Orta məktəblərdə məktəbəqədər hazırlıq təşkil olunacaq
Azərbaycanda məktəbəqədər hazırlıq bilavasitə məktəbəqədər təhsil müəssisələri ilə yanaşı, məktəblərdə də təşkil olunacaq. APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planına həsr olunan mətbuat konfransında çıxışı zamanı deyib ki, bu istiqamətdə də işlər görüləcək. Onun sözlərinə görə, məktəbə hazırlıq çox vacib məsələdir və Dövlət Strategiyasında da bu məsələ nəzərdə tutulub.
“ELS” Fəxri Fərmana layiq görüldü
“ELS - Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin rəhbəri İradə Yaqubova 2014-cü ildə “Azərbaycanın mədəni irsinin qorunması və inkişafına dəstək” layihəsini uğurla həyata keçirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Fəxri Fərmanı ilə təltif olunub. Bundan əlavə, ELS-ın həyata keçirdiyi layihə ən uğurlu layihələr arasında da yer alıb. Bu, yanvarın 22-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının illik hesabat konfransında məlum olub.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da qatıldığı tədbirdə QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev qurumun fəaliyyət istiqamətlərindən, ötən il gördüyü işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Bildirilib ki, ötən il yerli QHT-lərin 386 layihəsinin həyata keçirilməsi üçün Şura tərəfindən 3 milyon manata yaxın vəsait ayrılıb. Bundan başqa, 17 beynəlxalq layihə maliyyələşdirilib. Ümumilikdə Şuranın həyata keçirdiyi layihələrdən 175 mindən çox insan faydalanıb.
Sonra Şuranın 2014-cü ildəki fəaliyyəti ilə bağlı film nümayiş etdirilib.
Prezidenti Şəhidlər Xiyabanını ziyarət edib
Azərbaycan prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 yanvar faciəsinin qurbanlarının qəbirlərini ziyarət edib, məzarları üzərinə qərənfillər düzüb. Dövlət başçısı “Əbədi məşəl” kompleksi önünə əklil qoyub, Vətən yolunda qurban getmiş şəhidlərin xatirəsinə ehtiramını bildirib. Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycanın Dövlət Himni səslənib.
Azərbaycan xalqı 20 Yanvar faciəsinin 25 ilini qeyd edir
Bu gün Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 25 il keçir. Həmin gün keçmiş sovet dövlətinin hərbi maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. Azadlığı, ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi totalitar sovet rejiminin cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
“Günay” hər kəsi yerindən oynatdı
“Günay” Uşaq Teatrının gənc kollektivi yanvarın 11-də Rəşid Behbudov adına Mahnı Teatrında hazırladığı xüsusi konsert proqramı ilə tamaşaçılarını Yeni İl münasibəti ilə təbrik etdi. Mahnı, rəqs və musiqi nömrələri ilə başlayan tədbirdə kiçik tamaşaçılarla viktorinalar da keçirildi. Maraqlı və şən keçən viktorinalara böyüklər də qatılmışdı.
Sonra əsl şənlik başladı. Səhnəyə dəvət olunan balaca tamaşaçılar “Günay” Uşaq Teatrının kollektivi ilə birgə əyləndilər, o cümlədən mahnı oxudular və rəqs etdilər.
Sonra tamaşaçılara “Günay” Uşaq Teatrının gənc aktyorlarının təqdimatında “Şelkunçik” tamaşası göstərildi. Şən, maraqlı və faydalı keçən kosert proqramı hər kəsi yerindən oynatmışdır.
Bəstəkar Firəngiz Əlizadə “Grammy” mükafatının namizədləri sırasında
Bu günlərdə beynəlxalq “Qrammy” mükafatının “Klassik musiqi” nominasiyasında namizədlərin adları açıqlanıb. Onların arasında tanınmış bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadənin də adı var ki, bu da Azərbaycan musiqisi tarixində ilk belə əlamətdar hadisədir.
Digər iki namizəd isə amerikalı müasir musiqiçi Lera Auerbax və məşhur “Anna Frankın gündəlikləri” operasının bəstəkarı Meçislav Vaynberqdir.
Qeyd edək ki, mükafatlandırma mərasimi 8 fevral 2015-ci il tarixində keçiriləcək.
“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin kollektivi Firəngiz xanımı nüfuzlu mükafata təqdim olunması münasibətilə təbrik edir və “Klassik musiqi” nominasiyasında “Grammy” mükafatının qalibi olmağı arzulayır.