“Azərbaycanın mədəni irsinin qorunması və inkişafına dəstək”
ELS yeni layihəyə start verir
"ELS - Müstəqil Araşdırmalar Mərkəzi" İctimai Birliyinin “Azərbaycanın mədəni irsinin qorunması və inkişafına dəstək” adlı layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2014-cü il 1-ci maliyyə yardımı müsabiqəsinin qalibidir. Qeyd edək ki, fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 217 QHT layihəsinin maliyyələşdirilməsi haqda yekun qərar qəbul etmişdir.
Layihə çərçivəsində “Yeni uşaq mahnıları-2013” Ümumrespublika Müsabiqəsinin qalib mahnılarından ibarət disklərin buraxılışı və notların dərci nəzərdə tutulmuşdur. Xatırladaq ki, “Yeni uşaq mahnıları-2013” Ümumrespublika Müsabiqəsi 2013-cü il iyunun 1-dən Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənc nəslin mədəni-mənəvi inkişafının dəstəklənməsi” layihəsi çərçivəsində keçirilmiş və dekabrın 19-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yekun konsertlə başa çatmışdır. Müsabiqədə 10 qalib mahnı, həmçinin “Laylalar” və “Gənc nəsil” nominasiyaları üzrə “Ana laylası” və “Gözəl Bakı” kimi mahnılar qalib gəlmişdir.