admin2
Uşaqların qəlbinə yol tapan şəxsiyyət
Bəstəkar Oqtay Zülfüqarov 83-cü baharını yaşayır
Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, xalq artisti, şöhrət ordenli bəstəkar Oqtay Zulfüqarov bu yaxınlarda 83 yaşını qeyd edib. Uşaq mahnıları ilə neçə-neçə nəslin ürəyinə yol tapmış bəstəkar bu gün də yaradıcılıq axtarışındadır. Azərbaycan Dövlət Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərən “Aysel” mahnı teatrının bədii rəhbəri Oqtay müəllim daima uşaqları düşünərək bir-birindən gözəl və rəngarəng mahnılar yaradır.
Bəstəkarın son illər yazdığı mahnıların sözləri də elə onun özünə aiddir. Qısa bir vaxtda uşaqların ürəyinə yol tapmış çox sadə dildə qələmə alınmış misralar böyük tərbiyəvi təsir qüvvəsinə malıkdir. Tez-tez mavi ekranların qonağı olan bəstəkar maraqlı məsləhətləri ilə hər kəsi dəyərləri qorumağa, böyüməkdə olan nəslin mənəvi-estetik tərbiyəsinə xüsusi diqqət yetirməyə çağırır. Bəstəkarın saysız-hesabsız uğurları zəngin yaradıcılığında ona daim dəstək olan həyat yoldaşı, silahdaşı, musiqişünas İnarə Zülfüqarovanın da uğurları hesab oluna bilər.
Uşaqlar üçün 500-dən artıq mahnı yazmış Oqtay müəllimi Ad günü münasibətilə təbrik edir, möhkəm can sağlığı, uzun ömür və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. Bəstəkarın dili ilə desək:
Ad günün mübarək, Mübarək olsun! |
Həyatın həmişə Gül-bahar olsun! |