admin2
SİÇAN VƏ KƏSƏYƏN
İvan Andreyeviç Krılov
SİÇAN VƏ KƏSƏYƏN
Tərcümə edəni Mirmehdi Seyidzadə
Qaçıb Kəsəyənə söylədi Siçan:
-Şad xəbər almışam bu gün, qonşucan
Pişik pəncəsinə keçmişdir Şirin.
Bu xəbər bizimçün nə qədər şirin!
Canımız pişikdən qurtarar bizim.
-Gəl belə sözlərə uyma, əzizim!
Pişikdən qüvvətli kimdi dünyada,
Aslanın ömrünü о verər bada.
Bu çox sınanmışdır, aləmdə qorxaq,
Qorxduğunu güclü düşünər, ancaq.
ŞƏLALƏ VƏ BULAQ
İvan Andreyeviç Krılov
ŞƏLALƏ VƏ BULAQ
Tərcümə edəni Mirmehdi Seyidzadə
Coşub qayalıqdan axır şəlalə,
Bulağa xor gözlə baxır şəlalə.
Bulaq dağda güclə seçilir... fəqət,
Əlacdır xəstəyə о verir qüvvət.
Şəlalə qürurla deyir: - Ay Bulaq,
Az suyunla olur səndə çox qonaq!
Mənə tamaşaya gəlir insanlar,
Bəs səni görməkdə, söylə, nə sirr var?
Bulaq sakit-sakit axıb keçərkən
Deyir: -Xəstələrin dərmanıyam mən!
görmədim, dostum, görmədim!
SAZANDALAR
İvan Andreyeviç Krılov
SAZANDALAR
Tərcümə edəni Abbas Səhhət
Dəcəl Meymun, çolaq Ayı, çəp Keçi
Bir ulağa yoldaş oldu hər üçü.
Dörd səslicə bir musiqi nəğməsi,
Çalmağa həmahəng oldu cümləsi.
İki kamança, iki tar tapdılar,
Bir çəmənin üstə məclis yapdılar.
Oturdular, tərəb bəzmi qurdular,
Mizrabı tara nə qədər vurdular...
Sürtdü kamançaya Ayı əllərin,
Az qaldı ki, lap qopara tellərin.
Heyfa ki, çıxmadı tarın sədası,
Ucalmadı kamançanın nəvası.
Meymun dedi: - Bir dayanın, qardaşlar,
Bu növ ilə oturmazlar, yoldaşlar!
Kaman çalanlar üz-üzə otursun,
Qoy tarçılar qalxıb ayağa dursun.
Gəlin indi nəğməni başdan çalaq,
Dağa-daşa, səhraya şuriş salaq.
Başladılar nəğmələri çaldılar,
Yenə səs çıxmadı heyran qaldılar.
Eşşək bağırdı: - Qardaşım! Toxta, dur;
Mən duymuşam illətini bax budur:
Bizim böylə oturmamız qələtdir,
Cərgə ilə duraq, о məsləhətdir.
Tabe oldu tamamisi ulağa,
Amma yenə səs getmədi uzağa,
İşdə yenə münaqişə başlandı,
Oturmaq üstə sözləri uzandı.
Bu əsnada keçdi ordan bir Bülbül,
Yalvardılar: - Sən et bizə təəmmül
Biz bir neçə kamança, tar tapmışıq,
Burda bir işrət məclisi yapmışıq.
Xahişimiz budur, bir azca zəhmət
Çəkib, bizə oturmağı gəl öyrət.
Bülbül dedi: - Bunlar ilə kar aşmaz,
Bu baş-qulaq kamançaya yaraşmaz.
Musiqi - bir zövq istəyir bu sənət,
Bir də gərək elmlə qabiliyyət.
Sizdə ki yoxdur bunlardan bir əsər,
Boş yerə zəhmət çəkməyin, müxtəsər.
Tərəb bəzmi - şadlıq məclisi
Ş u r i ş - çaxnaşma; səs-küy
Təəmmül ~ fıkir
QURD VƏ TÜLKÜ
İvan Andreyeviç Krılov
QURD VƏ TÜLKÜ
Tərcümə edəni Hikmət Ziya
О şeyi çox həvəslə bağışlayınq ki, biz,
Deyildir gərəyimiz.
Bunu təmsillə izah eləmək gərək,
Üstüörtülü sözdən
Daha üstündür hökmən,
Həqiqəti söyləmək.
Tülkü girib hinlərə, yedi-içdi doyunca
Ehtiyat da topladı komasına bolluca,
Uzandı taya altda mürgüləsin bir azca,
Gördü ki, ac qurd gəlir sürünərək yavaşca,
Qurd yaxın gəlib dedi:
"Kirvə, görmə bu dərdi!
Əlimə bir sümük də keçirə bilməmişəm,
Bilmirəm necə olub,
Acından ölməmişəm;
Köpəklər quduz, yatmır, sayıqdır çoban,
Gəldim özümü boğam!"
"Yox a?" "Doğru sözümdür".
"Eh, yazıq kirvəciyim!
Sənə kömək eləyim:
Bəlkə meylin ot çəkir, bax, bir taya otum var".
Qurdun isə yediyi ot ki, olmaz, ət olar!
Tülkü ehtiyatından
Heç söz açmadı bu an.
Kirvəsi tərəfindən
Bir xeyli əzizlənən
Boz cəngavərim mənim.
Yeməksiz öz evinə süründü qəmgin-qəmgin.
QURBAĞA VƏ YUPITER
İvan Andreyeviç Krılov
QURBAĞA VƏ YUPITER
Tərcümə edəni Mirmehdi Seyidzadə
Keçmişdə bir Qur-qur vardı,
Bataqlıqda yaşayardı.
Yaz zamanı bu qurbağa,
Köçdü getdi, yüksək dağa.
Dağ başı çox kölgəlikdi,
Qur-qur burda yuva tikdi.
Xoş keçindi yüksək dağda,
Cənnət kimi xoş yaylaqda.
Çox sürmədi bu dövranı,
Gəldi çatdı yay zamanı.
Günəş alov saçdı göydən,
Qurudu bu nohur, çəmən.
Qur-qur qaldı quru yerdə,
Düşdü böyük qəmə, dərdə.
Dedi: - Rəhm et, mənə Allah,
Yer üzünə göndər bəla.
Qurumasın bu batağım,
Yaşıl yurdum, xoş yatağım.
Qurbağanın bəd duası,
Baş tutmadı oldu ası.
Üz döndərdi Yupiterdən,
Dedi: - Yaman zalımsan sən!
Yupiter də gəlib dilə (Ona dedi sakitliklə)
-Ay ağılsız, axmaq Qur-qur!
Qırıldama bir düşün, dur,
Heç dəyərmi, sənə görə
Bəla nazil edim yerə,
İnsanları boğum suda.
Sən bataqda qal asuda!
Az deyildir dünyada belə adamlar...
Onların qəlbində bircə məqsəd var:
İstəyir özünə hər şey qazansın,
Dünya başdan-başa od tutub yansın.
QUQU VƏ GÖYƏRÇİN
İvan Andreyeviç Krılov
QUQU VƏ GÖYƏRÇİN
Tərcümə edəni Mirmehdi Seyidzadə
Ququ quşu ağacda oturdu qəmli-qəmli
Onu görüb Göyərçin belə dərdli-ələmli.
Şirin dillə soruşdu: - Nə var, nə olmuş sənə?
Neçin kədər buludu çökmüş belə çöhrənə?
Yoxsa yazın bitməsi qəlbinə etmiş əsər?
Düşünürsən qış gəlir, qalmır sevgidən əsər.
Ququ cavab verdi ki, neyləyim, dərd çəkməyim,
Özün düşün!.. Mümkünmü, göz yaşları tökməyim?
Bir yar sevdim yazda mən... nəhayət, oldum ana,
Lakin indi övladlar heç yaxın düşmür mana.
Analığın bumudur haqqı-sayı dünyada,
Ana neyləyə bilər qədirbilməz övlada.
Ördəkləri görəndə həsəd aparıram mən,
Balaları bircə an ayrılmır çevrəsindən.
Səs verir toyuğun da səsinə cücələri,
Qaçır gəlir yanına fərəsi, beçələri.
Olsa da ürəyimdə analıq məhəbbəti,
Görmürəm sonsuz kimi əsla övlad şəfqəti.
Göyərçin dedi: - Yazıq! İndi dərdini andım,
Acıdım kədərinə, səninçün qəlbən yandım.
Sevməsəydi övladım məni artardı dərdim
Bircə gün yaşamazdım, yəqin bil ki, ölərdim.
Cahanda az deyildir bu vəfasız övladlar,
Ancaq, əzizim, mənim bir işə heyrətim var.
Yay zamanı uçurdun, yoxdu bir yurdun-yuvan
Gəzirdin boş-boşuna... Bala çıxartdın hardan?
-Yaxşı ki, xoş günləri gəzişmək olub peşəm,
Bir yerdə oturmayıb, əylənib kef çəkmişəm.
Yumurta da qoyanda olmuşam yad yuvada.
Onda neçün təqsiri yükləyirsən övlada?
Sənin övladlarına analıq haqqın hanı?
Övlad sevə bilərmi, sənin kimi ananı.
Əziz ata-analar, unutmaym bu dərsi,
Düşünün, bilin nədir, övladın tərbiyəsi.
Əgər övladlarmız yaşayır başqa yerdə,
Tərbiyə görür onlar yad evdə, yad ellərdə.
Sizdən hiss etməyiblər nə ünsiyyət, nə şəfqət,
Heç bəsləyə bilərmi sizə dərin məhəbbət.
İndi özünüz deyin, uşaqlarmı taqsırkar,
Yoxsa sizdə qüsur var?..
QARTAL VƏ KÖSTƏBƏK
İvan Andreyeviç Krılov
QARTAL VƏ KÖSTƏBƏK
Tərcümə edəni Abdulla Şaiq
Uzaqlardan bir Qartal dişisilə bərabər,
Gəldilər, bir meşədə yaşamaq istədilər.
Uca palıd başında bəyəndilər bir budaq,
İstədilər о yerdə ömürlük yuva qurmaq.
Fikirləri yazçağı bala becərmək idi,
Anlayınca bu fikri Köstəbək bax nə dedi:
-Yaşamağa sizinçün bu palıd heç yaramaz!
Onun kökü çürükdür, etibar etmək olmaz!
Çox çəkməz, başaşağı yuvarlanar bu ağac,
Böylə ağacda yuva tikməyə nə ehtiyac!
-Qartal da Köstəbəkdən öyrənərmi məsləhət?
Məndə ovçu gözü var, sönər bu şan, bu şöhrət.
Вахın onun özünə, biçiminə, ah, bu nə?
Köstəbək də qarışır padşahların işinə.
Saymayaraq sözünü о quşların soltanı,
Çalışaraq budaqda tikdilər о yuvanı.
Artıq dişi Qartalın yeni bir mənzili var,
Bəxtiyardır, yanında civildəşir balalar.
Caynağında gözəl ov, Qartal bir səhərçağı,
Yuvasına enməyə şığıdı başaşağı.
Gördü yıxılmış ağac, ailəsi qırılmış,
Həzin-həzin inlədi: - Məni yıxdı bu yıxış.
Məsləhətə baxmadım, о qürurum və qəza
İşlədi öz işini, verdi amansız cəza.
Dinləmədim sözünü, kim deyər, bir Köstəbək,
Verər gözəl məsləhət, doğru sözə nə demək?!
Yuvasından Köstəbək dedi: - Həqir sanaraq,
Bəyənmədin fıkrimi, mən yuvamı bu torpaq
Altında qazdığımdan, bu neçə ildən bəri,
Sağlamdır, ya çürükdür, bilirəm bu kökləri.
QARĞA VƏ TÜLKÜ
İvan Andreyeviç Krılov
QARĞA VƏ TÜLKÜ
Tərcümə edəni Abdulla Şaiq
Çoxdan sübut olub yaltaqlıq murdar,
Zərərli bir işdir... yenə adamlar
Bundan çəkinməyir, çünki hər yaltaq
Tapır ürəklərdə kiçik bir bucaq.
Qarğacıq hardansa tapmışdır pendir;
Qonmuş bir çinara; acdır, sevinir,
Pendiri о yemək istəyən zaman
Birdən fıkrə getdi; bir Tülkü ordan
Keçirdi. Görüncə boynunu burdu.
Pendirin qoxusu onu durdurdu.
Ayağı ucunda о yavaş-yavaş,
Getdi o, ağacın yanına birbaş.
Boylanıb da baxdı, birdən şöngədi,
Dadlı bir dil ilə Qarğaya dedi: -
Nə qədər gözəlsən, ey gözəl pəri,
Can alan, şəvədən qara gözləri
Nağıllarda ancaq olar eşitmək
Kimdə var о qanad, о dimdik, lələk!
Mələktək xoş olur, şübhəsiz, səsin
Utanma, oxu gəl, xoşdur nəfəsin,
Səsin də olursa gözəl özüntək
Quşlar padşahı sənmişsən, demək!
Tərifdən Qarğanın başı bərk döndü,
Nəfəsi tıxandı, qəlbi döyündü.
Tülkünün о dadlı sözündən Qarğa
Öz qarğa səsilə qarıldadı: "qa!"
Pendir dimdiyindən düşdü bir yana;
Bildi ki, aldanmış qurnaz heyvana.
PİŞİK VƏ BÜLBÜL
İvan Andreyeviç Krılov
PİŞİK VƏ BÜLBÜL
Tərcümə edəni Mirmehdi Seyidzadə
Pişik tutub Bülbülü
Saxladı pəncəsində.
Dedi: – Ay canım, gözüm,
Məlahət var səsində.
Ən yaxşı oxuyanla
Bir sanır ellər səni.
Tərifləyir hər yerdə,
Hamı gözəl nəğməni.
Tülkü lələ deyir ki,
Səsindir elə incə
Çobanlar heyran olur
Nəğməni eşidincə.
Mən çox arzulayıram
Dinləyim səni bir az.
Əsib titrəmə belə,
Təşvişdən bir şey çıxmaz.
Qorxma, səni yemərəm
Bir nəğmə oxu mənə.
Buraxım uç, yenə get,
Yaşıl bağa, çəmənə.
Onu bil oxumaqda,
Əskik deyiləm səndən.
Tez-tez pəstdən oxuyub,
Mu-mu eləyirəm mən.
Zavallı Bülbülümün,
Gözləri qaralırdı,
Pişiyin pəncəsində
Güclü nəfəs alırdı.
Pişik dedi: - Nə oldu,
Oxu... azacıq oxu.
Bülbülüm oxumurdu,
Sarmışdı onu qorxu.
Yazıq civildəyirdi,
Pişiyin vəhməsindən.
Məstan dedi: - Meşələr,
Zövq alır bu səsindən.
Bununçün sanılırsan
Ən birinci xanəndə.
Mən ki heç bir məlahət,
Görmədim bu nəğməndə.
Balalarımdan belə
Eşitsəm bu təhər səs.
Qəlbimdə dinləməyə
Olmaz əsla bir həvəs.
Anladım oxumaqda,
Yox zərrəcə hünərin.
Boş, mənasız şeylərdir,
Nəğmələrin, sözlərin.
Görüm ətin necədir?..
Pişik bu sözü dedi,
Zavallı xanəndəni,
Dişinə çəkib yedi.
Sözün düzünü bilsən,
Pişiyin pəncəsində
Bir məlahət duyulmaz
Bülbülün də səsində.
MEYMUN VƏ GÜZGÜ
İvan Andreyeviç Krılov
MEYMUN VƏ GÜZGÜ
Tərcümə edəni Abdulla Şaiq
Gördü öz şəklini Meymun güzgüdə,
Ayını ayaqla vurdu: - Vay dədə!
Kirvə, bir bura bax, belə də murdar –
Belə də bədheybət bir sifət olar?!
Burnuna, ağzına bax, inan ki, mən
Ona bənzəsəydim tük qədər, dərddən
Çatlayıb ölərdim. Et, kirvə, iqrar
Bax böylə çirkinlər içimizdə var!
Bizim tanışlardan beş-altı nəfər,
Onları barmaqla sayaram əzbər.
Gülərək Meymuna söylədi Ayı:
- Qoy qalsın, sayma, gəl bura bax, dayı!
Yaxşısı - əvvəlcə öz üzünə bax!
Faydasız qaldı bu məsləhət, ancaq.a