31 mart soyqırımı ilə bağlı Almaniya Bundestaqının spikerinə bəyanat ünvanlanıb
Avropa Azərbaycanlıları Konqresi 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Almaniya Bundestaqının spikeri, professor Norbert Lammertə ünvanlanmış bəyanat qəbul edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, bəyanatda deyilir ki, 31 mart tarixində erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımdan 95 il ötür: “1918-ci ilin mart-aprel aylarında baş verən kütləvi qırğın zamanı silahlı erməni əsgərləri dinc əhalini amansızcasına qətlə yetirib. Bakı, Gəncə quberniyalarında, Quba, Xaçmaz, Şamaxı, Lənkəran, Muğan qəzalarında və digər bölgələrdə də bu cür qanlı faciələr törədilib”.
“Günay” Uşaq Yaradıcılıq Studiyası 10 yaşını qeyd edib
Martın 24-də Rəşid Behbudov adına Mahnı Teatrında “Günay” Uşaq Teatrının gənc aktyorları 2 hissədən ibarət böyük bayram tamaşası ilə çıxış ediblər. Bunu ötən 10 il ərzində görülən işlər, o cümlədən kollektivin səhnələşdirdiyi 15 tamaşa, dəfələrlə müxtəlif Respublika və beynəlxalq müsabiqə və festivalların diplomantı və laureatı olması haqqında hesabat kimi qiymətləndirmək olar.
Yubiley gecəsinin birinci hissəsində gənc aktyorlar tamaşaçılarına böyük şou proqram, ikinci hissədə isə Mirzə Fətəli Axundovun pyesi əsasında səhnələşdirilmiş “Müsyo Jordan və Dərviş Məstəlişah - məşhur cadugar" tamaşasını göstəriblər.
Nyu-Cersi Ştat Assambleyası 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı qətnamə qəbul edib
ABŞ-ın Nyu-Cersi Ştat Assambleyası 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı qətnamə qəbul edib. APA-nın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, qərarla 31 mart tarixi “Azərbaycan Anım Günü” elan edilib.
Qərar ABŞ-dakı türk və azərbaycanlıların təmsil olunduğu təşkilatların «Pax Turcica» kanalı vasitəsi ilə başladıqları kampaniya nəticəsində qəbul edilib. Nyu-Cersi Ştat Assambleyasının sədri tərəfindən imzalanmış qərarı Assambleyanın üzvü, Demokratlar Partiyasının nümayəndəsi Tomas Qiblin Amerika Azərbaycan Cəmiyyətinin (ASA) sədri Tomris Azəriyə təqdim edib.
Qərarda 1918-ci ilin martında 20 min dinc azərbaycanlının öldürülməsi ilə nəticələnən hadisələrinin insanlıq tarixində ən çox qınanılası vəhşiliklərindən olduğu vurğulanır.
Qeyd edək ki, bundan əvvəl, 2012-ci ildə Nyu-York Senatı da analoji qərar qəbul edib və bu ştat ABŞ-da 31 mart - Azərbaycanlıların Soyqırımı Gününü tanıyan ilk ştat olub.
Azərbaycan prezidenti Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
“Hörmətli həmvətənlər!
Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, səadət və gələcək işlərinizdə yeni-yeni uğurlar arzulayıram.
Keçmişimizin ən dərin qatlarından gələn Novruz bayramı xalqımızın mənəviyyat dünyasının ayrılmaz hissəsi olub, Odlar diyarında həmişə uca tutulmuşdur. Azərbaycanı qədim sivilizasiyanın mərkəzlərindən biri kimi tanıdan misilsiz dəyərlərimiz sırasında müqəddəs Novruz ənənələri müstəsna mövqeyə malikdir. Ötən dövrlərin təqib və təzyiqlərinə baxmayaraq, həmin ənənələri günümüzədək layiqincə qoruyub saxlaması xalqımızın bəşər mədəniyyəti qarşısında müstəsna xidmətlərindəndir.
Mehriban Əliyeva Pirşağıda orta məktəbin açılışında, Nəsimi rayonunda isə xüsusi məktəbdə Novruz şənliyində iştirak edib
Martın 14-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Sabunçu rayonunun Pirşağı qəsəbəsində Fondun təşəbbüsü ilə yenidən qurulmuş 112 nömrəli tam orta məktəbin açılışında iştirak edib.
1934-cü ildən fəaliyyət göstərən bu təhsil ocağı uzun illər ərzində təmir olunmayıb. 2011-ci ilin dekabrında başlanan tikinti işləri yüksək səviyyədə, bütün standartlar nəzərə alınaraq həyata keçirilib. Üçmərtəbəli, 660 şagird yerlik binanın ümumi sahəsi 38 min kvadratmetrdən çoxdur. Burada şagirdlərin təlim-tərbiyəsi ilə 51 müəllim məşğul olacaq. Məktəbdə müxtəlif fənn kabinetləri var.
“Günay” Uşaq Teatrının növbəti uğuru
Martın 8-də Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan Dövlət Musiqili Komediya Teatrının nəzdindəki “Günay” Uşaq Yaradıcılıq Studiyasının gənc istedadları məşhur nağılbaz Hans Xristian Andersenin “Su pərisi” nağılının motivləri əsasında səhnələşdirilmiş tamaşa ilə çıxış ediblər. Gənc aktyorlar çıxışlarını iki əlamətdar hadisəyə - Beynəlxalq Qadınlar Günü və Azərbaycan Milli Teatrının 140 illik yubileyinə həsr edblər. Onların çıxışı alqışlarla qarşılanıb.
Qeyd edək ki, “Günay” Uşaq Teatrı 2003-cü ildə yaradılıb və bədii rəhbəri Larisa Tarusovadır. Teatr təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də uğur qazanib, o cümlədən Fransanın Tuluza şəhərində keçirilən uşaq və yeniyetmələrin XXIII Beynəlxalq festivalında fəxri diplomla təltif edilib.