SEVİNC NURUQIZI
Sevinc Nuruqızı 1964-cü il avqustun 22-də Bakı şəhərində anadan olub. 2000-ci ildən uşaq ədəbiyyatına gələn Sevinc Nuruqızı "Çərpələng", “Sarı qız, Dız və Vız”, "İpəkcənin macəraları", “Ciya ilə iki gün”, "Ağca və Cuppulu", "Bapbalaca əlifba", “Paltar dolabında gizlənqaç”, “Qəribə kəndin nağılı”, “Bozqulaq və fəsillər”, ”Muradın yuxusu”, “Aysu və Ay”, “Tap-tapmaca”, “Xortumlu dağ” və s. uşaq kitablarının müəllifidir. Bu kitablardan əksəriyyəti həm də rus və ingilis dillərində nəşr edilib.
Dünya uşaq ədəbiyyatından tərcümə etdiyi "Üç tenqu və porsuq", "İssumbosi", “Günəşdən gələn pay”, ”Nağıla bax, nağıla”, “Sarı ağacdələn ordeni”, “Günəşdən gələn pay” və s. kitablar balaca oxuculara gözəl hədiyyədir. Uzun müddət İctimai Radionun efirində həftənin beş günü canlı yayımlanan "Çoxbilmiş" adlı uşaq verilişinin redaktoru və aparıcısı olub. "Qisas" adlı pyesi Ə. Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrının, "Gəlinciklər" adlı tamaşası Salyan Dövlət Kukla Teatrının səhnəsində tamaşaya qoyulub. Bəstəkar Oqtay Rəcəbov Sevinc Nuruqızının librettosu əsasında “Dınqır sazım” adlı uşaq operasını yazıb.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, ən yaxşı uşaq əsərinə görə 2002-ci il Tofiq Mahmud adına mükafatın laureatıdır.
Hazırda "Təhsil" Nəşriyyat poliqrafiya müəssisəsində böyük redaktor kimi fəaliyyət göstərir və uşaqlar üçün bir-birindən maraqlı əsərlər yazmaqda davam edir.
(Yerləşdirilmə tarixi 2015-04-03)