdüyünə görə peşman idi. Evə qayıtmaq istəyirdi. Torpağın altında qalmaq onu darıxdırırdı.

Bir gün Sığallı və Kolba səs eşitdilər. Bu səs insan səsi idi. İllərlə sakitlikdən bezən daşlar sevindilər. Sığallı hiss etdi ki, onlar yeri qazır. Nəhayət ki, torpağın altından çıxacaqlar.

Yeri arxeoloqlar qazırdılar. Artıq Kolba ilə Sığallı görünürdü. Arxeoloqlar Kolbanı görən kimi onun başına yığışdılar.

Sığallı dedi:Onlar başa düşdülər ki, sən kosmosdan gəlmisən.

Kolba elə fikirləşdi ki, adamlar onu evə göndərəcək, ona görə də çox sevinirdi. Arxeoloqlar Kolbanı balaca qutunun içinə qoyub, harasa apardılar. Sığallı tək qaldı. Sığallı Kolbanın arxasınca qışqırırdı. Kolba isə qutunun içində onu eşitmirdi. 

Kolbanı böyük bir binaya gətirdilər. Bina çox gözəl idi. Orada Kolba kimi çoxlu daşlar və başqa əşyalar var idi. Adamlar Kolbanı şüşənin içinə qoyub, hər tərəfini bağladılar. Kolba onda başa düşdü ki, onu evə aparmayacaqlar. Kolbanın yanında çoxlu daşlar olsa da o, Sığallı üçün darıxırdı.

Bu bina muzeyin binası idi. Hər gün bura çoxlu adamlar gəlirdi. Ona görə də həmişə səs-küy olurdu. Bütün gələnlər Kolbaya heyranlıqla baxır, şüşənin üstündən onu sığallayırdılar. Kolba ora gələn adamlardan kiminsə onu ordan aparmasını arzulayırdı. Amma heç kim onu başa düşmürdü. Axı daşların dili olmur.

Пятница, 31 Август 2012 13:27

Kloun

Əfsanə Laçın

Kloun

A
ylar keçir, il dolanır, yeni nağıllar yaranır. Bu nağılların içindən ən gözəlin seçərəm, sizə nağıl biçərəm.

Bu dəfəki nağılımız iki dost - Cabir və Sabir barədədir. Sabirin atası ona yeni oyuncaqlar almışdı. Sabir oyuncaqlarını göstərmək üçün dostu Cabiri evlərinə dəvət edir. Onlar birlikdə yeni oyuncaqlarla oynayırlar. Oyuncaqların içində balaca bir Kloun da var idi. Cabirin ondan çox xoşu gəldi. O, Sabirdən Klounu ona verməyini xahiş etdi.

Sabir dedi:

- Yox, yox! verə bilmərəm. axı, mən də onu çox sevirəm. Atana de sənə də alsın.

Cabir deyir:

- Artıq gecdir, mən evimizə gedirəm.

Cabir gizlincə Klounu götürüb evlərinə gedir. O, artıq tutduğu əməldən peşman idi. Amma artıq gec idi. Sabir isə çox məyus olmuşdu. Nə qədər axtarsa da  sevimli oyuncağını tapa bilmirdi. Heç ağlına da gəlmirdi ki, Oyuncağı Cabir götürər.

Cabir axşama kimi Kloun ilə oynasa da narahat idi. Gecə düşmüşdü, artıq yatmaq vaxtı gəlib çatmışdı. Cabir Kloun ilə bir yerdə çarpayıya uzandı . Çox keçmədi ki, o yuxuya getdi. Cabir yuxuda gördü ki, Kloun pəncərədən həyətə tullanıb, qaçır. O da Klounu tutmaq üçün onun dalınca qaçır.

Kloun Sabiri axtarırdı. Yolboyu Kloun çoxlu oyuncaqlarla rastlaşdı. Birinci rastlaşdığı oyuncaq Yük maşını idi. Onun təkərlərini kim isə sındırmışdı.

Kloun Yük maşınından soruşdu:

- Sən kimin oyuncağısan? Təkərlərin haradadı?

Yük maşını deyir:

- Mən Cabirin oyuncağıyam, elə təkərlərimi də o sındırıb.

Kloun yük maşınına deyir:

- Gəl mənimlə Sabirgilə gedək. O, oyuncaqları heç vaxt sındırmır. Kloun və Yük maşını Sabirgilə yollanırlar. Bir qədər yol getmişdilər ki, Ayı ilə rastlaşırlar.

Kloun  Ayıdan soruşur:

- Sən niyə buradasan?

Ayı ağlaya-ağlaya  deyir:

- Məni bura Cabir atıb, ayağımı da o sındırıb.

Kloun Ayını da özü ilə aparır. Xeyli yol getdikdən sonra dincəlməyi qərara aldılar. Ağacın altında təzəcə oturmuşdular ki, səs eşitdilər. Bu səs Tanqın səsi idi. Cabir onu necə atmışdısa, gedib ağacın budağına ilişmişdi. Kloun onu ağacdan endirib özü ilə apardı. Kloun yolda rastlaşdığı sərçəni, topu, tütəyi, balaca atı da özü ilə apardı. Oyuncaqların hamısı Cabirdən incimişdi, heç biri geri qayıtmaq istəmirdi.

Cabir qaçmaqdan tənginəfəs olmuşdu. O, uzaqdan Klounu görüb, səsləməyə başladı:Kloun, Kloun

Cabirin səsini eşidən acıqlı oyuncaqlar onun üstünə şığıdılar.

Oyuncaqlar:

- Sən bizi incitmisən. Biz heç vaxt geri qayıtmayacağıq.

Kloun:

- Məni evimə qaytar. Sabir mənsiz darıxır.

 Cabir bərk qorxmuşdu. Yuxudan ayılıb gördü ki, həyəcandan tərləyib, Kloun da yanındadı. O, öz səhvini başa düşür. Klounu Sabirə qaytarmağı qərara alır. Paltarlarını geyinib, Sabirgilə yollanır. O, oyuncağı Sabirə qaytarıb, dostundan üzr istəyir. Utandığından qıpqırmızı qızarmışdı. Sabir oyuncağı tapıldığı üçün çox sevinirdi. Cabir səhvini başa düşdüyü üçün Sabir onu bağışlayır.

Üç ay keçir. Sabirdən başqa hamı bütün əhvalatı unudur. O, Cabirin doğum günündə ona Kloun hədiyyə edir.

Cabir söz verir ki, öz oyuncaqlarını heç vaxt incitməyəcək və heç vaxt başqasının oyuncaqlarını, əşyalarını icazəsiz götürməyəcək. Artıq o bilirdi ki, bu çox pis vərdişdir.

Bu nağılı oxumuram ki, mışıl-mışıl yatasan, oxuyuram ki, fikirləşib ağıllı yol tapasan.

Пятница, 31 Август 2012 12:23

Balaca qaya

Əfsanə Laçın

Balaca qaya

b
iri varimış, biri yoximiş. üç qaya varimış. Biri böyük, o biri balaca, üçüncüsü isə lap balaca. Qayalar  dostluq edirdi. Gündüzlər günəş şüaları altında qol-qanad  açır, gecələr isə soyuqdan büzüşürdülər. Bir gün böyük qayanın sinəsi çatladı. Xırda daşlar ovulub, yerə töküldü. Sən demə bulud göydən hər şeyi görürmüş. O, qayanın çatlamış sinəsini görüb, yaman qorxmuşdu, ona görə də ağlayırdı. Buludun göz yaşları qayanın çatlamış sinəsinə doldu. Səhərə kimi qayanın sinəsində böyük şəlalə əmələ gəldi. Səhər qayalar yuxudan duranda nə görsələr yaxşıdı?! Böyük qayanın sinəsindən şəlalə axır.

Balaca qaya dedi: - Vay, vay sən necə də gözəl olmusan. Əcəb qəşəngsən.

Böyük qaya isə çox məyus idi. Çünki, bilirdi ki, artıq həyatının sonuna az vaxt qalırdı . Böyük qayahər gün məhv olurdu. Şəlalə onu yavaş-yavaş sinəsindən oyurdu. Günlər keçirdi, qaya gündən-günə kiçilirdi. Bir gün Böyük qayadaşlara parçalanıb, torpağa qarışdı. Bulud yenə də ağlamağa başladı. Balaca qayada ağlayırdı.

Günlər beləcə keçirdi. Artıq o biri qayanın da sinəsi çatlamışdı. Quşlar qayanın başına yaman fırlanırdılar. Quşların birinin dimdiyindən qayanın sinəsinə toxum düşdü. Vaxt keçdikcə qayanın sinəsində bir ağac böyüyürdü. Ağac böyüdükcə, qayanın çatları da böyüyürdü. Hər gün qayanın parçaları ovulub, yerə tökülürdü. Ağac da günü-gündən qol-budaq açırdı.

Balaca qaya qorxurdu. Bilirdi ki, çox keçməyəcək tək qalacaq, amma əlindən heç nə gəlmirdi.

Balaca qaya gecədən bərk yuxulamışdı. Hiss edirdi ki, nə isə titrəyir. Yuxudan ayılıb, nə görsə yaxşıdı?! Ağacın gövdəsi o qədər böyümuşdü ki, qaya artıq onun ağırlığına dözə bilmirdi. Qaya titrədi, titrədi, birdən böyük daş parçalarına bölündü. Bulud yenə də ağlayırdı. O qədər ağladı ki, tezliklə daşlardan heç bir əsər-əlamət qalmadı, onlar da əriyib, torpağa qarışdılar.

Balaca qaya tək qaldı. Bir yanından çay axırdı, bir yanında da nəhəng ağac var idi. Ağac meylini qayaya salmışdı. Budaqları qayaya sarı sallanırdı. Qayanı gündüzlər günəşdən, gecələr soyuqdan qoruyurdu. Çay isə ayağının altından axırdı. Amma o nə ağacı, nə də çayı sevmirdi. O qayalar üçün darıxırdı. Oqədər xiffət çəkirdi ki, içindən oyulurdu.

Onun sinəsində böyük oyuq yaranmışdı. Hardansa bir ayı balası gəlib, özünü oyuğa salmışdı. Qaya onu çox sevirdi. Balaca qayaartıq qaya deyidi. O, balaca mağaraya çevrilmişdi.

Пятница, 31 Август 2012 12:20

Tort

AYGÜN BÜNYADZADƏ

TORT 

g
ünlərin bir günü Yer üzünü gəzməyə gəlmiş xeyirxah sehrbaz şəhərlərin birində olarkən bu şəhərin əhalisini sevindirməyi qərara aldı. Əhvalat belə oldu:

Səhər tezdən yuxudan oyanan şəhər əhli çaşıb qaldı. Mərkəzi meydanın tən ortasında nəhəng bir tort qoyulmuşdu. Tort çox yekə, hündür və gözəl idi. Dərhal bütün şəhər əhalisi bura toplaşdı.

- Görəsən, bu boyda tortu necə hazırlayıblar? - baş aşbaz təəccübünü heç cür gizlədə bilmirdi.

Bir neçə fotoqraf dərhal bu nəhəng tortun qarşısında istəyənlərin fotoşəklini çəkməyə başladı, şəhərin baş memarı isə tortun ölçülərini hesablamaqla məşğul idi.

- Əl vurmayın! - deyə şəhərin baş hərbçisi qışqırdı, - içində bomba ola bilər.

- Yox, yox, bu tort yəqin ki, zəhərlidir, - baş həktm etirazını bildirdi.

- Yəqin bu tort xarab olub, heç kim heç kimə havayı heç nə verməz, - yaşlı bir süpürgəçi dilləndi.

Bu zaman heç kimin gözləmədiyi bir iş oldu -mübahisə edən böyüklərin gözündən yayınan bapbalaca bir uşaq bu qəribə torta lap yaxınlaşaraq, balaca əlini irəli uzatdı, barmağını tortun kreminə batırıb, ağzına dürtdü.

- Aşağı yatın, indicə partlayacaq! - baş hərbçi dərhal əmr verdi.

- Uşaq indicə zəhərlənib öləcək! - baş həkim özünə yer tapmırdı.

- Vay səni uşaq, bu köhnə tortu necə yedi? - qoca süpürgəçi təəccübləndi.

Fotoqraf tortun görkəminin, memar isə ölçüsünün korlandığına görə bikef oldular. Təkcə uşağın heç nə vecinə deyildi. O, başını geri çevirib, tam xoşbəxt halda özü kimi balaca dostlarını səslədi:

- Uşaqlar, mən hələ ömrümdə belə ləzzətli tort yeməmişəm! Gəlin siz də dadına baxın.

Bir an keçmədi ki, əvvəlcə uşaqlar, sonra isə böyüklər hər şeyi yaddan çıxarıb, bu qəribə tortu yeməyə girişdilər. Düz üç gün şəhərdə tort qonaqlığı davam etdi.

Qonaq gəlmiş xeyirxah sehrbaz isə bu qəribə planetin ən adi şəhərlərindən birinin əhalisini sevindirə bildiyinə görə çox xoşbəxt idi.

Пятница, 31 Август 2012 11:12

Şirniyyat atan silahlar

AYGÜN BÜNYADZADƏ

Şirniyyat atan silahlar 

U
zun müddət davam edən müharibə insanları, heyvanları, otları, ağacları, çiçəkləri, hətta silahların özlərini də bezdirmişdi.

Günlərin bir günü silahlar bir yerə toplaşıb, qərara aldılar:

- Biz, daha heç kəsi öldürməyəcəyik!

- Bəs, insanlar bizə əmr etsələr, onda necə? Axı, onlara sözsüz itaət etməliyik?! - bapbalaca bir tapança utana-utana xəbər aldı.

- Tapança düz deyir! - yekə bir mina ağır-ağır dilləndi, - Minaların işi lap çətindir, insan övladı əmr edən kimi mütləq partlayıb, onlarla adamı birdən öldürməliyik.

Silahlar fikrə getdilər. Nəhayət yekun qərar qəbul edildi.

Səhəri gün isə... Bütün dünyada görünməmiş qeyri-adi bir hadisə baş verdi.

Səhər açılan kimi döyüş meydanında hamı təəccübdən donub qaldı. Bilirsiniz niyə? Çünki, bu gün çox qəribə işlər baş verirdi: tapançalardan düşmən tərəfə güllə əvəzinə müxtəlif rəngli konfetlər, avtomat silahlardan cürbəcür karamellər, qara və ağ rəngli şokoladlar, tanklardan, toplardan və qırıcı təyyarələrdən isə müxtəlif böyüklükdə pirojna və tortlar atılırdı. Minalar partladıqda isə əsil möcüzə baş verirdi. Minanın gücündən və növündən asılıl olaraq, həmin yerdən yuxarıya paraşütlə bir neçə mərtəbəli dondurma-tortlar uçur, sonra yavaş-yavaş yerə enirdilər.

Həmin gün müharibə dayandı. Şirniyyatlar elə iştahaçan, qarşı tərəflərin isə həm döyüşən əsgərləri, həm də dinc əhalisi elə ac idilər ki, özlərini saxlaya bilməyib, yeməyə girişdilər. Onlara baxıb əvvəlcə komandir və generallar, daha sonra isə dövlət başçıları da silahların atdığı şirniyyatı yeməyə başladılar. Müharibə xeyli vaxt dayandı. Həimn müddətdə isə döyüşən tərəflər belə qərara gəldilər ki, müharibə etməkdənsə, barışıb bir-birinə qonaq getmək və ləzzətli şirniyyatlar yemək daha sərfəlidir. Beləcə tərəflər ömürlük barışdılar.

Nədir deyirsiniz ki, bu əhvalatı yalandan uydurmuşam? Onda dünyada ən qədim dillərdən biri olan silah dilini öyrənib, özünüz onlardan xəbər alın, sizi inandırıram ki, canlı-cansız hər hansı bir məxluqu məhv edən və gördüyü işdən həzz alan bircə silah belə tapa bilməzsiniz. Bütün hər şey yalnız bir insanlardan asılıdır...

Пятница, 31 Август 2012 11:09

Bir damla su

AYGÜN BÜNYADZADƏ

Bir damla su 

b
apbalaca damla buludların arasından yerə boylandı:

- Ay aman, bu nə gözəllikdir?!

- Bu gözəlliyi də sənin kimi damlalar yaradıblar! - Bulud gülümsündü. - Siz olmasaydınız, hər yan qupquru quruyar, Yer üzündə bir canlı belə qalmazdı.

- Bəs okeanlar, dənizlər, çaylar, göllər?

- Onlar da damlalardan ibarətdir, balaca! Bəs eşitməmisən ki, deyirlər «Dama-dama göl olar»?

- Bəs mən özüm təkcə necə, xeyirxah bir iş görə bilmərəm?

- Tək? Yəqin ki, yox! Siz damlalar birlikdə güclü olursunuz.

Balaca damla buluda diqqətlə qulaq assa da, tamam başqa şey fikirləşirdi: «Buralarda onsuz da mənə ehtiyac yoxdur. Hər yer yamyaşıldır. Deyirlər, uzaqlarda səhralar var. Orada bir damla su belə qiymətlidir. Gedim oraları tapım!»

Heyrətini gizlədə bilmədi: Damla buludun içində səhranın üstünə gəldi. Aşağı boylandı:

- Ay aman, bura nə gündədir? Hər yan qupquru qumluqdur ki! Mən yazıq, balaca canımla bu boyda yerdə nə edə bilərəm? Qayıdım, dostlarımı da çağırım, birləşib, səhra adlanan bu yeri canlandıraq.

Geri qayıtmaq istəyirdi ki, bir neçə qarışqa diqqətini cəlb etdi. Susuzluqdan əldən düşmüş qarışqalar fikrə getmişdilər:

- Kaş ki, bir damcı suyumuz olsaydı... Özümüzə gələrdik! Sonra yolumuza davam edərik - deyə qarışqalardan biri dilləndi.

- Bu qupquru səhrada bunu ancaq yuxunda görə bilərsən! - o biri qarışqa ona cavab verdi. - Belə getsə, üçümüz də susuzluqdan öləcəyik!

- Anamız doğru deyirdi ki, yuvadan çox uzaqlaşmayın, yoxsa, yolu tapmayıb, susuz qalarsınız! - üçüncü qarışqa ağlamsındı.

- Demək yalnız bir damcı su! - balaca damla gülümsündü. - Axır ki, mən işə yaradım! - və o, buludun içindən sıçrayıb qarışqaların başına düşdü!

- Su! Su! - başdan ayağa islanmış qarışqalar sevinclə çığırdılar. - Su tapıldı!

- Özümüzə gəldik, indi evimizin yolunu axtarıb tapa bilərik! - birinci qarışqa xoşbəxt halda qardaşlarına baxdı. - Getdik, uşaqlar, yoxsa, yuvadakılar nigaran qalarlar. Az sonra yuvaya çatan bala qarışqalar sevinclə analarının qoynuna atıldılar:

- Ana! Anacan! Biz bir də icazəsiz yuvadan uzağa getməyəcəyik!

Balaca damla isə... Qarışqaların üst-başından sürüşüb, torpağa düşən kimi, qupquru torpaq acgözlüklə onu öz içinə çəkdi və damlanın yeni səyahəti başladı. «Bulud baba deyirdi ki, güc birlikdədir. Gedim yeraltı çaylardakı damla dostlarıma deyim, dünyanın bütün damlalarına çatdırsınlar ki, burada bizə çox böyük ehtiyac var». Damla balaca boyuna yaraşmayan ciddiliklə işə girişdi.

Susuzluqdan cadar-cadar səhra isə sevinirdi, onun yaşıllığa çevriləcəyi günə az qalmışdı.

Пятница, 31 Август 2012 11:02

Zərifə nənə

Gülzar nənə

Zərifə nənə

(Hekayə)

U
şaqlar həyətdə qaçdı-qovdu oynayırdılar. Səsləri həmişəki kimi məhəlləni bürümüşdü. Güllü uşaqları sakitlləşdirdi:

- Zərifə nənə indi bizə hirslənəcək, qışqırmayın!

Uşaqlar onun dediyinə əməl elədilər. Çünki Zərifə nənənədən onun qaşqabaqlı üzündən, hirsli baxışlarından çox qorxurdular. Hər dəfə uşaqlar həyətdə oynayanda eyvandan onlara söylənərdi:

- Bütün günü qışqırırsız. Səsinizdən qulaq tutulur. Bəsdirin də… Nə qədər həyətdə oynamaq olar, eviniz-eşiyiniz yoxdur, çıxın gedin, evinizə!

Zərifə nənə uşaqları həyətdə rahat oynamağa qoymurdu. Bir uşağın səsi çıxan kimi hay-küy qoparırdı. Məhəllədə heç bir uşağın ondan xoşu gəlməsə də qoca olduğuna görə ona hörmət edir, xətrinə dəymirdilər.

Uşaqlar bu gün hava qaralana qədər həyətdə onynadılar. Axşam tərəfi hamı evlərinə dağılışmağa başladı.

Elşad da Güllü ilə sağollaşmaq istədi. Amma gördü ki, Güllü fikirlidir. Səbəbini soruşdu. Güllü cavab verdi:

- Bilirsən, Elşad, iki gündür fikir verirəm, Zərifə nənə eyvanda görünmür. Bəlkə xəstələnib, axı onun heç kimi yoxdur, bir oğlu var, o da əsgərlikdədir.

Elşad Güllü deyənlə razılaşdı:

- Düz deyirsən, sən çox diqqətlisən, Güllü! Necə olub ki, mən buna fikir verməmişəm? Gəl gedək, Zərifə nənəyə baş çəkək.

Onlar Zərifə nənəgilə yollandılar. Pillələrlə qalxıb, zəngi basdılar. Qapını açan olmadı.

Uşaqlar məətəl qaldılar. Axı, Zərifə nənə heç yana getmirdi. Qapını bərkdən döydülər. Yenə də səs gəlmədi. Uşaqlar qayıtmaq istəyəndə evdən tappıltı eşitdilər. Təəccüblə bir-birlərinə baxıb xorla qışqırdılar:

- Zərifə nənə! Zərifə nənə!

Amma Zərifə nənədən səs çıxmadı. Onda uşaqlar böyükləri köməyə çağırmaq qərarına gəldilər. Köməyə Elşadın atası Eldar əmi gəldi. O qapını çətinliklə açdı. Qapını açanda isə nə görsələr yaxşıdır? Gördülər ki, Zərifə nənə çarpayının yanında yerə yıxılıb. Güllü nənəyə yaxınlaşdı, həyəcanla soruşdu:

- Zərifə nənə, nə olub sənə?

Nənənin halı pis olduğundan cavab verə bilmədi. Eldar əmi onu qaldırıb yatağına qoydu. Bir azdan Zərifə nənə özünə gəldi, başı üstündə dayananları görəndə sevincdən gözləri yaşardı:

- Nə yaxşı ki, gəldiz! - dedi.

Sən demə, Zərifə nənə iki gün idi ki, xəstə yatırmış. Dərmanı da qurtarıbmış. Ayağa qalxmağa isə halı olmayıb. Tərslikdən telefonu da işləmirdi.

Eldar əmi telefonu düzəltdi. Elşad Zərifə nənəyə dərman alıb gətirdi. Qolundan tutub eyvana - təmiz havaya çıxartdı. Güllü evlərindən nənəyə isti yemək gətirdi. Evini səliqəyə saldı. Zərifə nənə bir az özünə gəldi. Uşaqlara dua edib dedi:

- Mehriban balalar, siz gəlməsəydiniz, Allah bilir nə olacaqdı?

Elşad nənəyə təskinlik verdi:

- Darıxmayın Zərifə nənə, oğlunuz qayıdandan sonra siz tək qalmayacaqsınız.

Güllü də nənəyə xoş söz dedi:

- Zərifə nənə, bir də xəstələnməyin, sizi eyvanda görməyəndə nigaran qalırıq, darıxırıq!

Zərifə nənə güldü. Uşaqların mehribanlığı onu çox sevindirdi. Nənə bu mehribanlıqdan tamam dəyişdi. O sağalandan sonra uşaqlara tərs-tərs yox, mehribanlıqla baxır, gülümsəyirdi.

Пятница, 31 Август 2012 12:59

Xilaskarlar

Gülzar nənə

Xilaskarlar

(Hekayə)

Y
ay günlərindən biri idi. Lalə ilə Rəşad bağda dincəlirdilər. Bağ çox gözəl idi. Hər tərəf yaşıllıq, gül-çiçəklikdi. Bağ evi dənizə yaxın yerdə yerləşirdi. Hər gün dənizdə çimmək, onun sahilində oynamaq uşaqların çox xoşuna gəlirdi. Amma ara verməyən külək neçə gün idi ki, uşaqları dənizdə çimməkdən məhrum eləmişdi. Onlar hər gün dənizin sahilinə gedir, reproduktordan xilasetmə işçilərinin “Bu gün dənizdə çimmək qadağandır”, sözlərini eşidəndə çox məyus olurdular.

Bu gün də Rəşadla Lalə həmişəki kimi dənizə getdilər. Elə bil dənizdə təlatüm var idi. İri dalğalar hirslə özlərini sahilə çırpırdılar. Çimərlikdə adam da azdı. Belə küləkli havada çimmək də çox qorxulu idi. Rəşadla Lalə az da olsa çimmək istədilər. Amma iri, hündür dalğalar onlara aman vermədi. Qaşqabaqlarını töküb qumluqda oturdular. Lalə dənizdən bir az küskün dodaqlarını salladı. Elə bil dəniz onların küsməyinə dözmədi, az keçmədi ki, sakitləşdi.

Çimməyə hazırlaşırdılar ki, Rəşad uzaqda bir qaraltı gördü. Suitiyə oxşayırdı. Uşaqlar suitiyə baxmaq üçün onun yanına qaçdılar. Suiti yaralanmış, özü də əsim-əsim əsirdi. Lalə dedi: “Yazıq heyvan yaralanıb, yəqin o daha heç vaxt üzə bilməyəcək. Adamın baxmağa ürəyi gəlmir”.

“Gedək”, - dedi Rəşad.

Amma Lalə getmək istəmir, ürəyindən suitiyə kömək etmək keçirdi. Onun gözləri yaşarmışdı. Fikirləşirdi ki, yəqin onun da anası var, indi ora-bura üzüb balasını axtarır. Bu fikirlərlə Lalənin gözlərindən yaş axmağa başladı. Elnur görməsin deyə, tez gözlərinin yaşını sildi. Birdən gözünə suitinin qarnına girmiş qamış parçasına sataşdı. Qamış batan yerin ətrafı qıpqırmızı idi. Lalə onu Rəşada göstərib dedi:

- Rəşad, bax, suitinin qarnına nəsə batıb, yəqin ki, ona görə üzə bilmir.

Rəşad diqqətlə baxıb qamışı gördü:

- Düz deyirsən Lalə, yəqin ona görə dalğalar onu sahilə atıb.

Lalə suitini tumarladı:  

- Yazıq heyvan, bax, yaranın ətrafı da qıpqırmızıdır. Yəqin ki, qamış neçə gündür onun qarnına girib. Yara çirk eləyib,  ola bilsin ona görə də indi suiti üzə bilmir. 

Rəşad dedi:

- Gəlsənə, qamışı onun qarnından çıxardaq, qoy əziyyət çəkməsin, yazıqdır.

Onlar suitinin sağalacağına əmin olmasalar da qamışı dartıb suitinin qarnından çıxartdılar. Suiti ağrıdan sanki insan kimi qışqırdı. Uşaqlar onu incitdiklərinə peşman oldular. Amma bir azdan suiti sakitləşdi. Sakitləşən kimi də dənizə doğru dartınmağa başladı. Lalə başa düşdü ki, o su istəyir. Tez bir qab tapıb suitinin başına, ağzına su tökdü.  Bundan sonra suitinin halı lap yaxşılaşdı. O, sürünə-sürünə dənizə tərəf getdi. Uşaqlar sevindilər. Suiti üzə-üzə uzaqlaşıb gözdən itdi. Sonuncu dəfə başını sudan çıxarıb Rəşad və Lalə səmtə baxdı. Rəşad və Lalə əlini qaldırıb ona əl elədilər. Lalənin gözəlrindən bu dəfə iki damla sevinc göz yaşı axdı. Rəşad isə məğrur-məğrur dayanmışdı. Axı onlar suitini ölümdən xilas eləmişdilər.

Пятница, 31 Август 2012 12:58

Qəhrəmanlar

Gülzar nənə

Qəhrəmanlar

(Hekayə)

U
şaq idman sağlamlıq mərkəzi Rəşadla Laləgilin evlərinin yaxınlığında yerləşirdi. Mərkəzdə böyük hovuz vardı. Rəşadla Lalə hovuzda çimməyi xoşlayır, tez-tez çimməyə gəlirdilər. Rəşad artıq yaxşı üzməyi öyrənmişdi. Lalə isə hələ yaxşı üzə bilməsə də yavaş-yavaş dostuna baxıb öyrənirdi. Hovuz böyük olduğundan Lalə dərinə getməyə qorxur, yalnız hovuzun bir küncündə üzməyi öyrənirdi.

Bir gün Rəşadla Lalə hovuzda olarkən qəribə bir hadisə baş verdi. Reproduktorla uşaqların məşqçisi Sveta müəlliməni çıxışa çağırdılar. Sveta müəllimə uşaqları yaşca hamıdan böyük olan və yaxşı üzməyi bacaran Mahirə tapşırıb çıxdı. Mahir hovuzun yuxarı başında idi. Lalənin yanında dörd-beş yaşlı balaca oğlan var idi. Bununla neçənci dəfə idi ki, həmin uşaq Rəşad və Lalə ilə bir vaxtda üzməyə gəlirdi. Üzə bilməsə də üzməyi öyrənmək üçün ağ penoplastırdan tutub çapalayır, üzmək öyrənirdi. Çox zəhmətkeş uşaqdı. Adı Seymur idi. Seymur özündən böyüklərə diqqət edir, onlar kimi üzməyə çalışırdı. Hamıdan balaca olduğundan, qrup uşaqları ona xüsusi diqqət yetirirdilər. Hamı bildiyini ona öyrətməyə çalışırdı. O isə məşqçiyə də, uşaqlara da diqqətlə qulaq asır, onlar kimi üzmək istəyirdi.

Birdən Lalə baxdı ki, Seymurun əlindəki penoplastr iki yerə bölündü və o suda çapalamağa başladı. Lalə elə başa düşdü ki, Seymur az da olsa üzüb yaxınlıqdakı ipdən tuta biləcək. Amma birdən Lalə gördü ki, Seymur suyun altına düşür. O, tez səsləyib Sveta müləliməni köməyə çağırdı. Sveta müəllimə isə hovuz ətrafında yox idi. Seymurun yaxınlığında da Lalədən başqa kimsə yox idi. Onda Lalə bir az aralıda üzən Rəşadı köməyə səslədi:

- Rəşad, tez bura gəl, Seymur boğulur.

Rəşad ona tərəf döndü. Lalə qışqıraraq nəsə deyir və suyu göstərirdi. Hovuzdakı uşaqların səs-küyündən Rəşad heç nə başa düşə bilməyib ona belə cavab verdi.

- Başa düşmədim nə deyirsən, gözlə yaxınına gəlim!

Sonra o, Laləyə tərəf üzməyə başladı. Laləni başa düşməsə də, Lalənin həyəcanlı çağırışından nigaran qaldı. Yaxınlaşanda isə Lalənin göstərdiyi yerə baxanda həyəcandan bir anlığa dondu. Seymur yavaş-yavaş suyun dibinə düşürdü. Rəşad dönüb bir Mahir tərəfə, bir də hərəkətsiz suyun dibinə gedən Seymura baxdı. Əgər o Mahiri çağırsaydı, Mahir onu başa düşənə qədər vaxt keçəcək, bəlkə də Seymuru xilas etmək gec olacaqdı. Bunu fikirləşib dərindən nəfəs aldı. Gözlərini bərkdən açıb suyun dibinə baş vurdu. Bir anda Seymurun saçlarından yapışıb onu suyun üzərinə çıxartdı. Lalə də çatıb ona kömək elədi. Seymuru öskürək tutdu. Bir az öskürəndən sonra özünə gəldi. Bəlkə də heç boğulmağın, batmağın nə olduğundan xəbəri olmayan Seymur heç Rəşadla Laləyə -sağ ol» da demədi. Elə bu vaxt Mahir də gəlib çıxdı: «Necəsiniz, uşaqlar»- deyə üzənlərdən soruşdu. Rəşadla Lalə bir-birlərinə baxıb güldülər. Amma Mahirə heç nə demədilər. Onlar öz fədakarlıqlarından çox sevindilər. Heç kəsin Seymurun başına nə gəldiyindən xəbəri olmadı. Bu sirri yalnız Rəşad və Lalə bildi.

Onlar hovuzdan çıxandan sonra əl-ələ tutub atılıb-düşə evlərinə qayıdanda sevincdən elə bil yerimir, uçurdular. Doğrudan da dostlar əsl qəhrəmanlıq eləmişdilər.