Sevinc Nuruqızı
Xeyirxah parabüzən
iri vardı, biri yox. Alqırmızı donlu bir parabüzən var idi. Parabüzən meşədə xalları ilə tanınırdı. Elə xallarına görə də adı Xalxal idi. Xalxal çox xeyirxah idi. Hamıya yaxşılıq etmək istəyirdi. Etdiyi yaxşılıqlara görə hamı onu sevir və hər addımda kimsə deyirdi: «Salam, dostum Xal-xal. Necəsən?» Təzə doğulanda anası ona demişdi:
- Sən çox qəşəngsən. Bu meşədəki parabüzənlərin ən gözəlisən. Rəngin qırmızıdır. Qara-qara xalların var. Qanadların zərifdir. Lap ipək kimi. Amma zəhərlisən. Elə rəngin də ona görə al qırmızıdır. Quşlar səni yesə, zəhərlənərlər.
Xalxal bunu özünə dərd eləmişdi:
- Məni hansı quş yesə, öləcək. Yazıq quşlar. Axı mən qəşəngəm. Qırmızıyam. Ona görə də onlar məni yemək istəyəcək. Onların nə günahı var. Günlərin bir günü yazıq ac və yorğun quş məni görüb sevinəcək və «amm» eləyib yeyəcək. Hamı ac olanda nə isə yeyir. Yeyən kimi də zəhərlənəcək və...
Xalxal bir gün düşündü, iki gün düşündü. Axırda qərara gəldi ki, özünü gölməçəyə atsın. Palçığa bulaşıb, çirkin olsun. Quşlar da onu yeməsinlər. O, gölməçədə çimib palçığa batan begemotları çox görmüşdü. Yəqin ki, bu begemotları heç bir quş yemək istəməzdi. Kimin nəyinə lazımdı çirkin və pinti begemot.
Xalxal necə düşündüsə, elə də etdi. Günlərin bir günü səhər tezdən yola çıxdı. Axtarıb gölməçə tapdı. Ora atıldı.
- Tapp...
Bir xeyli çabaladı. Özünü əməlli-başlı palçığa buladı. Gölməçədən palçıqlı qara böcək olub çıxdı. İndi o, rahat ola bilərdi. Çirkinlikdə və pintilikdə bu meşədə ona çatan olmazdı. Qarşısına çıxan heç kəs ona «salam, dostum xalxal» demədi. Çünki o indii qapqara dozanqurduya oxşayırdı. Bir xeyli belə gəzdi. Birdən göy guruldadı. Şimşək çaxdı. Yağış yağdı. Yağış damcıları Xalxalın palçığını yuyub apardı. İndi o yenə də qəşəng idi. Qıpqırmızı, qaraxallı, zərif qanadlı. Amma o, qəşəng olmaq istəmirdi. Meşənin içi ilə gedib ağlayırdı:
- Quşlar, məni yeməyin də. Nə olar... Çox zəhərliyəm, çox acıyam, çox dadsızam.
Amma heç kəs onu dinləmirdi. Birdən qarşısına bir çiçək çıxdı. Qıpqırmızı Ortasında da qara xal. Xalxal dedi:
- Necə də mənə oxşayır. Çiçək, adın nədir?
Çiçək gülümsəyib dedi:
- Lalə.
Xalxal sevincindən qışqırdı.
- Tapdım.
Cəld çiçəyin üstünə dırmaşdı. Gəlib tən ortasında oturdu. Çiçəkdən seçilmədi. O xoşbəxt idi. Sevinclə deyirdi:
- Axır ki, quşları xilas edə bildim!