Yeni uşaq mahnılarının birinci seçim turu başa çatdı
Oktyabrın 25-də “Yeni uşaq mahnıları - 2013” Ümumrespublika Müsabiqəsinin birinci seçim turu başa çatıb. Bakı Musiqi Akademiyasının səsyazma studiyasında “ELS-Müstəqil Araşdırmalar Mərkəzi”nin AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 2013-cü il iyunun 1-dən həyata keçirdiyi layihə çərçivəsində “Yeni uşaq mahnıları - 2013” Ümumrespublika Müsabiqəsinə 19 müəllifin təqdim etdiyi 73 mahnıdan 37-i ikinci tura keçib.
Oktyabrın 29-da keçiriləcək növbəti mərhələdə 10 mahnı finala çıxacaq və dekabr ayında R.Behbudov adına Mahnı Teatrında keçirilməsi nəzərdə tutulan qala-konsertdə səsləndiriləcək.
Xatırladaq ki, münsiflər heyəti incəsənət xadimlərindən, o cümlədən Bakı Musiqi Akademiyasının prorektoru Gülnaz Abdullazadə, bəstəkarlar Oqtay Zülfüqarov, Oqtay Rəcəbov və Mehriban Əhmədova, şairlər Baba Vəziroğlu, Vahid Əziz, professor Minarə Dadaşova, Musiqi Kollecinin direktoru Nazim Kazımov, rejissor, əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyov, yazıçı Gülzar İbrahimova və layihənin rəhbəri İradə Yaqubovadan ibarətdir.