“ELS” Müstəqil Araşdırmalar Mərkəzi yeni layihəsinin ilkin təqdimatını keçirdi
Sentyabrın 30-da “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi Beynəlxalq Mətbuat Mərkəzində AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və İctimai Televiziya və Radio Yayımları Şirkətinin informasiya, texniki və təşkilatçılıq dəstəyilə “Ailə, qadın və uşaq problemlərinin həllində milli-mənəvi dəyərlərin rolunun gücləndirilməsi” layihəsinin ilkin təqdimatını keçirdi. Təqdimat
Layihənin mahiyyətindən danışan Mərkəzin rəhbəri İradə Yaqubova yetişən nəslin mənəvi, fiziki və psixoloji cəhətdən milli ənənələrə uyğun formalaşması, sağlam ailə münasibətlərinin qurulması, məişət zorakılığının aradan qaldırılması kimi cəmiyyəti narahat edən aktual məsələlərə toxundu. Onun fikrincə, yetişən nəslin mədəni-mənəvi cəhətdən formalaşması, milli ənənələrin qorunması, sağlam ailə modelinin qurulması və təbliği nəticəsində vətəndaş cəmiyyətində mənəvi dönüş yaratmaq vaxtı yetişib artıq. İctimai Televiziyada bu məsələlərlə bağli silsilə verilişlərin hazırlanacağını deyən layihə rəhbərinin qənaətinə görə, bu, mövcud problemlərin ictimailəşdirilməsinə gətirib çıxaracaq.
Sonra İ.Yaqubova Azərbaycanın ali təhsil ocaqlarının tələbələri arasında keçirilmiş ailə həyatının formalaşması, ailə dəyərlərinin qorunmasına dair sorğunun nəticələri açıqladı.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin gənclər, elm və təhsil departamentinin direktoru Zaur Mahmudov “ELS” Müstəqil Araşdırmalar Mərkəzi ilə çoxillik əməkdaşlıq təcrübəsindən danışdı. O, bu gün ortaya qoyulan mövzuların İctimai Televiziyanın konsepsiyasına tam uyğun olduğunu və tezliklə həmin məsələlərin ekspertlərin iştirakı ilə efirdə müzakirə ediləcəyini söylədi.
Tədbir dövlət və qeyri-hökümət təşkilatları nümayəndələri, psixoloqlar, orta və ali təhsil müəssisələrinin müəllim və tələbələri iştirakılə ictimai müzakirələrlə davam etdi.