Kulturologiya elm kimi tədris olunmalıdır
Fevralın 2-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası və Azərbaycan Kulturoloqlar Cəmiyyətinin təşkilatçılığı ilə Atatürk Mərkəzində “Kulturologiya və etik mədəniyyət” mövzusunda kulturoloji seminar keçirilib.
“Simurq” Assosiasiyasının prezidenti Fuad Məmmədov tədbirin prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması çərçivəsində keçirildiyini vurğulayıb. Onun sözlərinə görə, mütəxəssislər, o cümlədən xarici mütəxəssislər arasında elmi biliklər mübadiləsinə, gənclər və bütövlükdə ölkə əhalisinin maarifləndirilməsinə çalışmaq lazımdır. F.Məmmədovun qənaətinə görə, kulturologiya və mədəniyyətşünaslıq ali tədris ocaqlarında elm kimi tədris olunmalıdır.
Dövlət qurumları, alim və müəllimlər, qeyri-hökümət təşkilatları, bələdiyyələr, səfirliklər və KİV nümayəndələrinin iştirakı ilə keçirilən seminarda “Kulturologiya və Azərbaycanın gələcəyi”, “Kulturologiya və ünsiyyət mədəniyyəti”, “Kulturologiya və xidmət etiketi”, “Kulturologiya və işgüzar etika” kimi mövzular ətrafında çıxışlar, fikir mübadiləsi aparılıb.