ELS yeni layihəyə başladı
“ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsinin təbliğində vətəndaş cəmiyyətinin iştirakının gücləndirilməsi” adlı layihəyə start verib. Birlikdən verilən məlumata görə, layihənin məqsədi ilk peşə təhsilinə marağın artırılması, regionda peşə və orta məktəb əlaqələrinin təkmilləşdirilməsi, regionda mövcud uğurlu sənətkarların fəaliyyətinə dair videoçarxların çəkilməsi, icma üzvlərinin peşələrə münasibətində dönüşün yaradılmasına nail olmaqdır.
Layihə çərçivəsində Bərdə, Salyan və Cəlilabad rayonlarında dəyirmi masaların keçirilməsi, regionda uğurlu sənətkarların fəaliyyətinə dair videoçarxların çəkilməsi, “Facebook” sosial şəbəkəsində “Peşəm - mənim fəxrimdir” səhifəsinin açılması və peşələrə dair videoçarxların burada yerləşdirilərək sosial şəbəkələrdə yayımlanması planlaşdırılır.
Bu məqsədlə cari ilin 22-23 may tarixlərində Salyan və Cəlilabad rayonlarında ilk peşə təhsili müəssisələri və orta məktəblərdə görüşlər keçirilib və peşə məktəblərinin yetirmələrinin uğurlu fəaliyyət nümunələrini əks etdirən videoçarxlar üçün çəkilişlər aparılıb.
Qeyd edək ki, layihənin növbəti mərhələsi Bərdə rayonunda həyata keçiriləcək.
Salyan Peşə Liseyindən görüntülər
Mirəjdər Mürsəlov adına Cəlilabad Peşə liseyindən görüntülər
Cəlilabad Peşə məktəbindən görüntülər