Heydər Əliyev Fondu uşaqlar üçün Yeni il şənliyi təşkil edib
Dekabrın 27-dən 29-dək Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Buta” sarayında uşaq evlərində və internat məktəblərində təlim-tərbiyə alan, yetim və valideyn himayəsindən məhrum, o cümlədən qaçqın və məcburi köçkün ailələrindən olan yeniyetmələr üçün Yeni il şənlikləri təşkil olunub.
APA-nın məlumatına görə, dekabrın 28-də Fondun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bayram şənliyində iştirak ediblər. Hər il olduğu kimi, bu il də şənlik iştirakçılarına yeni tərtibatda hazırlanmış “Qış nağılı” proqramı təqdim olunub, həmçinin müxtəlif uşaq qrupları və tanınmış ifaçılar çıxış edib.
Azərbaycanın birinci xanımı bayram münasibətilə uşaqlara təbriklərini çatdırıb və onlarla xatirə şəkli çəkdirib. Sonda hər bir uşağa Heydər Əliyev Fondu adından Yeni il hədiyyəsi təqdim olunub. Bütövlükdə Fondun Yeni il şənliklərində 2000 yaxın uşaq və yeniyetmənin iştirakı nəzərdə tutulub.