ELS təbrik edir!
Bu gün Azərbaycanın ilk qadın-bəstəkarı, uşaq mahnılarının yaradıcısı Ağabacı Rzayevanın məşhur “Kukla” mahnısının əvəzsiz ifaçısı, hazırda Bakı Musiqi Kollecinin müəllimi, bəstəkar Zabitə xanım Məmmədovanın doğum günüdür. Gənc nəslin mükəmməl və hərtərəfli inkişafı, yüksək mənəvi və mədəni dəyərlərə malik şəxsiyyət və cəmiyyətimizin layiqli üzvü kimi formalaşmasına dair “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin uğurla həyata keçirdiyi layihələrində fəal iştirak edən Zabitə xanım hər zaman işgüzarlığı, təvazökarlığı, uşaq musiqisinin inkişafı sahəsində dönüş etmək arzusu ilə seçilir.
Gözəl musiqi əsərləri ilə gündəmdə qalan bəstəkarın fəaliyyətinin əsas xəttini uşaq mahnıları təşkil edir. Zabitə Məmmədova “Rəssam olacağam mən” mahnısını ötən il ELS-ın həyata keçirdiyi “Yeni uşaq mahnıları-2013” Ümumrespublika Müsabiqəsinə təqdim etmiş və Münsiflər Heyətinin yekdil rəyi ilə 2-ci yerə layiq görülmüşdür. Yeri gəlmişkən, bütün qalib mahnıları meneviservetimiz.az saytında dinləyə bilərsiniz.
“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin kollektivi Zabitə xanımı doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm can sağlıqı, yaradıcılığında uğurlar, xoşbəxtlik arzulayır və görkəmli şair İlyas Tapdığın ona həsr etdiyi şeiri təqdim edir.
Zabitə
Eşitmişik qışı, yazı
Yaddaşlarda bir "Kukla" var.
Gəncliyində nəğmə yazıb
İndi gözəl bir bəstəkar.
Təzə mahnı bəsdələyr
Bakı haqda, sevgi haqda.
"Ay ağıllı kuklam" deyir.
Hey охuyur bir uşaq da.
Arzusu saf, qəlbi təmiz
İki qız var - Zabitə qız.
Bir bəstəkar Zabitəmiz
Bir nəğməkar Zabitə qız.
Sanki bir cüt rəfiqədir,
Biri uşaq, biri cavan.
Bir-birilə qoşa gedir,
Qoşa gəzir ayrılmadan.
Yaş çoxalır - həyatdı bu
Düşür qəlbə neçə yazı,
Gənc Zabitə kiçik dostu
Zabiləyə qulaq asır.
Ömrün iki dünyasında
İkisinin bir adı var.
İki sahil arasında
Mahnıların qanadı var.
İlyas Tapdıq
27 dekiabr 1980-ci il