Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« November 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Şənbə, 04 Aprel 2015 08:37

Sevinc Nuruqızı

İpəkcənin macəraları

                             Kirpi balasına ad qoydular

 

b
iri vardı, biri yox. Meşələrin birində bir kirpi balası var idi... Yox, bu, deyəsən, düz olmadı. Axı kiçik kirpi balası bu gün də var. Adına İpəkcə deyirlər. İndi deyəcəksiniz ki, kirpi balası hara, İpəkcə hara? Amma onun adı, doğrudan da,  İpəkcədir. Bu adı körpə kirpi balasına qonşuları Bozqulaq qoyub. Necə olub? Deyim siz də bilin.

Günlərin bir günü kirpi balası öz ilk addımını koğuşdan çölə atdı. Əvvəlcə büdrəyib yerə yıxıldı. Sonra qalxıb ovcundakı qırmızı meşə almasından bir dişlək alıb dedi:

—Ay aman, necə dadlıdır?! —birdən kirpicik çəməndə həvəslə oynaşan dovşan balalarını gördü.—Ey, siz kimsiniz?

Koğuşdan anasının səsi gəldi:

—Əvvəlcə salam verərlər.

Kirpicik gözlərini döydü. Axı haradan bilsin. Birinci dəfədir ki, yuvadan çıxır:

—Salam.

Dovşan balaları ona tərəf baxmadılar. Çünki kirpi çox balaca idi. Otlardan seçilmirdi. Səsi də çox zəif idi:

—Ey, sizinləyəm, salam!—deyə kirpi balası qışqırmağa, kiçik dabanları üstə qalxıb özünü göstərməyə çalışdı... və dovşan balaları onu gördülər.

—Bir baxın, bapbalaca kirpi.

—Yaxın getmə, Bozqulaq, kirpilər tikanlı olurlar.

—Deyirsən, oxları mənə batar.

—Hə... Sonra anamız bizi bir də bayıra buraxmaz.

—Axı, o, bizə salam verdi...

—Doğrudan da... Gəlin, salamını alaq.

Dovşan balaları sıraya düzülüb hamısı bir yerdə:

—Salam,—dedilər.

Kirpicik heç nə anlamadı: ”İşə bax. Onlar da “Salam!” verdilər. Axı bu “salam” nədir belə? Olsun ki, yaxşı şeydir. Onda bir də verəcəyəm”. Kirpicik dilləndi:

—Salam.

Dovşanlar mat qaldılar:

—Sən verdin, biz də aldıq. Neçə dəfə olar?

Kirpi gözlərini döydü:

—Nəyi verdim?

—Salamı.

—Axı mənim əlimdə salam yox idi. Alma var idi, onu da yedim, qurtardı.

Dovşanlar başa düşdülər ki, kirpi bilmir “salam” nədir. Bozqulaq cəsarətlə irəli çıxdı. Gəlib kirpi balasının yanında oturdu. Sonra dedi:

—Hamı bir-bir ilə görüşəndə mütləq salam verməlidir. Salam ələ götürüləcək bir şey deyil. O, sözdür. Onu dil ilə deyirlər. Dilin var?

Kirpi balası balaca çəhrayı dilini bayıra çıxartdı:

—Gör nə boyda dilin var? Onunla gündə min dənə salam vermək olar.

Bunu deyib, Bozqulaq özü də bilmədən əlini kirpi balasının başına çəkdi:

—Yupyumşaqsan. Lap ipək kimisən.—Sonra qardaşlarını səslədi.—Bir bura gəlin. Heç də qorxulu deyil. Onun tikanları əlimə batmadı.

Dovşanlar kirpinin ətrafına toplandılar. Hamısı qorxa-qorxa da olsa ona toxunmağa çalışdı... Bozqulaq dilləndi:

—Mən bildim. Gəlin, onu İpəkcə çağıraq.

—Kirpiyə İpəkcə deyək?

—Axı burada yalan heç nə yoxdur. Onun oxları, doğrudan da, ipək kimidirlər.

—Onda deyək!

O gündən körpə kirpinin adı belə qaldı... İpəkcə...

 

                                 İpəkcə ilə Bozqulaq alma axtarışında

 

İpəkcə artıq tez-tez koğuşdan çıxıb gəzməyə gedirdi. Daha darıxmırdı. Çünki Bozqulaqla dostlaşmışdı. İsti ot yatağında, ayağını-ayağının üstünə aşırdıb istirahət edəndə Bozqulağın gülüşünü eşitdimi, o saat qalxar və özünü koğuşdan bayıra atardı:

—Bozqulaq, salam!

Bozqulaq atılıb-düşər, sevinə-sevinə dostuna tərəf qaçardı. 

  Bu gün də belə oldu. Koğuşdan başını çıxardan İpəkcəni görəndə Bozqulağın sevincinin həddi-hüdudu olmadı:

—Gəldin?

—Hə... Gedək, gəzməyə?

—Hara?

—Alma yığmağa.

Bozqulaq təəccüblə İpəkcəyə baxdı: ”Necə də cəsarətlidir”.

—Alma yığmağa?! Axı yolu tanımırıq.

İpəkcə sakitcə dedi:

—Hə, nə olsun, gedib taparıq.

Bozqulaq razılaşdı. Razılıq əlaməti olaraq İpəkcənin sivri burnuna bir çırtma da vurdu. İpəkcə adəti üzrə yumrulandı. Lap top kimi oldu. Bozqulaq güldü:

—Yaxşı, yaxşı... Qorxma... Zarafat etdim. Başını çıxart görüm. Getdik...

Yola düşdülər. Ətirli meşə almaları İpəkcənin sevimli yeməyi idi. Bozqulaq isə olsa, yeyərdi, olmasa, yox. Onun sevdiyi yerkökü idi. Bir də kələm... Vəssalam.

Axşam düşənə kimi qarşılarına bir dənə də olsun alma ağacı çıxmadı. Artıq hər ikisi yorulmuşdu. İpəkcə tez-tez burnunu yuxarı qaldırıb əsnəyir, yatmaq istəyirdi. Elə Bozqulaq da. Həm də ac idilər.

—Bircə dənə alma olsaydı, yeyib yolumuza davam edərdik.

—Bir dənə də yerkökü... Bəh, bəh, bəh...

—Mən yerkökü istəmirəm.

—Mən də alma.

—Bəs onda alma yığmağa niyə gəldin?

—Sənə görə...

İpəkcə sevindi. Bozqulaq, doğrudan da, yaxşı dostdur. Amma gərək gəlməyəydi. Onda İpəkcə də gəlməzdi. İndi də...

İkisi də ağlayırdı. Çünki gecə düşmüşdü. Onlar qorxurdular.

—Üüü... Üüüü... Üüüüü

—Üüü... Üüüü... Üüüüü

—Mən alma istəmirəm. Anamı istəyirəm.

 —Mən də...

—İndi qaranlıqda canavar gəlib bizi yeyəcək.

—Heç sümüyümüz də qalmayacaq.

İpəkcə göz yaşlarını saxlaya bilmirdi:

—Üşüyürəm, soyuqdur... Ayaqlarım əsir. Daha gedə bilmirəm.

Bilmirəm, sizə demişəm, ya yox, onlar artıq geri qayıdırdılar. Amma bu gedişlə çətin ki, gedib yuvalarına çata biləydilər.

—Mən heç nə görmürəm, — deyə Bozqulaq ürəkdən ağlayan İpəkcəni səslədi.—Sən görürsən?

—Bir az...Üüü...Üüüü

Elə bu vaxt qonşuları Köstəbək əmi meşənin içi ilə işdən evə qayıdırdı. İpəkcəni səsindən tanıdı. Axı Köstəbək əminin evi İpəkcəgilin koğuşu olan ağacın dibində idi. Lap balaca olanda İpəkcə gecəni səhərədək ağlayırdı. Su istəyirdi, ağlayırdı, süd istəyirdi, ağlayırdı. Yatanda da ağlaya-ağlaya yatırdı, duranda da ağlaya-ağlaya dururdu. Sonra danışmağı öyrəndi... Daha ağlamırdı. Köstəbək əmi İpəkcəni tanımışdı:

—Ay bala, kirpicik. Burada nə gəzirsən, gecə vaxtı?

—Dostumla alma yığmağa gəlmişdim.

Köstəbək əmi Bozqulağı sanki elə indicə gördü:

—Bıy, Bozqulaq da burada imiş ki...

Köstəbək əmi onların ikisini də götürüb kürəyindəki kisəyə atdı və yola düzəldi.

                     

                              Köstəbək əminin kisəsində

—Bozqulaq, nə yaxşı Köstəbək əmini gördük, hə...

—Yoxsa, qalardıq meşədə...

—Yeyərdilər bizi...

—Tülkülər, canavarlar. Belə-belə gələrdilər...

Bozqulaq başına barmaqları ilə buynuz qoydu. Kisənin içində gülməkdən uğunub getdi.

Köstəbək əminin kisəsində əməlli-başlı canlanma var idi. Səs-küydən narahat olub oyanan kisədəkilər  tərpənməyə başladılar:

—Ay ana, bu kimdir belə, nə pis gülür...

—Lap qulağım batdı.

—Öhö, öhö, öhö...

—Məni tapdaladılar.

—Vay başım.

Narahat olanlar Köstəbək əminin bütün günü yer qazıb çıxartdığı soxulcanlar idi. Balaları üçün aparırdı. Onların şam yeməyi ağ soxulcan süzməsi olacaqdı. Yuxudan narahat olub oyanan soxulcanlar üzü yuxarı dırmaşmağa başladılar. Çox keçmədi,Ş gülüşənlər sakitləşdilər:

—Bozqulaq, elə bil kimsə qarnımı qıdıqlayır.

—Ay, ay... Bu nədir belə? Qulaqlarımdan kim sallaşıb?!

—Oxlarımın arası ilə kimsə sürünür.

—Necə?! İpəkcə, mənim də... Boğuluram. Boynuma ip dolaşıb.

Onlar hara əl atdılarsa, soxulcan gəldi əllərinə. İpəkcənin üstünə elə bil bir nimçə əriştə tökmüşdülər. Yeriyən əriştələr. Yüyürən, danışan əriştələr.

—Kömək edin!

—Köstəbək əmi, Köstəbək əmi...

Köstəbək əmi isə nəğmə oxuyurdu:

—Fuf, fuf, fuf, fuf

Yaman uzaqdır yolum.

İşləməkdən yorulub

Həm ayağım, həm qolum.

İpəkcə ilə Bozqulaq ha qışqırdılar, Köstəbək əmi eşitmədi. Kisədə isə vəziyyət gərgin idi. Soxulcanlar hirslənib hücuma keçmişdilər. İpəkcə ilə Bozqulaq əllərinə keçən soxulcanları kisədən bayıra atır, canlarını bu yolla onlardan qurtarmağa çalışırdılar. 

Bir xeyli davam edən mübarizədən sonra kisədə bir dənə də olsun soxulcan qalmamışdı. Qəhrəmanlar isə hərəsi kisənin bir küncündə oturmuşdu. Tər içində idilər. Tövşüyürdülər.

Köstəbək əmi isə oxuyurdu:

Fuf, fuf, fuf, fuf                 

Yolum yaman uzaqdır.

Kisəmdə soxulcanlar

İndi qalaq-qalaqdır.

                                               Günahkarlar

 

İpəkcəni yuvanın küncünə qoymuşdular. Dəqiq bilirdi ki, Bozqulaq da cəzalanıb. Ya küncə qoyulub, ya da qulaqları əməlli-başlı dartılıb. Hamısı İpəkcənin günahı üzündən baş vermişdi. Anası hirslənmişdi, Bozqulaq tənbeh olunmuşdu, Köstəbək əminin balaları acından zarhazar ağlamışdılar. Əlbəttə, əgər soxulcanları İpəkcə ilə Bozqulaq kisədən bayıra tullamasaydılar, indi Köstəbək əminin balaları marçamarçla ağ soxulcan süzməsi yeyirdilər. Amma... İpəkcə ağlına gələn fikirdən sevindi. Axı onlar xeyirxah iş görmüşdülər. Gör bir nə qədər soxulcan azad etmişdilər?! Qoy Köstəbək əminin gombul-gombul balaları ot yesinlər. Bu fikrə görə özünə də, dostu Bozqulağa da ürəyində “afərin” dedi. Sonra elə küncdəcə yuxuya getdi.

   Səhər yenicə açılmışdı. İpəkcə gözünü açanda özünü ot döşənmiş yataqda gördü. Yəqin anası gətirib uzandırmışdı. Yuvanı alma ətri bürümüşdü. İpəkcə sevindi. Sivri burnunu oynatdı. Qara muncuq gözlərini ətrafa gəzdirdi. Küncdə bir qalaq alma var idi. İpəkcə əlini uzatdı. Almanın birini götürüb dişinə çəkmək istəyəndə anasının səsi gəldi:

—Əvvəlcə əl-üzünü yu.

İpəkcə üz-gözünü turşutdu. Almanı qaytarıb yerinə qoydu. Yuyunmaq üçün koğuşdan yerə tullandı.

Hava tutulmuşdu. İpəkcə diqqətlə səmaya baxdı: ”Bəs, günəş haradadır? Görəsən, niyə yoxdur?”  

—Bozqulaq,— İpəkcə dostunu çağırdı. – Bozqulaq...

  Bozqulaq eyvanda göründü. Astadan dedi:

—Nə var, nə deyirsən?

—Gəl də həyətə...

—Anam qoymur.

—Gəl gedək əl-üzümüzü yuyaq.

Bozqulaq yavaşca yerə endi:

—Amma alma yığmağa getmərik...

—Əlbəttə, getmərik. Çünki yuva doludur alma ilə. İstəyirsən, gedim sənə də gətirim.

Bozqulaq başını silkələdi. İpəkcə diqqətlə onun yellənən qulaqlarına baxdı. Dünənkindən bir xeyli uzun idi:

—Bozqulaq, anan qulaqlarını dartıb?

—Nə bildin?

—Bunu bilməmək olar? Gör, bir nə boyda olublar?! İkisi də uzanıb.

—Çox uzundurlar?

—Çox... Lap çox...

—Birdən mənə uzunqulaq deyərlər.

İpəkcə gözlərini döydü:

—Deyə bilərlər.

—Amma mən istəmirəm desinlər. Yox, heç istəmirəm, — Bozqulaq kövrəldi.

—Bəs, onda nə edək?

—Bilmirəm.

—Tapdım. Gedim qayçı gətirim, bir az kəsək qulaqlarından.

Bozqulaq sevindi:

—Əsl dostsan. Necə fikirləşdin?! Çox ağıllısan.

İpəkcə həvəslə gülümsədi. Öz-özünə düşündü: ”Ağıllı olmaq yaxşı şeydir”.

—Sən dayan, indi gəlirəm.

İpəkcə koğuşu ələk-vələk etdi. Qayçını tapa bilmədi:

—Ana, ay ana...

—Nə var, oğul?

—Ana, qayçı hanı?

—Nəyinə lazımdır qayçı? Uşaqlar qayçı ilə oynamazlar.

—Mən oynamıram.

—Bəs onda qayçı nəyinə lazımdır?

—Dostuma kömək etmək üçün...

—Qayçı ilə dostuna necə kömək edəcəksən?

—Qulaqlarını kəsəcəyəm...

Ana kirpi həyəcanlandı:

—Nə danışırsan? Yaramazın biri yaramaz.

—Ana, Bozqulaq dünən cəzalanıb. Anası qulaqlarını dartıb. Bilirsən, nə boyda olublar... Upuzun. Axı mənim günahım üzündən olub. Gərək, səhvimi də özüm düzəldim. Qayçını aparıb Bozqulağın qulaqlarından bir az kəsib atacağam.

Ana kirpi eşitdiklərinə inanmağı gəlmirdi. Qayçını əvvəlcədən gizlətdiyinə görə sevindi.

Bozqulaq dostunu çox gözlədi. O qədər gözlədi ki, lap darıxdı. Oxumağa başladı:

Mən bir Bozqulaq dovşanam

Dünən hirslənibdir anam.

Qulağımı çəkib aman

Qulağım uzanıb yaman.

Uf, uf, uf, uf ağrıyır bərk

Kəsəcəyik, olsun gödək.

Oxuyub qurtaranda artıq İpəkcə yanında idi. Anası ilə gəlmişdi. Ana kirpi Bozqulağa diqqətlə baxıb, dilləndi:

—Dostun bu dovşandır?

—Budur, ana.

—Nə gözəldir. Qəşəng qulaqları var.

Bozqulaqla İpəkcə bir-birinə baxdılar. İkisi də eyni anda dedi:

—Qulaqları?

—Əlbəttə. Axı ağıllı dovşanların qulaqları başqalarınkından daha uzun olur. Əgər dovşanın qulağı bir gecənin içində uzandısa, deməli, o artıq böyük və ağıllı dovşandır.

Bozqulaq çox xoşbəxt idi. Çünki gecə yatıb, səhər ağıllı dovşan kimi oyanmışdı.

 

                                 Bulud heç kimin olmadı

 

Bozqulaq da İpəkcə də ana kirpinin söylədiklərinə inandılar:

—Sən ağıllanmısan, Bozqulaq. Böyümüsən. Amma mən balaca qalmışam.

İpəkcə kövrəldi. Bozqulaq dostunu sakitləşdirməyə başladı:

—Sən də böyümüsən. Mən görəndə bapbalaca idin.

—Yox, mən indi də balacayam.

—Dedim axı, böyümüsən.

—Onda başımı sığalla.

Bozqulaq onun başını sığalladı. İpəkcə daha bərk ağladı:

—Bax, görürsən, anam deyir ki, böyüyəndə tikanların iti olacaq. Hamı səndən qorxacaq. Amma mənim tikanlarım hələ də ipək kimidir. Elə olmasaydı, sən başımı rahatca sığallaya bilməzdin.

Bozqulaq səhv etdiyini anladı. İşə bax, bir gecəyə o böyümüşdü, dostu yox. Haqsızlıqdır... Bu günəş hara getdi görəsən? Heç olmasa, o gəlsəydi, İpəkcə sevinərdi. O, isə yoxdur.

Bozqulaq başını qaldırıb səmaya baxdı. Qəfildən:

—İpəkcə, ora bax. Buludlar harasa köçürlər.

İpəkcə yuxarı baxdı:

—Görəsən, hara gedirlər?

Bozqulaq çiyinlərini çəkdi:

—Mən də bilmirəm.

İpəkcə hərəkət edən buludları diqqətlə nəzərdən keçirdi. Qəfil tapıntı onu sevindirdi:

—Buluda bax. Göbələyə oxşayır. Yekə ağ göbələyə.

—Çox gözəldir. Amma, mənə elə gəlir ki, o, göbələkdən çox kələmə oxşayır.

—Göbələyə daha çox oxşayır. O, mənim buludumdur.

—Elə göbələk olmaz. Amma kələm olar... Nə yeyərəm onu...

—Özümündür. Əl vurma mənim göbələk buluduma. Özüm tapmışam.

—Nə olsun ki, sən tapmısan. Axı sən kələm xoşlamırsan?

—O, kələm deyil, göbələkdir...

—Göbələk deyil, kələmdir.

Oturduqları kötüyün üstündə itələşməyə başladılar. İkisi də yıxıldı. İkisinin də başı əzildi.

—Vay başım...

—Ay başım....

—Birinci mən gördüm...

—Özüm görmüşəm...

O qədər dalaşdılar ki, bulud dözmədi. Hirsindən partladı. İçindən yekə-yekə damcılar tökülməyə başladı:

—Bu nədir belə? Kimsə başıma su tökdü.

—Mənim də qulağıma.

Yağış damcıları sürətlə töküldülər. Hər ikisi göyə baxdı. Bulud yoxa çıxmışdı. Yəqin, heç kəsin buludu olmaq istəməmişdi. Dostlar kədərləndilər:

—Qaçaq evə. Yağış yağır.

—Həm də acıq.

Tapdılar. Sən demə, acından dalaşırmışlar. Axı hələ səhər yeməyi yeməmişdilər...

 

                                            Bozqulaq  xəstələnib

 

Onlar evə qayıdanda artıq nahar vaxtı idi. Nahara ləzzətli göbələk və meşə fındığı yeyən İpəkcə anasının təkidi ilə yatağa uzandı: “Günortalar mütləq dincəlmək lazımdır. Yoxsa, böyüməzsən”. Bu, İpəkcənin anasının fikri idi. İpəkcə razılaşmağa məcbur oldu. Düşündü ki, yəqin anası günortalar yatıb dincəlib. Ona görə də tez böyüyüb. Tikanları əsl oxlara çevrilib:

—Eh,—deyib İpəkcə o biri böyrü üstə çevrildi.—Axı nə vaxt mənim də iti-iti oxlarım olacaq? Onlara alma-armud keçirdib yuvama daşıyacağam...

Yuxudan axşamüstü durdu. Bayırdan şən dovşan balalarının səsi gəlirdi. İpəkcə yatağından düşdü. Ayaqlarının ucunda koğuşun qapısını açıb bayıra çıxdı. Hava sərin idi. Zəif külək əsirdi. İpəkcə qaçışan dovşan balalarının yanından keçib bayaqkı kötüyün üstündə oturdu:

—Bozqulaq, gəl də yanıma...

İpəkcə cavab gəlmədiyini görüb oynayan dovşanları diqqətlə nəzərdən keçirdi. Bozqulaq onların arasında yox idi.

—Uşaqlar, mənim dostum haradadır?

—Xəstələnib.

İpəkcə qulaqlarına inanmadı. Necə yəni xəstələnib?! Axı bayaq sapsağlam idi. Yazıq Bozqulaq...

İpəkcə kötüyün üstündən düşdü. İti addımlarla Bozqulaqgilin eyvanına qalxdı. Eyvanda heç kəs yox idi. İçəridən Bozqulağın iniltisi gəlirdi:

—Ay boğazım... Ay, ay boğazım. Ay qulağım... ay, ay qulağım.

Bozqulağın vəziyyəti yaxşı deyildi. Boğazı sarınmışdı. İpəkcə əlini onun alnına qoydu:

—Dostum, niyə xəstələndin, hə?

—Bilmirəm,—danışan Bozqulaq idi. Amma səsi qoca dovşanların səsi kimi çıxırdı. İpəkcə ona baxıb düşünürdü: “Səsi kobudlaşıb. Qulaqları uzanıb. Bəlkə, Bozqulaq qocalıb?”

Bozqulaq isə öskürürdü. İpəkcə qalın səsli dostunun qayğısına qalırdı:

—Nə istəyirsən, gedim gətirim sənin üçün?

—Kələm.

—Kələm necə olur?

—Bayaqkı bulud kimi.

—Axı bulud göbələyə oxşayırdı.

—Sən kələm görməmisən. Görsən, bilərsən ki, bayaqkı buluda çox oxşayır. Öhö, öhö, öhö...

İpəkcə danışmadı. Çünki dostu xəstə idi. İndi onunla mübahisə etmək olmazdı:

—Mən indi gəlirəm.

İpəkcə bunu deyib çıxdı.

 

                                  İpəkcə kələm axtarmağa gedir

 

İpəkcə gedə-gedə düşünürdü: “Bu kələm nə olan şeydir, görəsən? İndi mən xəstə dostuma onu necə tapım? Göbələk olsaydı tanıyardım. Kələm... maraqlıdır... Eybi yoxdur soruşa-soruşa gedim, bəlkə kimsə tanıdı”.

İpəkcə az getdi, üz getdi, qarşısına bir tısbağa çıxdı:

—Tısbağa, bilmirsən, kələm necə olur?

Tısbağa bir xeyli fikirləşdi, sonra dedi:

—Tıs, tıs... Yeməlidir, yoxsa geyməli?

—Yeməli.

—Tıs, tıs... Deməli belə... Yeməlidirsə, deməli bitkidir. Bitkidirsə, deməli torpaqda bitir, torpaqda bitirsə, deməli... Onu haradasa görmüşəm. Amma yadımda deyil.

Tısbağa çox uzatdı. Tısbağanı danışa-danışa qoyub, yoluna davam etdi. Qarşısına çıxan hər kəsdən kələmin nə olduğunu soruşdu. Dələ kələmi qozaya, arı çiçəyə, qarışqa yarpağa, sağsağan soğana, qarğa qoza, sərçə dənə bənzətdi. Nə isə “kələm” deyilən əşyanı gördüm deyən olmadı. Meşədə İpəkcənin:

—Bir dostum xəstələnib. Onun ürəyi kələm istəyir. Bilmirsən, kələm nədir? —sualını vermədiyi heyvan qalmadı. Amma sualına dəqiq cavab ala bilmədi. Kor-peşman evə qayıtmaq istəyəndə, yolu bir bostanın yanından keçdi. Bir qoca dovşan gözündə eynək, əlində əsa bostana keşik çəkirdi. İpəkcə ayaqları üstə qalxıb onun qoruduğu bostana gözucu nəzər saldı. Bostan ağ yaşılaçalan toplarla dolu idi. Axı bunlar nədir, belə? Qəribədir. Bir yerdə bu qədər topu İpəkcə heç vaxt görməmişdi. Yaxınlaşıb onların nə olduğunu qoca dovşandan soruşmaq qərarına gəldi:

—Salam.

—Salam, mənim balam, salam.

—Babacan, bostandakı o, ağ, toplar nədir elə?

—Toplar, ha, ha, ha... Top deyil onlar, mənim balam. Dünyanın ən ləzzətli yeməyidir.

Yemək... İpəkcənin ağzı sulandı. Bəlkə onlar içinə göbələk doldurulmuş yekə kokos almalarıdır? Kokos alması... Hm... Kokos alması da olur? Qəribədir. Ağlına gələn fikirləri dəqiqləşdirmək üçün İpəkcə soruşdu:

—Adı nədir axı dünyanın ən dadlı topunun.

—Kələm...

—Kələm... İşə bir bax. Kələm bu imiş? Bu imiş kələm? Ağ top. Qar kimi ağ top...— İpəkcə sevincindən atılıb düşürdü.—Kələm bu imiş. Ağ-ağ, yekə-yekə, yumru-yumru... Lap dünənki buluda bənzəyir. Bozqulaq haqlı imilş. Bulud göbələkdən çox kələmə oxşayırmış.

İpəkcə geri qayıdırdı. İndi onu kim görsəydi, tanımazdı. Kürəyinə qoca dovşandan aldığı bir kələm yarpağı yükləmişdi. Sevindiyindən nəğmə oxuyurdu:

Dostum dovşan, döz bir az

Artıq tapmışam kələm.

Qaçıram, yüyürürəm

İstəyirəm, tez gələm.

Bozqulaq İpəkcənin gətirdiyi kələmi ləzzətlə çeynəyirdi:

—Xırt, xırt, dadlıdır. Xırt, xırt, çox sağ ol!

Bozqulaq kələmi çeynəyə-çeynəyə İpəkcəni sığallamaq fikrinə düşdü. Minnətdarlığını bildirmək üçün. O saat da qışqırdı:

—Ay, ay... Ay aman, əlimə nə isə batdı...

Bozqulaq barmaqlarını ağzına soxdu. Ağrısı keçən kimi sevinclə qışqırdı:

—İpəkcə, bildim barmağıma batan nədir...

—Nədir?

—Sənin oxların.

—Nə deyirsən... Mənim oxlarım?

—Əlbəttə. Sən böyümüsən. Bir neçə saatda. İşə bir bax.

İpəkcə sevinirdi. Həm böyümüşdü, həm də dostu sağalmışdı.

     Belə... Bapbalaca kirpi balası İpəkcə haqqında bu qədər. Onun haqqında günlərlə danışa bilərəm. Amma qorxuram ki, yorulasınız...

                                  SON

                                                                          2005-2007-ci illər

Oxunub 11007 dəfə