Efir məkanında uşaq verilişlərinin mövcud vəziyyəti
«ELS» Müstəqil Araşdırmalar Mərkəzi “Aktual qonaq” verilişinin qonağı oldu
“Təəssüflər olsun ki, Azərbaycanın efir məkanında son illər uşaq verilişləri ilə bağlı müsbət dəyişikliklər müşahidə olunmur”. Bunu avqustun 29-da “Xəzər” TV-in canlı efirinda “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova bildirib. Onun sözlərinə görə, artıq 2 ildir ki, rəhbərlik etdiyi qurum bu aktual problemi araşdırır və çıxış yolları axtarır. Çoxsaylı sorğu və monitorinqlər, ictimai müzakələr, dövlət başçısına qəbul olunan müraciətlər, o cümlədən “Uşaq Telekanalı”nın yaradılması ilə bağlı təkliflər paketi bu problemin aradan qaldırılacağına dair ümid verir.
Aparıcının “Uşaq verilişləri ilə bağlı ölkənin efir məkanında mövcud acınacaqlı durum nə ilə baglı” sualını İ.Yaqubova belə cavablandırdı ki, televiziya kanalları proqramların tərtibatında ilk növbədə maddi səmərəliliyi düşünmək məcburiyyətində olduqları üçün uşaq verilişlərinə lazımi diqqət yetirmirlər. Ölkədə yayımlanan telekanalların rəsmi təmsilçiləri dəfələrlə ictimai müzakirələr zamanı açıq şəkildə uşaq teleauditoriyasının gəlir gətirən sahə olmadığını etiraf edirlər. Ekspertin fikrincə, belə oduğu halda məsələyə dövlət müdaxilə etməli və dünya təcrübəsinə arxalanaraq yetişən nəslin cəmiyyətimizin yetkin, layiqli, hərtərəfli inkişaf etmiş üzvü kimi formalaşması üçün Dövlət Uşaq Televiziya Kanalını yaratmalıdır. Azərbaycanda ayrıca uşaq televiziya kanalının olmaması gənc nəsli gün ərzində böyüklər üçün yayımlanan verilişlərə baxmaq məcburiyyətində qoyur və yad mədəniyyəti təbliğ edən, yanlış dünyagörüşü formalaşdıran teleseriallar və cizgi filmləri uşaq süuruna mənfi təsir göstərir.
Canlı efir zamanı İ.Yaqubova tamaşaçıların suallarını da cavablandırdı.