“Azərbaycanda uşaqlar həm dövlət, həm də cəmiyyətin qayğısı ilə əhatə olunub”
AŞPA komitəsində azərbaycanlı parlamentarinin hesabatı dinlənilib
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial işlər, sağlamliq və davamlı inkişaf komitəsinin iyunun 27-də keçirilən iclasında sözügedən qurumun "Uşaqlara qarşı zorakılıqla mubarizə" proqramının ölkəmizdə parlament əlaqələndiricisi Sevinc Fətəliyeva Azərbaycanda proqramın tətbiq olunması haqqında hesabat verib.
Gün.Az-ın verdiyi məlumata görə,S.Fətəliyeva hesabat zamanı bildirib ki, Azərbaycanda uşaqlara dövlət hərtərəfli qayğı göstərir və bu istiqamətdə işlər getdikcə artır..
Millət vəkilinin dediyinə görə, bu qayğı bütün istiqamətləri - təhsil, idman və sairəni əhatə etməklə yanaşı, dövlət tərəfindən, xüsusilə də uşaq hüquqlarının müdafiəsi və təbliğinə böyük diqqət yetirilir: “Ölkədə uşaqlara qarşı zorakılıqla bağlı həm dövlət, həm də ictimaiyyət tərəfindən ciddi addımlar atılmaqdadır. Uşaqlar həm dövlətin, həm də cəmiyyətin qayğısı ilə əhatə olunub. Avropa Şurasının dünyada uşaqlara qarşı zorakılıq halları ilə mübarizə istiqamətində reallaşdırdığı “Hər beşdən biri” kampaniyası ölkəmizdə uğurla aparılır və dövlət tərəfindən dəstəklənir”.
Hesabat zamanı o da qeyd olunub ki, 2012-çi il ərzində bu sahə üzrə ölkəmizdəki parlament əlaqələndiricisi S. Fətəliyevanin təşəbbüsü və Milli Məclisin təşkilatçılığı ilə bir sıra tədbirlər həyata keçirilib. Belə ki, Bakı şəhərinin müxtəlif rayonlarında məktəblilərin və əlaqədar təşkilatların iştirakı ilə “Biz zorakılığa “yox” deyirik” adlı müzakirələr, Milli Məclisdə “Uşaqlara qarşı zorakılıq: Səbəblər və onların qarşısının alınması” mövzusunda konfrans keçirilib. Eləcə də öz təcrübələrini bölüşmək məqsədi ilə Almaniyadan və Litvadan ekspertlər dəvət olunub,uşaqlarla mövzu ilə əlaqədar müzakirələr aparılıb.
S. Fətəliyeva hesabat zamanı həmçinin, gələcək nəsillər üçün təhlükəsiz həyat qurmağın bizim hər birimizin vəzifəsi və borcu olduğunu qeyd edib, Azərbaycanda uşaq zorakılığının qarşısının alınmasında milli strategiyanın uğurla həyata keçirildiyini və mövcud qanunvericiliyin ildən-ilə təkmilləşdirildiyini vurğulayıb.