Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

admin2

admin2

Пятница, 31 Август 2012 13:01

Əlləri yeyilən tort

İradə Aytel

Əlləri yeyilən tort

(Hekayə)

S
iracın ad günü idi. Anası böyük, qəşəng bir tort bişirdi. Tortun üzü sarı, qırmızı, çəhrayı, ağ güllərlə bəzədilmiş, güllərin ətrafında isə yaşıl rəngli krem yarpaqlar düzülmüşdü. Sirac məktəbə getməsə də,  hərfləri tanıyırdı. Bilirdi ki, bu güllərin arasında adı yazılıb. O, səbirsizliklə qonaqların gəlməsini gözləyirdi. Eyni zamanda, tortun üzərinə düzülmüş şamları dönə-dönə Sübhana göstərir, bu gün onun neçə yaşının tamam olmasını kiçik qardaşına başa salmağa çalışırdı:

- Bax, qaqa, mənim beş yaşım var, ona görə də burada beş dənə şam var.

Sübhan isə balaca, totuq barmaqlarını ha saysa da Siracın yaşını doğru-düzgün göstərə bilmirdi.

 Sirac qardaşını daha yaxşı başa salmaq üçün babasının ona aldığı say çöplərini gətirməyə getdi. Geri dönəndə Sübhanın barmaqlarının rəngli kremlərə bulaşdığını gördü. Sübhan iştahla barmaqlarını yalayırdı. Sirac tez anasını səslədi:

-        Ana, ana, tez gəl, Sübhan tortun üzünü yedi, ana!

Anası mətbəxdən gələndə Sübhan qaş-qabağını tökərək küsmüş halda qardaşına baxdı və anasına:

-        Ana, mən tortun üzünü yemədim, bir bax, orda güllər, qaqamın bular 5 dənə yası – o, barmaqlarının beşini də göstərdi, - hamsı durur. Mən eləcə əllərini yedim, - deyib, tortun kənarlarını göstərərək, şəhadət və baş barmağının ucu ilə tortdan kiçicik bir hissə qoparıb ağzına apardı və marçıltı ilə yeməyə başladı.

Ana hər iki oğlunun üzündən öpərək tortu yenidən kremlədi.

Пятница, 31 Август 2012 11:49

Gülərin nağılları

Hicran-HuseynovaHicran Hüseynova

GÜLƏRİN NAĞILLARI

 ***

Bir dəfə anası Gülərə “Sərçənin nağılı”nı danışır. Diqqətlə qulaq asan qız sərçənin tikanı çörəyə, çörəyi qoyuna, qoyunu gəlinə dəyişdiyinə təəccüblənsə də dinmir. O yerdə ki, sərçə gəlini saz çalan oğlana verib əvəzində saz alır, Gülər dözməyib əsəbiliklə qışqırır: “Ana, gəlin pul deyil axı?”

 

***

Bir gün kiçik qardaşı evi töküb- töküşdürəndə anası deyir:

- Gülər, bəlkə bu oğlanı aparıb qaytaraq, bizi çox incidir?

Gülər təəssüflə:

- Ana, onu daha qaytarmazlar, biz onu yandırmışıq axı, - deyir.

Bu, balaca Əlinin bir həftə əvvəl barmağını elektrik sobasına toxundurub yandırdığına işarəydi.

 

***

Anası Gülərə deyir:

- Gülər, bir həftədən sonra toy olacaq, dəcəllik eləməsən, sakit otursan, səni də toya aparacağıq.

Gülər bir- iki gün toya getmək xətrinə çox intizamlı olur. Bundan istifadə edən anası hər dəfə “toy olacaq” deyib, dolu boşqabları zorla ona yedizdirir. Nəhayət, bir gün yeməyi ən çətin iş hesab edən Gülər boşqabı görən kimi anasını qabaqlayıb qışqırır:

- Ana, mən toya getmək istəmirəm!

 

***

Bir dəfə anası Gülərə yeni bir nağıl öyrədir- Şəngülüm, Şüngülüm və Məngülümün nağılı. Qızcığaz nağılı maraqla dinləyir, ən çox da keçinin mahnısını. Lakin sonda keçinin canavarın qarnını yırtıb balalarını xilas etməsi ona çox qəribə gəlir:

- Ana, daha keçinin balaları əzilib də canavarın qarnında, çıxarıb neyləyəcək?     

 

***

Anası görür ki, Gülər döşəməni xırıltı ilə gəmirib üzə çıxmaq istəyən siçovullardan çox qorxur, odur ki, onu ürəkləndirmək üçün deyir:

- Qorxma, qızım, mən o siçovulların atalarını yandıraram.

- Hə, ana, düz deyirsən, belə möhkəm səs çıxaran elə ataları olar, - deyə Gülər bir az fikirləşib cavab verir.

Пятница, 31 Август 2012 12:38

Günel Almazın nağılları

Gunel AlmazGünel Almaz

Gülümsəyən çiçəklər

Balaca Jalə anasının qucağına oturmuşdu. Avtobusla harasa gedirdilər. Jalənin gözləri pəncərədə idi, gülümsünürdü. Arabir kiməsə əl eləyirdi.

Anası əyilib onun üzündən öpdü:

- Kim var orda? Kimə əl eləyirsən?

- Çiçəklərə, anacan...Onlar məni salamlayır.

Anası pəncərədən baxdı. Yolun kənarı çiçəklərlə dolu idi. Külək əsir, onları sağa- sola yellədirdi.

 

Yarpaq

Yazın nəfəsi hiss olunurdu. Günay bacısından soruşdu:

- Bacı, yarpaqlar hardadır?

- Onlar uçub gediblər.

- Hara?

- İsti ölkələrə...

- Bəs onlar nə vaxt qayıdacaqlar?

- Quşlar qayıdanda...

 

Nağıl və quş

- Babacan, al bu kitabı, mənə burdan bir nağıl seçib oxu- deyə balaca Gülnar babasının əlindən tutub bağa tərəf dartdı.

- Gedək-  babası onun bu istəyini təbəssümlə qarşıladı.

Onlar bağa düşdülər. Bir ağacının kölgəsində oturdular. Baba bir nağıl seçib oxudu. Gülnara elə gəldi ki, bu onun indiyə kimi eşitdiyi ən maraqlı nağıldır:

- Babacan, nə maraqlı nağıldır. Xahiş edirəm, mən yatanda yenə bu nağılı oxuyarsan.

Elə bu vaxt külək kitabın vərəqini yerindən oynatdı. Vərəq havada uçub ağacın yarpaqlarına qondu. Gülnar hirsləndi:

- Küləyə bax eeee -   hirslə vərəqi götürmək üçün yuxarı dartındı. Birdən gördü ki, vərəqin düşdüyü yerdə bir quş yuva qurub. Bunu görən Gülnar nə fikirləşdisə geri çəkildi:

- Babacan, vərəqi götürməyək. O nağılı onsuz da mən bilirəm. Qoy ana quş onu balalarına oxusun...

 

Payız

Payız gəlmişdi. Yağış çiskinləyirdi. Balaca Aydan pəncərədən baxdı. Yağış damlaları asfalt küçələrdə, avtomobillərin üstündə bərq vururdu.

- Anacan, yay nə vaxt gələcək?

- Qızım, məgər payızı istəmirdin?

- İstəyirdim, amma görürsən, anacan, asfaltın gözləri dolub. Bir azdan yağış ağladacaq küçələrimizi. Yay gəlsəydi günəş asfaltın göz yaşını qurudardı.

 

Səbət

Payız    idi. Bağda meyvələr göz oxşayırdı. Nərgizin babası meyvələri səbətlərə yığırdı. Nərgiz həvəslə babasına yanaşdı:

- Səbətin birini mənə ver, babacan, sənə kömək edim.

- Yox, mənim balam, səbətlər çox iridir, sənə ağır olar.

Nərgiz ağlamsındı. Babası onun qəlbinə dəyməmək üçün nisbətən kiçik səbəti qıza uzatdı:

- Yaxşı, al bunu. Yorulanda deyərsən.

- Yorulmayacağam, babacan.

Onlar evə tərəf bir xeyli getdilər. Nərgiz arabir dayanır, səbəti yerə qoyur, nəfəsini dərirdi. Babası gülümsündü:

- Mənim balam, bəs deyirdin yorulmaram?

- Yorulmamışam, babacan. Sadəcə səbətlər getdikcə ağırlaşır.

 

Şeh

Bir gün kəpənək çiçəyin üstündəki şehi içmək istəyirdi ki, qarışqa otların arasından boylanıb dedi:

- Ey, zərli qanad, sən neyləyirsən? Bu şeh mənimdir.

- Yox, mən şehi səndən əvvəl gördüm.

Onlar mübahisə eləyəndə şeh damlası ləçəkdən sürüşüb torpağa düşdü. Qarışqa ilə kəpənək peşman- peşman bir- birilərinə baxdılar. Şeh damlası onların gözünə köçmüşdü.

 

Karandaş

Qələm qabında çoxlu karandaş var idi. Onların içində biri köhnə və çox balaca idi. Qəşəng, rəngli, istifadə olunmamış  karandaşlar  həmişə bu balaca, köhnə karandaşa gülürdülər:

- Ey, xəbərin var, sən çox köhnəlmisən? Səni o qədər yonublar ki, bapbalaca qalmısan. Bir də baxacaqsan ki, zibil yeşiyindəsən. Sən heç kimə lazım deyilsən.

Balaca karandaş  ağlamsındı, gözləri doldu, qələm qabından çıxdı. Diyirlənib stolun kənarındakı kitabın bir küncünə qısıldı.

Elə bu vaxt qapı açıldı. Karandaşlar tez səslərini kəsdilər. Otağa gələn Aysel və babası idi. Babası məşhur rəssam idi. Aysel babasının emalatxanasına girib onun çəkdiyi şəkillərə baxmağı çox sevərdi. Aysel indi də şəkillərə heyranlıqla baxır, ona maraqlı gələn şeylərin hamısını birnəfəsə soruşurdu.

- Mənim balam, mən bütün bu tablolarımı, gözəl rəsmlərimi bu karandaşla çəkmişəm, ona görə mənə hamısından qiymətli və doğma budur- deyərək həmin o kiçik, yonulmuş karandaşı göstərdi. Sonra karandaşı əlinə götürüb otağın ən gözəl yerinə qoydu.

Bir azdan Aysel babası ilə çıxıb getdilər. Karandaşlar isə susmuşdular... 

 

Yuva

Fidan babası ilə bağda gəzirdi. Ağacdakı yuvaları göstərib soruşdu:

- Baba, o yuva quşlar üçün darıxır?

- Əlbəttə, bala...

- Quşlar da yuvalar üçün darıxır?

- Yəqin ki...

- Bəs onda quşlar isti ölkələrə gedəndə niyə yuvalarını özləri ilə aparmırlar?

Fidan ağaca yaxınlaşıb yuvaya tərəf dartındı. Yuvanın içində balaca bir armud var idi. Güman ki, dünənki külək ağacdakı  armudu budağından üzüb bura atmışdı.

- Baba, bax...Bu yuva quşların meyvə payını saxlayıb...

 Baba gülümsündü. Fidan əlavə etdi:

- Bəlkə meyvə özü gəlib ki, quşlar gələnə qədər yuva boş qalıb üşüməsin?

 

Buğda

Bir gün sərçə ilə qarışqa buğda dənəsi tapırlar. Sərçə deyir:

- Gəl, yarı bölək, böyük hissəsi mənim, kiçik hissəsi sənin olsun.

Qarışqa razılaşmadı:

- Yox, böyük hissəsi mənim olsun!

Başladılar mübahisə etməyə. Dovşan onların söhbətini eşitdi:

- Dəni torpağa basdırın.

Elə də etdilər. Yazda sünbül bitdi. Qarışqa torbasını buğda ilə doldurdu, sərçə də yedi- yedi qurtarmadı.

 

Ay və Ayı

Gecə idi. İki ayı balası gölün kənarında oturmuşdu. Ay və ulduzların əksi gölə düşmüşdü. Biri o birisinə dedi:

- Gəl, ulduzların yarısını evə aparaq. Evimiz gecələr qaranlıq olmasın.

Vedrəni gölə atdılar ki, ordakı ulduzları yığsınlar. Baxdılar ki, ay da vedrədədir. Sevindilər. Ay və ulduzların əksi vedrədəki suyun üzündə titrəyirdi. Ayı balası o birisinə dedi:

- Ehtiyatlı apar vedrəni. Su dağılar, ay vedrədən sürüşüb düşər.

 

Su

Balaca qız pəncərəyə yanaşdı. Əlində su ilə dolu stəkan var idi. Bir az içdi. Həyətə baxdı, hava çox isti idi. Pəncərəni açdı. Sudan bir az dibçəyə tökdü. Çiçəyin yarpaqlarını barmaqları ilə oxşadı.

Axşam yatmağa hazırlaşırdı. Örtmək üçün pəncərəyə yaxınlaşanda orada stəkanı gördü. Amma stəkan boş idi.

- Anacan, burdakı suyu sən boşaltmısan?

- Yox, qızım.

- Qəribədir. Axı mən stəkanı bura qoyanda içində su var idi.

- Yəqin, hava isti olduğundan buxarlanıb.

Qız gülümsündü:

- Deməli mənim suyumu günəş içib...

 

Qar dənəsi

Qar dənəsi darıxırdı. Qərara gəldi ki, bir az uçsun. Uçdu, uçdu...Bir ağacın budağına qondu. Budaqda bir yarpaq qalmışdı, külək bir azdan onu qoparıb torpağa atdı. Qar dənəsi həmin budağa qonub dedi:

- İstəyirsən sənin yarpağın olum?

Budaq eşitmədi, çünki çoxdan qış yuxusuna getmişdi. Yuxuda yaşıl yarpaqları və çəmənlikləri görürdü. Görürdü ki, zərif meh yarpaqların üstündə yeriyir. Yarpaqlar sevinc içində xışıldayır.

Qar dənəsi gördü ki, budaqdan səs çıxmır, bir budaq da aşağı endi.

- İstəyirsən sənin çiçəyin olum?

Bu budaq da cavab vermədi. Çünki o, yuxarıdakı budağın yuxusunda idi.

Qar dənəsi torpağa endi. Dedi:

- İstəyirsən sənin çiçəyin olum?

Torpaq razılaşdı, qar dənəsinin üzündən öpdü. Beləliklə, qar dənəsi bütün qışı orda qaldı. Yaz gələndə onun yerində qarçiçəyi bitdi...

Пятница, 31 Август 2012 14:02

Plastilin tülkü

Eyvaz Zeynalov

Plastilin tülkü

(Nağıl)

E
lşən hələ lap balaca idi. Nə qardaşı vardı, nə də bacısı. Bütün günü evdə tək qaldığına gö­rə bərk darıxırdı. Bir dəfə atası ona bir qutu plastilin aldı.

- Oğlum, - dedi, - istəyirsən sənə plastilindən cürbəcür fiqurlar, oyuncaqlar dü­zəltməyi öy­rə­dim?

- İstəyirəm, ata, - Elşən sevindi.

- Onda de görüm əvvəlcə nə düzəltməyi öyrədim?

- Balaca bir cücə... - Elşən cücələri babasıgildə görmüşdü. Çox xoşuna gəl­miş­di. 

Atası Elşənə plastilindən cücə düzəltməyi öyrətdi. Diqqətlə atasının əlinə ba­xan Elşənə elə gəldi ki, bu, çox asan bir işdi. Tez plastilinləri qabağına çəkib işə baş­ladı. Bütün günü çalışıb-vu­ruşdu. Axırda kor-kobud, qıçları əyri-üyrü, eybəcər bir cücə düzəltdi. Amma görəydiniz necə sevinirdi! Şadlığından atılıb-düşür, yerə-göyə sığmırdı. Atası oğlunun sevincinə şərik oldu, onu o ki var təriflədi. Elşən də həvəsə dolub çoxlu cücə düzəltdi. Onlar yavaş-yavaş əsl cücələrə oxşa­dı­­lar. Elə qə­şəng, rəngbə­rəng, sevimli idilər ki!..

Elşənin düzəltdiyi plastilin cücələri anası da bəyəndi. Amma o saat da soruş­du:

- Bəs bunların anaları hanı?..

Elşən bilmədi nə cavab versin. Atasının üzünə baxdı. Atası dedi:

- İndi biz bir anac toyuq da düzəldərik. O da cücələrimizin anası olar.

Ata-bala vaxt itirmədən işə başladılar. Tez bir zamanda plastilindən yaraşıqlı bir toyuq dü­zəltdilər. Elşən balaca, rəngbə­rəng cücələri onun böyür-başına düzüb anasını çağırdı.

- Hə, ana, bax gör cücələrimizin anası xoşuna gəlir?

- Xoşuma gəlir, oğlum, - anası onların işini təriflədi. - Amma bilirsən indi nə çatmır?

- Nə çatmır? - Elşən soruşdu.

- Xoruz, - anası dedi, - axı onları kimsə qorumalıdı.

Ata-oğul plastilinləri təzədən ortaya tökdülər. Əlləşib-vuruşub bir xoruz da dü­zəltdilər. O əsl xoruza oxşayırdı. Qıçları uzun, hündür, dimdiyi iti, pipiyi dilikli, qıpqırmızıydı...

Elşən bir müddət plastilin xoruzu, toyuq-cücələri ilə oynadı. Təklikdən darıx­ma­dı. Amma axırda cansız oyuncaqlar onu bezdirdi. Atasına de­di:

- Mən istəyirəm onlar doğruçu olsun...

- Necə doğruçu, oğlum? - Atası başa düşmədi.

- Doğruçu də. Xoruz kənddə, babamgildə gördüyüm xoruz kimi banlasın, to­yuq toyuq kimi qır­tıl­dasın, cücə­lər də civildəyib ora-bura qaçsınlar.

- Axı bunlar plastilindilər, oğlum.

- Neyniyim, neyniyim!.. - Heç nə eşitmək istəməyən Elşən ayaqlarını yerə dö­yüb ağladı.

Atası bilmədi onu necə sakitləşdirsin. Başından eləmək üçün dedi:

- Yaxşı, oğlum, bu gecəni də yat, dur, plastilin toyuq-cücələriyin hamısı doğ­ruçu olacaq.

- Xoruzum da?.. - Elşən inamsız soruşdu.

- Xoruzun da, - atası inandırdı. Fikirləşdi ki, yatıb durar, hər şeyi yaddan çı­xar­dar. Lakin be­lə olmadı...

Elşən səhər yuxudan xoruz banına oyandı. Göz­lərini ovub o biri otağa qaçdı. Möcüzə baş ver­mişdi. Plastilin oyuncaqlar gecə dönüb əsl, doğruçu xoruz, toyuq-cücələr olmuşdu. Otağı on­la­­rın səs-küyü, qaqqıltısı başına götürmüşdü. Elşən tez ata-anasını çağırdı. On­lar da gəlib bu işə mat qaldılar.

Elşənin sevincinin həddi-hüdudu yox idi. Ancaq atasını fikir götürmüşdü. Axı toyuq-cücə­ləri saxlamaq üçün yer tap­malıydı. Çox baş sındırandan sonra onlara bal­konun bir kün­cündə yer düzəltdi...

Hə, uşaqlar, yəqin soruşacaqsınız ki, bəs sonra nə oldu? İnanın ki, mən bu nağılı pis son­luqla bitirmək istəmirdim. Am­ma burda mənim heç bir günahım yoxdu. Elşənin xoruzu, to­yuq-cücələri o vaxta qədər xoşbəxt ya­şa­­­dı­lar ki, o, plastilindən tül­kü dü­zəltməyi öyrəndi...

Пятница, 31 Август 2012 14:00

Ən qiymətli

Eyvaz Zeynalov

Ən qiymətli

(Hekayə)

M
aşını işə salanda qonşusu Arif çəpərin o tərəfindən haray­la­dı:

- Nədi, Əhməd, yenə nə vurhavurdu? Yoxsa ermənilər müdafiəmizi Ermənilərin kəndə atdığı ilk mərmi Əhmədin tövləsinin bir tə­rəfini, ya­nın­da­­kı to­­­yuq hinini uçurtdu. Ətrafa səpələnən qəlpələr tut ağacının altında köl­­gələ­nən ula­ğı yaraladı, tax­tapuş­da şaqqıldadı, pəncərələrin şüşələrini cilkələ­di...

İkinci, üçüncü mərmi kəndin ayağında partladı. Bircə anda aləm bir-birinə dəy­­­di. Ar­vad-uşa­­ğın çığırtısından, mal-qaranın böyürtüsündən, itlərin hürüşün­dən, to­yuq-cücənin qaq­qıl­tısın­dan qulaq tutulurdu...

Əhməd tələm-tələsik əynini geyindi. Qızının qolundan yapışdı. Qorxudan öz­­lə­­rini itirə­rək ka­rıxıb qalmış arvadını, oğlunu tələsdirdi:

- Qaçın minin maşına!..

Qəlpələrin dəlik-deşik etdiyi uzunqulaq tut ağacının altında əzabla qıvrılır­dı. Dəh­şətdən göz­­ləri hədəqəsindən çıxmışdı.

yarıb­lar?..

- Hə, atan rus tanklarıdı, - Əhməd təsdiqlədi.

- Ayə, bizim uşaqları qoyub getmə!.. - Arif dedi.

- Tez tərpənin, küçədə gözləyirəm!.. - Əhməd qonşusunu arxayın saldı.

Neçə gündü kəndin yuxarı başında, çöldə erməni-rus birləşmələri ilə bizim­ki­lər ara­sın­da qan­lı döyüşlər gedirdi. Səhər xəbər gətirmişdilər ki, düşmən tərəf ye­ni qüv­və­lər hesabına daha da güc­lənib, bizə dov gəlməkdədi. Kənd camaatı sək­­səkə için­­dəydi...

Əhmədin arvadı bəd xəbəri eşidən kimi öz aləmində çəkidə yüngül, qiy­mət­də ağır, də­yər­li ev əşyalarının hamı­sını maşına yüklətmişdi. Bir çöpünü də yer­də qal­ma­­ğa qoymazdı, la­kin in­sa­fı yol vermirdi. Axı böyür-baş­dakı qo­num-qon­şunun ar­vad-uşağı da gözünü ərinin “Qaz-53”-nə dik­­­­­­miş­di...

Əhməd darvazanı taybatay açıb maşını genişliyə sürdü ki, qonşu-qonum gə­lib min­sin. Ar­vad­ların hərəsinin qoltuğunda neçə bağlaması vardı. Heç kimi qı­namaq ol­mazdı. İllər boyu əzab-əziyyətlə qazandığını bir göz qırpımında atıb get­mək asan mə­sələ deyildi...

Arvad-uşaq dişi-dır­nağı ilə cırmaqlaya-cırmaqlaya maşının üstünə dırma­şır­dı. Baş­­qa vaxt yə­­­qin ki, Əh­məd onların nazı ilə oynamalı olardı...

Maşının banında zığıldaşan uşaqlarını sakitləşdirən arvadlar başqalarını nə­zə­rə almadan Əh­mədi tələsdirirdilər.

- Nooldu, qardaş, maşını sürsənə!..

Əhməd onları yaxşı başa düşürdü. Amma bu dar ayaqda ona ümidi, pənahı ki­mi baxan həm­­kəndlilərindən kimsəni düşmənin cəngində qoyub gedə bil­məz­­di.

Nəhayət, hamı yerbəyer oldu. Əhməd sükan arxasına keçməzdən əvvəl geri qan­­rı­ldı. Qa­pı­sı­nı belə örtmədiyi ev-eşiyinə, həyət-bacasına uzun-uzadı nəzər sal­dı. Ancaq do­lan göz­lə­rini ka­bi­nada onunla yanaşı oturmuş arvad-uşağından giz­lətdi...

Maşını təzəcə yerindən dəbərtmişdi ki, nəsə xatırlayan qızı birdəncə qolun­dan yapı­şıb bərk-bərk silkələdi:

- Saxla, ata, saxla!..

Əhməd tez əyləci basıb soruşdu:

- Nə olub, qızım?..

Qızcığaz heç nə demədən qapını açıb özünü yerə atdı. Bir göz qırpımında qa­çıb evə gir­di. Hamı özünü itirmişdi.

- A kişi, niyə gözünü döyürsən?.. - Arvadı Əhmədin böyrünü dürtmələdi. - Düş aşağı, gör uşaq hara getdi də!..

Əhməd maşından düşüb uşağın dalınca götürüldü...

Hamı qorxu və həyəcanla gözləyirdi. Atışma səsi isə yaxınlaşmaqdaydı.

Bir azdan Əhməd qaça-qaça geri qayıtdı. Qızı da qucağında idi.

Maşın təzədən yerindən tərpənəndə anası ağzının odunu qızının üstünə tök­dü:

- Az, bu nə oyundu çıxardırsan, ay canı yanmış?..

Yerində rahatlanan qızcığaz handan-hana özünü doğrultmaq üçün evdən gö­tür­­düyü çan­­­ta­sı­nı, kitab-dəftərini göstərib:

- Axı, mən sabah məktəbə kitab-dəftərsiz necə gedəcəydim, ana?.. - dedi.

Qızının haqlı olduğunu görən anasının istər-istəməz dodağı qaçdı. Demə, ən qiy­­mətli şeyi götürmək yaddan çıxıb­mış...

Пятница, 31 Август 2012 12:56

Barışdılar

Eyvaz Zeynalov

Barışdılar

(Hekayə)

O
nlar ana-bala dayanacaqda avtobusu gözləyirdilər. Böyür-başdakı adam­la­rın qı­nağından çəkinən qızcığaz səsini içinə salaraq astadan zığıldayırdı. 

- Ana, apay də, nə olay...

- Yaxşı, qurtar... - Bezmiş ana onu sakitləşdir­məyə çalı­şır­dı.

- Axı söz veymişdin… - Birdən qız anasına öz vədini xatırlatdı. Məsələ də elə bundaydı. Qızcığazı verdiyi sözün ağası olmağa öyrətmişdilər. İndi isə...

- Zəhləmi tökmə, söz vermişdim, verməmiş olum. Böyük şeymiş!.. - Höv­sə­lə­si daralmış ana başını itirmişdi. Nə dediyinin fərqində deyildi...

Elə bu zaman avtobus gəldi. Ana avtobusa tərəf addımladı. Qız ayaqlarını ye­rə döyüb tərpənmədi.

- Getmiyəm!.. Getmiyəm!..

Ana qayıdıb onu arxasınca dartdı. Ətəyindən tutub sürünəndə əməllibaşlı tın­cıx­dı. Çönüb əlinin üstünə kök bir şillə çəkdi. Qız balaca yumruqlarını göz­lə­ri­nə bas­dı. Elə bil gözlərinin yaşı ovcundaydı, sıxıb tökdü…

Boş oturacaqlardan birində əyləşdilər. Ana təzədən qızına təpindi:

- Kiri, daha bəsdi!..

İçin-için ağlayan qızcığaz heç cür ovunmaq bilmirdi. Anası “kiri” dedikcə da­ha artıq kövrəlirdi. Anasının öz vədini yerinə yetirməməsi, üstəlik haqqını tə­ləb edən­­də onu cəzalandırması qızcığazın qüruruna bərk toxunmuşdu...

Qabaqda əyləşmiş yaşlı, nurani bir qadın arxaya, onlara tərəf çöndü.

- Ağlama, qızım. Belə qəşəng qız da heç ağlayarmı?..

Qızcığaz başını yana döndərdi. Ayrı vaxt olsaydı anasına sığınardı. İndi də əv­­­­­­vəlcə ona sarı əyildi. Sonra xatırladı ki, elə anasından küsüb.

Anasının dodaqları qaçdı. Qadın da gülümsədi. Qız daha da bərkitdi. Ana özü­­­nü o yerə qoymasa da artıq qızının könlündən keçənləri duyurdu. Bir yolla səh­vi­ni etiraf etməsə sakitləşməyəcəkdi. Buna isə cəsarəti çatmır, ehtiyatlanırdı. Qor­xur­du ki, sonra qızının ayağı yer alar, yumşalmasını başqa cür qiymətlən­di­rər.

- Niyə ağlayır?.. - Qadın bu dəfə anasından soruşdu.

- Bilirsiniz, qonşunun qızı bu ildən məktəbə gedir. Dirəndi ki, gərək məni də apa­rasan. Amma yaşı düşmür. Dilim dinc durmadı, başımdan eləmək üçün dedim, son­ra apararam. İndi də əl çəkmir ki, söz vermisən…

Qadın qızcığazın ipək kimi yumşaq saçlarını sığalladı.

- Yaxşı, qızım, bir de görüm neçə yaşın var, hə?..

Qızın əvəzinə anası cavab verdi:

- Hələ heç beş də tamam deyil…

- Belə dee… - Qadın mənalı-mənalı gülərək təzədən qızcığazın saçlarını tu­mar­­ladı.

Qız göz yaşları içində özünü doğrultmağa çalışdı:

- Pa, Dilşadın da boyu elə mənimki kimidi də. Qollayı hələm mənimkindən də gö­­dəkdi. - Arıq qollarını göstərdi.

- Dilşad kimdi, balası?..

- Qonşunun qızıdı. - Anası dedi.

Qadın ciddiləşdi.

- Yox, qızım, iş boyda deyil. Sən axı ağıllı qızsan, gərək belə şeyləri başa dü­şə­sən. Uşaqları məktəbə yaşa görə götürürlər. Əgər oxumağa, doğrudan da, be­lə hə­­vəsin varsa, anan “Əlifba” kitabı alıb səni evdə də öyrədə bilər...

Anası vəziyyətdən çıxış yolu tapmış kimi sevincək qadının sözünə qüvvət ver­­di:

- Mən buna razıyam, qızım. Bax, elə indicə evimizin altındakı kitab mağa­za­­sın­­dan sənə bir “Əlifba” kitabı alaram. Birlikdə məşğul olarıq. Yaxşımı?.. - Onu şəf­­qətlə özünə sıxdı. - Hə, di hansı əlinə vurmuşam gətir öpüm, barışaq.

Qızcığazın sol əlini dodaqlarına qaldırdı. O, geri çəkib sağı uzatdı. Anası onu vur­­muşdu…

Пятница, 31 Август 2012 13:49

Bahalı şokolad qutusu

Eyvaz Zeynalov

Bahalı şokolad qutusu

(Hekayə)

H
ə, əzizlərim, sizə bahalı bir şokolad qutusunun başına gələn qəribə əhva­latı danışacağam. O bayram münasibəti ilə şirniyyat fabrikində doldurulmuş ən gözəl, ən bahalı şokolad qutularından biriydi. Balaca, qəşəng bir qızın ad gününə alıb gətirmişdilər...

Qonaqlar hələ dağılışmamışdılar. Ad günü keçirilən balaca, qəşəng qız gözdən oğurlanıb hədiyyələr olan otağa keçdi. Cürbəcür şokolad, konfet qutularının arasında bahalı şokolad qutusu nəzərini daha artıq cəlb etdi. Tez qapağını açdı. İçindəki şokoladlardan birini götürüb yedi. Çox dadlı, ləzzətliydi...

Qız elə bildi ki, şokolad qutusunu görən kimi ata-anasının da ağzının suyu axacaq. Amma valideynləri qızın hərəkətini bəyənmədilər. Onlar tamam başqa fikirdəydilər. Anası bahalı şokolad qutusunu tərifləyə-tərifləyə dedi:

- Bir məclisin yaraşığıdı. Dost-tanışa pay apararıq, üzümüzü ağardar...

Atası qutunu o tərəf-bu tərəfinə çevirdi, altına baxdı. Saxlama müddəti yazılmış yazı yaxşı oxunmurdu. 

- Bəlkə köhnədi, - dedi, - çox saxlamaq olmaz?..

- Filankəslər bizə köhnə şokolad gətirməzlər, - anası dedi.

Sonra qutunun içindəkilər tərpənib səs-küy salmasın deyə nisbətən ucuz şokoladlardan bir dənəsini qızın yediyi bahalı şokoladın yerinə qoydular. Ağzını əvvəlki kimi səliqə ilə yapışdırdılar. Açıldığı qətiyyən bilinmirdi...

Günlərin bir günü bahalı şokolad qutusunu təzə mənzilə köçmüş dostlarının evgörməsinə apardılar...

Bax, elə həmin gündən də bahalı, qəşəng şokolad qutusunun qara günləri başlandı. Ev-ev gəzir, əldən-ələ keçirdi. Hər dəfə də gözləyirdi ki, ucuz konfet qutuları kimi onun da ağzını açacaq, içindəki dadlı şokoladları ləzzətlə yeyəcəklər. Lakin bahalı olduğuna görə heç kəsin buna əli gəlmirdi. Ötür-ötürə salmışdılar. Təkcə ona bükülən qəzet və kağızlar, torbalar dəyişirdi...

Artıq soyuducuların da köməyi dəymirdi. Şokoladlar yavaş-yavaş keyfiyyətini itirib qurtlamağa başlamışdı. Bahalı şokolad qutusu indi onu evdən-evə ötürən, hər şeydən xəbərsiz adamların əvəzinə xəcalət çəkirdi. Onların üzünü ağarda-ağarda özü üzüqara olmuşdu...

İş elə gətirdi ki, bahalı şokolad qutusu tamam başqa bir rayona, başqa bir şəhərə səyahətə çıxdı. Amma onu oralarda da dinc dayanmağa qoymadılar...

Bahalı şokolad qutusu hərlənib-fırlanıb günlərin bir günü təzədən geri qa­yıtdı. Əvvəlki rayona. Hətta əvvəlki evə...

O vaxtdan düz bir il keçmişdi. Balaca, qəşəng qız bir yaş böyümüşdü. Bahalı şokolad qutusu saysız-hesabsız evlər, müxtəlif markalı soyuducular gəzmiş və yenidən həmin qəşəng qızın ad gününə gəlmişdi...

Qız bahalı şokolad qutusunu görən kimi tanıdı. Qaçıb anasına dedi:

- Ana, xəbərin var, bizim şokolad qutusu qayıdıb!..

Valideynləri bu işə mat qaldılar. Nəhayət, qutunu açdılar. Təəccüblü idi, qurtlar bahalı şokoladların hamısını gəmirib yemiş, bircə sonradan qoyulmuş ucuz şokolada dəyməmişdilər. Demə, onlar da ağızlarının dadını bilirmiş...

Пятница, 31 Август 2012 13:48

Baba və nəvə

Eyvaz Zeynalov

Baba və nəvə

(Hekayə)

b
aba nəvəsi ilə şəhərə gedirdi. Babanın ağlı itiydi, nəvənin gözləri. Bir də qu­laq­ları. Yolun kənarındakı ağacın yanından ötəndə nəvə səs eşidib ayaq saxladı. Yu­vasından düşmüş ətcəbala bir quş otluqda çırpınır, civ-civ civildə­yir­di.

Nəvə quş balasını ehtiyatla əlinə götürüb babasına göstərdi. Baba bir quş ba­la­sı­na baxdı, bir ağacdakı yuvaya, başını buladı:

- Yaman yerdə axşamladıq, bala. İndi biz neyniyək?..

- Necə neyniyək, ay baba? - Nəvə heç nə başa düşmədi.

- Bu saat anası xəbər tutub vay-şivən qopardacaq. Balanı tez qaldırıb yu­va­sı­na qoy­maq lazımdı. Mən də ki, qoca kişi, ora necə dırmaşım?..

Nəvə məsələni anladı.

- Bəs mən burda nəyəm, ay baba?.. - dedi.

Bir göz qırpımında pişik kimi ağaca dırmaşdı. Bala quşu yuvasına qoy­du. Sü­­rüşüb aşağı düşdü.

Baba fəxrlə nəvəsinə baxıb dərindən köksünü ötürdü və yola düzəldi. Nəvə ar­­xadan ona çatıb soruşdu:

- Niyə köksünü ötürdün, baba?..

- Ötən günlərim, cavanlığım yadıma düşdü, bala. Bir vaxt mən də sənin kimi bu­daqdan-budağa atlanardım. Heyf o günlərdən!..

Bir azdan onlar kəndin kənarındakı avtobus dayanacağına çatdılar. Burda xey­li adam vardı. Onlar babanı görən kimi hörmətlə ayağa qalxdılar. Ehtiramla baş əy­di­lər. Hətta neçə nəfər yaxınlaşıb qoca ilə əl tutdu, əhvalını xəbər aldı.

Avtobus gəldi. Babanı irəli buraxdılar. Sürücü də onu gülərüzlə qarşıladı…

Şəhərə çatanda cavanlar avtobusdan düşməkdə babaya kömək etdilər...

Avtobus təzəcə uzaqlaşmışdı. Nəvə babasını həsədlə süzüb dərindən köksü­nü ötür­dü. Bu, babanın nəzərindən yayınmadı.

- Niyə köksünü ötürdün, oğul balası?

- Mən də sənin kimi qoca olmaq istərdim, baba.

Baba bığaltı qımışdı.

- Qocalıq nəmənə şeydi ki, ondan yana ürəyin atlanır, bala?

- İstəyirəm mənə də hamı hörmət etsin, baba.

- Həə, məsələ aydındı. - Baba saqqalını sığalladı. - Amma sən bir şeyə yax­şı fi­­kir verməmisən, bala. O avtobusda məndən də qocaları vardı. Mənə yalnız qo­ca­lı­­ğıma görə hörmət etmirlər. Xətir-hörməti insana qocalıq gətirmir. Onu il­lər uzunu xe­yirxah əməllərinlə özün qazanmalısan. Odu ki, qocalmağa tələsmə. İstəsən də, is­­tə­məsən də vaxtı çatanda o özü gəlib səni tapacaq…

Пятница, 31 Август 2012 12:40

Uzun adamın hekayəsi

Əfsanə Laçın

Uzun adamın hekayəsi

A
ylar keçir, il dolanır, yeni nağıllar yaranır. Bu nağılların içindən ən gözəlin seçərəm, sizə nağıl biçərəm.

Yer planetində bir adam yaşayarmış. Bu adam planetin bütün adamlarından uzunimiş. Hər kəs onu “Uzun adam”deyə çağırardı. Uzun adam çox qaraqabaq, kobud, qaradinməz idi. Hətta o öz bircə oğluna belə sevgisini göstərə bilmirdi. Hər kəs, həmçinin oğlu da ondan qorxurdu. Amma heç kim duymasada o qəlbən çox saf insan idi.

Həyat öz axarında gedirdi. Günlər növbə ilə bir-birini yola salırdı. Belə günlərin birində “Uzun adamın”oğlunun ad günü idi. O, oğluna öz sevgisini hiss etdirmək üçün ona dünyanın ən gözəl hədiyyəsini bağışlamaq istəyirdi.

Gecə düşmüşdü. Səmaya saysız-hesabsız ulduzlar düzülmüşdü. Səma aşsüzənə bənzəyirdi ”Uzun adam” dağın zirvəsində oturub, oğluna nə hədiyyə edəcəyi barədə düşünürdü. Birdən ağlın nə isə gəldi, cəld ayağa qalxdı. Cibindən bir torba çıxarıb, göydəki ulduzları yığmağa başladı. Hər tərəf zülmətə qərq oldu. ”Uzun adam”evə tərəf yollandı. Yamanca sevinirdi. Yolda gedərkən qaranlıqda yolunu azan adamın, bataqlığa, quyuya düşən adamların təlaş dolu səslərini eşitdi. Onlar qışqırırdılar ki, ətrafdakılar səslərini eşidib köməyə gəlsinlər.

Sonra başını göyə qaldırıb, gördü ki, ”Ay”tək qaldığı üçün göz yaşı tökür.

Uzun adam kədərləndi, məyus halda evə qayıtdı. Elə bil ki, Uzun adamın ürəyi yumşalmışdı. O, oğıunu yanına çağırıb, onu öpüb, qucaqladı. Hədiyyə gətirə bilmədiyi üçün oğlundan üzr istədi. Oğlu isə sevinir, atılıb-düşürdü. Balaca gözlərindən sevinc yağırdı.

Uzun adam təəccüblə soruşdu: - Sən nə üçün sevinirsən?Axı mən sənə hədiyyə gətirməmişəm?!

Uşaq dedi:Sən məni ilk dəfədir ki, öpüb, bağrına basırsan. Mən bu günü çox gözləmişəm atacan. Bu mənim üçün dünyanın ən böyük hədiyyəsidir. Uşaq bu sözləri deyib, toppuş qolları ilə  atasını yenidən qucaqladı. Oğlunun sözləri Uzun adamı yamanca kövrəltmişdi. Birinci dəfə idi ki, onun gözlərini yaş yuyurdu.

Пятница, 31 Август 2012 11:36

Sehrbaz

Əfsanə Laçın

Sehrbaz

A
ylar keçir, il dolanır, yeni nağıllar yaranır, bu nağılların içindən ən gözəlin seçərəm, sizə nağıl biçərəm.

Möcüzələr ölkəsində bir Sehirbaz yaşarmış. O, öz sehirləri ilə həm özünün, həm də ölkəsinin hər istəyini yerinə yetirirdi. Sehirbaz çubuğunu yellətməklə qurdu quzuya, dəvəni filə çeviri, hətta fikirləri də dəyişə bilirdi. Hər kəs ona həsəd aparır, onun kimi olmağı arzu edirdi. O özü də Möcüzələr ölkəsinin bütün sakinlərinəhəsəd aparırdı, çünki ondan başqa hər kəsin ailəsi, dostları var idi. O, arzulayırdı ki, ailəsi olsun. Ancaq o nə qədər etsə də sehrinin köməyi ilə buna nail ola bilmir, özünü aciz hesab edirdi.

Bir gün Sehirbaz çəmənlikdə gəzirdi. O, çox kədərli və məyus görünürdü. Özünü çox bədbəxt, tənha hiss edirdi. Sehirbazın gözündən bir damla yaş “ağ çiçəyin”ləçəyinə düşür. Sehirbaz göz yaşlarını gizlətmək üçün əlləri ilə üzünü tutur. Üzünü açanda nə görsə yaxşıdı?!Sehirbaz gördü ki, damla gözəl bir qıza çevrilib. O, çox heyrətlənmişdi, həm də sevinirdi.

Sehirbaz Damlanı görən kimi ona vurulur. Damla bir göz qırpımında çəmənlikdən yox olur. Sehirbaz onunla danışmağa belə macal tapmır. O Damlanın hara yox olduğunu başa düşmürdü. Nə qədər sehr etsə də onu tapa bilmir, əzab çəkirdi.

Bir gecə Damla Sehirbazın yuxusuna girir. O, Sehirbaza deyir: - Əgər mənim qayıtmağımı istəyirsənsə, ilk növbədə özünü mənə sevdirməlisən. Sehirbaz deyir: - Səni görmədən bunu necə edəcəm?! Damla deyir: - Bax, bunun yolunu sən özün tapmalısan.

Sehirbaz yuxudan oyanır. Özünü Damlaya sevdirmək üçün min cür sehr edir. Amma istəyinə nail ola bilmir. Sehirbaz düşünür ki, əgər həyatda onun üçün ən vacib olan bir şeyi sehr vasitəsi ilə əldə edə bilmirsə, sehirbazlıq onun nəyinə lazımdır?! Bu niyyətlə də o, sehirbazlığın daşını atıb, adi insanlar kimi yaşamağa başlayır. Bütün ölkəni gəzib, Damlanı axtarır. Amma tapa bilmir. Sehirbaz kor-peşman evinə qayıdır. O hər gün bağçada bir ağ çiçək əkir, bir gün Damlanın qayıdacağına inanır. Bir il keçir, bağçada milyonlarla ağ çiçəklər boy atır. Hər kəs Sehirbazın Damlaya olan məhəbbətindən, əkdiyi çiçəklərdən danışır. Damla Sehirbazın sevgisinə inanır və onun yanına getməyi qərarlaşdırır. Həm də o insanların ağızdolusu danışdığı bağçanı görməyə tələsirdi.

Damla qayıdır. Sehirbaz və Damla xoşbəxt ailə qurub. ömürboyu bir yerdə yaşayırlar. Sehirbaz artıq başa düşürdü ki, dünyanın ən böyük sehri sevgidi. O elə bir sehrdir ki, onun nə zaman gələcəyini bilmək olmur və o yeganə sehrdir ki, öz təsirini heç vaxt itirmir.

O gündən “Möcüzələr ölkəsində” bütün sevənlər bir-birinə ağ çiçəklər hədiyyə edir. Hər kəs bağçasında ağ çiçəklər əkirdi.