Azərbaycanda 5 və daha çox uşağı olan ailələrin vergidən azad olunması gözlənilir
Azərbaycanda 5 və daha çox uşağı olan, o cümlədən övladlığa götürülmüş uşaqları olan, onları 18 yaşınadək tərbiyə edən ailələrin vergidən azad olunması gözlənilir. Milli Məclisdən APA-ya verilən məlumata görə, bu, yeni hazırlanan “Çoxuşaqlı ailələrə dövlət dəstəyi haqqında” qanun layihəsində və yeni sənədə uyğun olaraq müvafiq qanunvericiliyə ediləcək digər dəyişikliklərdə nəzərdə tutulub.
Həmin ailələrin hansı formada vergi mükəlləfiyyətindən azad olması isə qanunun müzakirəsi zamanı bəlli olacaq, hazırda bununla bağlı edilən təkliflər üzərində iş gedir. Təkliflər üzərində işləyərkən Rusiya, Ukrayna, Fransa, İsveç, Finlandiya kimi ölkələrin təcrübəsinə müraciət olunur.
Qeyd edək ki, qanun Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təqdim olunub. Sənədin bu il Milli Məclisdə müzakirəyə çıxarılması gözlənilir.