Azərbaycan prezidenti Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
“Hörmətli həmvətənlər!
Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, səadət və gələcək işlərinizdə yeni-yeni uğurlar arzulayıram.
Keçmişimizin ən dərin qatlarından gələn Novruz bayramı xalqımızın mənəviyyat dünyasının ayrılmaz hissəsi olub, Odlar diyarında həmişə uca tutulmuşdur. Azərbaycanı qədim sivilizasiyanın mərkəzlərindən biri kimi tanıdan misilsiz dəyərlərimiz sırasında müqəddəs Novruz ənənələri müstəsna mövqeyə malikdir. Ötən dövrlərin təqib və təzyiqlərinə baxmayaraq, həmin ənənələri günümüzədək layiqincə qoruyub saxlaması xalqımızın bəşər mədəniyyəti qarşısında müstəsna xidmətlərindəndir.
Novruz bayramının muğam və aşıq sənəti ilə yanaşı, YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsərləri sırasına daxil edilməsi əslində hər bir azərbaycanlının nailiyyətidir. Bahar bayramı ərəfəsində paytaxt və bölgələrdə keçirilən Üçüncü Beynəlxalq Muğam Festivalı da böyük tarixi-mədəni irsimizi bütün zənginliyi ilə bir daha nümayiş etdirmək imkanı verdi. Nəhəng infrastruktur layihələrinin ardıcıl gerçəkləşməsinin nəticəsi olaraq sürətlə modernləşən ölkəmizdə Yaz bayramı mədəni irsə qayğıkeş münasibətin və ənənəvi dəyərlərə bağlılığın rəmzinə çevrilmişdir. Müstəqil Azərbaycanın dinamik inkişafla səciyyələnən müasir həyatı və yurdun bütün guşələrini əhatə edən genişmiqyaslı quruculuq-abadlıq işləri isə bayramın yeniləşdirici ab-havası ilə həmahəngdir.
Bu əziz günlərdə mən hamınıza bahar əhval-ruhiyyəsi arzu edirəm. Azərbaycançılıq məfkurəsi ətrafında milli həmrəylik duyğusu ilə sıx birləşən və ölkəmizin hüdudlarından kənarda bayramı bizimlə birgə qarşılayan soydaşlarımıza salamlarımı yetirirəm.
Qoy bu bayram hər ailəyə bol ruzi-bərəkət və xoş ovqat gətirsin!
Novruz bayramınız mübarək olsun!”