Bakıda “Cırtdan” II Beynəlxalq kukla teatrlarının festivalı keçiriləcək
Noyabrın 9-dan 16-dək Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, “UNİMA”nın dəstəyi ilə “Cırtdan” II Beynəlxalq kukla teatrları festivalı keçiriləcək. APA-nın məlumatına görə, festival çərçivəsində tamaşalar Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının və Dövlət Gənc Tamaşaçılar Teatrının səhnələrində oynanılacaq.
Beynəlxalq tədbirdə təqribən 15 ölkədən 17 kollektivin iştirakı gözlənilir. Festival günlərində UNİMA Beynəlxalq Kukla Teatrları Assosasiyasının tədbirləri də keçiriləcək. UNİMA-nın rəhbərliyi başda olmaqla qonaq qismində kukla sənətkarlığı sahəsində tanınmış 30 mütəxəssisin Bakıya gəlişi planlaşdırılır.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, noyabrın 10-da teatrın səhnəsində Böyük Britaniyanın “British Council” təşkilatı Dorset Kukla Teatrı Kompaniyasının “Asılmış vəziyyətdə” tamaşası təqdim olunacaq.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının təqdim edəcəyi ikinci əsər Teatro Verde Burattinin (İtaliya) “Bir kral var idi...” tamaşasıdır. Tamaşa teatrın səhnəsində noyabrın 11-də oynanılacaq. Festivalın üçüncü tamaşası - “Günyol” Marionet Teatrının (İsveçrə) “Mən danışmaq istəyirəm”i noyabrın 13-də nümayiş olunacaq.