Təhsil Nazirliyi: Şagirdlərin mobil telefonlardan istifadəsinə qadağa qoyulması barədə təlimat verilməyib
Təhsil Nazirliyi yeni tədris ilindən Azərbaycanın orta məktəblərində şagirdlərin mobil telefondan istifadə etməsinə qadağa qoyulması barədə xəbərlərə münasibət bildirib. Nazirlikdən APA-nın sorğusuna verilən cavabda bildirilib ki, tədris prosesinə mane olduğu üçün orta məktəblərdə şagirdlərin mobil telefonlardan istifadəsi yolverilməzdir. Xüsusilə də dərs zamanı bu mövqe birmənalıdır. Sorğuya cavab olaraq həmçinin qeyd edilib ki, Təhsil Nazirliyi tərəfindən orta məktəblərdə şagirdlərin mobil telefonlardan istifadəsinə qadağa qoyulması ilə bağlı heç bir təlimat verilməyib.
Yeni tədris ilinin ilk günündə Bakıda hava necə olacaq?
Yeni tədris ilinin ilk günündə Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti gözlənilir. Day.az saytının məlumatına görə, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildiriblər. Bu gün və sabah hava isti olacaq, amma sentyabrın 10-dan Bakıda və Abşeron yarımadasında fasilələrlə şimali-qərb küləyi əsəcək.
Sentyabrın 10-dan sonra havanın temperaturu ötən günlərlə müqayisədə küləkli hava şəraiti üstünlük təşkil edəcək. İlkin proqnozlara görə, sentyabrın 15-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi gözlənilir, 10-15 sentyabr tarixlərində havanın temperaturu 30 dərəcədən artıq olmayacaq.
ELS təbrik edir!
Bu gün Azərbaycanın ilk qadın-bəstəkarı, uşaq mahnılarının yaradıcısı Ağabacı Rzayevanın məşhur “Kukla” mahnısının əvəzsiz ifaçısı, hazırda Bakı Musiqi Kollecinin müəllimi, bəstəkar Zabitə xanım Məmmədovanın doğum günüdür. Gənc nəslin mükəmməl və hərtərəfli inkişafı, yüksək mənəvi və mədəni dəyərlərə malik şəxsiyyət və cəmiyyətimizin layiqli üzvü kimi formalaşmasına dair “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin uğurla həyata keçirdiyi layihələrində fəal iştirak edən Zabitə xanım hər zaman işgüzarlığı, təvazökarlığı, uşaq musiqisinin inkişafı sahəsində dönüş etmək arzusu ilə seçilir.
Gözəl musiqi əsərləri ilə gündəmdə qalan bəstəkarın fəaliyyətinin əsas xəttini uşaq mahnıları təşkil edir. Zabitə Məmmədova “Rəssam olacağam mən” mahnısını ötən il ELS-ın həyata keçirdiyi “Yeni uşaq mahnıları-2013” Ümumrespublika Müsabiqəsinə təqdim etmiş və Münsiflər Heyətinin yekdil rəyi ilə 2-ci yerə layiq görülmüşdür. Yeri gəlmişkən, bütün qalib mahnıları meneviservetimiz.az saytında dinləyə bilərsiniz.
“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin kollektivi Zabitə xanımı doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm can sağlıqı, yaradıcılığında uğurlar, xoşbəxtlik arzulayır və görkəmli şair İlyas Tapdığın ona həsr etdiyi şeiri təqdim edir.
ELS təbrik edir!
Bu gün, sentyabrın 7-də Azərbaycanın əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru, professor Gülnaz xanım Abdullazadənin doğum günüdür. Azərbaycan və dünya musiqisinin fəlsəfi problemlərinə və Azərbaycan bəstəkarlarının yaradıcılığına dair bir sıra əsərlərin müəllifi G.Abdullazadə daim yaradıcılıq axtarışındadır.
Azərbaycan musiqişünaslığında ilk dəfə olaraq muğamların fəlsəfi mahiyyətini araşdıran musiqiçi 40-a yaxın elmi əsərin və monoqrafiyaların müəllifidir.
Artıq bir neçə ildir ki, Gülnaz xanım Abdullazadə “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin gənc nəslin mədəni-mənəvi inkişafına dair layihələrində iştirak edir. Ötən il o, “Yeni uşaq mahnıları-2013” Ümumrespublika Müsabiqəsinin Münsiflər Heyətinin həmsədri olmuş və layihənin uğurla başa çatmasında onun da danılmaz xidmətləri vardır.
“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin kollektivi yüksək mədəniyyəti, alicənablığı və xanımlığı ilə seçilən sənətkarı ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, xoşbəxtlik, yaradıcılıq fəaliyyətində uğurlar arzulayır.
ELS təbrik edir!
Bəstəkar və pedaqoq Oqtay Rəcəbov növbəti baharını qeyd edir
Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, professor, bəstəkar və pedaqoq, uşaq mahnılarının mahir yaradıcısı kimi tanınan Oqtay Rəcəbov bu gün 73 yaşını qeyd edir. “Anam Azərbaycan”. “Nəğmələr”, “Necə unudum səni?”, “Zəfəran”, “Daha nə istəyirsən” mahnıları ilə xalqın ürəyinə yol tapmış, Azərbaycan mədəniyyətini, musiqisini dünyaya tanıtmış sənətkar eyni zamanda uşaqlar üçün də musiqi əsərləri yazmış və bu gün ümumtəhsil məktəblərində tədris olunan bir çox musiqi dərsliklərinin müəllifidir.
Prezident İlham Əliyev Bakıdakı 23 nömrəli orta məktəbin binasının əsaslı yenidənqurma işlərindən sonra açılışında iştirak edib
Azərtac xəbər verir ki, avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva paytaxtın Nəsimi rayonundakı 23 nömrəli tam orta məktəbin binasının əsaslı yenidənqurmadan sonra açılışında iştirak ediblər. Azərbaycanda təhsilin və elmin inkişafına ən yüksək səviyyədə dövlət qayğısı göstərilir. Bu sahələrin tərəqqisi isə öz növbəsində ölkəmizin sürətli inkişafına töhfəsini verir. Azərbaycan dövlətinin reallaşdırdığı siyasətin əsasında duran prioritetlərdən biri də insan kapitalının daha da inkişaf etdirilməsidir. Bu baxımdan təhsil sahəsinə qoyulan investisiyalar mühüm əhəmiyyət kəsb edir.