Cümə axşamı, 13 Sentyabr 2012 16:09
UNİSEF: Azərbaycanda uşaq ölümünün səviyyəsi son 20 ildə iki dəfə azalıb
BMT-nin açıqladığı son hesabata əsasən, Azərbaycan uşaq ölümünün səviyyəsinə görə, 195 ölkə sırasında 61-ci yeri tutur. APA-nın məlumatına görə, bu barədə BMT Uşaq Fondunun (UNİSEF) açıqladığı hesabatda qeyd olunur. Hesabatda son 20 ildə Azərbaycanda 5 yaşa qədər uşaqlar arasında ölüm hallarının 53 faiz azaldığı bildirilir. 1990-cı ildə Azərbaycanda dünyaya gələn hər min uşaqdan 95-i beş yaşlına çatmamış ölürdüsə, ötən il bu rəqəm hər min uşağa 45 fakt təşkil edib. Ölkəmizdə 5 yaşa qədər uşaqlar arasında ölüm hallarının əsas səbəbləri doğuş zamanı meydana çıxan problemlər, sətəlcəm, ishal, travma hallarıdır.
UNİCEF-in hesabatında qeyd olunur ki, son 20 il ərzində planetdə uşaq ölümünün səviyyəsi iki dəfə azalıb. 1990-cı ildə bütün dünyada 12 milyon uşaq vəfat etmişdisə, 2011-ci ildə bu rəqəm 6,9 milyon nəfər təşkil edib.
Hesabatda bildirilir ki, buna rəğmən dünya ictimaiyyəti BMT-nin qarşısına qoyduğu məqsədə çatmaqdan – 2015-ci ilədək uşaq ölümünün səviyyəsini 65 faiz azaltmaq hədəfindən hələ də uzaqdır.
UNİSEF-in hesablamalarına görə, ötən il dünyada hər gün 5 yaşına yatmamış 19 min uşaq dünyasını dəyişib. Müalicə oluna biləcək xəstəliklərdən ölüm halları Saxaranın cənubunda və Cənubi Asiyada daha yüksəkdir. Uşaq ölümü hallarının tam yarısı beş ölkənin – Hindistan, Pakistan, Çin, Konqo Demokratik Respublikası və Nigeriyanın payına düşür.
Uşaqlar arasında ən yüksək ölüm səviyyəsi Syerre-Leonedə qeydı alınıb (hər min uşağa 184 ölüm faktı). Almaniyada hər min uşaqdan yalnız üçü beş yaşına çatmamış dünyasını dəyişir. Rusiya bu siyahıda 128-ci, Ermənistan 102-ci, Gürcüstan 91-ci, Qazaxıstan 78-ci, Özbəkistan 56-cı, Türkmənistan 54-cü, Tacikistan 46-cı yeri tutur.