"Gənclərin yaxşı və pis cəhətlərinə görə məsuliyyəti yaşlı nəsil daşıyır"
"ELS" Müstəqil Araşdırmalar Mərkəzi “Mənəvi sərvətimiz” adlı silsilə görüşlərə start verdi
İyulun 19-da "ELS" Müstəqil Araşdırmalar Mərkəzi Azərbaycanın tanınmış incəsənət və ictimai xadimləri ilə “Mənəvi sərvətimiz” adlı silsilə görüşləri çərçivəsində Azərbaycanın xalq şairi Vahid Əzizlə Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında görüş keçirmişdir.
Slavyan Universitetinin tələbələri, QHT təmsilçiləri və KİV əməkdaşlarının qatıldığı tədbirdə qonaqları salamlayan Respublika Uşaq Kitabxanasının direktoru Fizurə Quliyeva şair Vahid Əzizin keçdiyi həyat və yaradıcılıq yolundan söhbət açdı. Onun sözlərinə görə, Vahid Əzizin bütün misralarında əsas xətti məhəbbət və ülvi hisslər təşkil edir, bu da onun zəngin daxili aləmindən xəbər verir.
"ELS" Müstəqil Araşdırmalar Mərkəzinin direktoru İradə Yaqubova 2011-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə gerçəkləşən Uşaq İnternet Portalının yaranmasında incəsənət xadimləri Oqtay Zülfüqarov və Oqtay Rəcəbovla yanaşı şair Vahid Əzizin də xüsusi dəstəyindən və verdiyi məsləhətlərdən söhbət açdı.
Azərbaycanın tanınmış şairi bü cür görüşlərin təqdirəlayiq olduğunu dedi və təşkilatçılara minnətdarlığını bildirdi: "Bu cür görüşlər tez-tez təşkil olunmalı, elm və mədəniyyət xadimləri, tarixçilər gənclərlə daim ünsiyyətdə olmalı və onların dünyagörüşlərini artırmalıdırlar". O, Slavyan Universitetinin geniş imkanlarından, o cümlədən həmin təhsil ocağının məzunlarının Azərbaycan həqiqətlərinin bütün dünyaya informasiya daşıyıcısı olduqlarını vurğuladı. Onun sözlərinə görə, gənc nəslin formalaşmasında dövlət siyasəti ilə yanaşı ictimaiyyət, valideynlər və müəllimlərin də xüsusi rolu var. "Gənclərin yaxşı və pis cəhətlərinə görə məsuliyyəti yaşlı nəsil daşıyır", - deyə, Vahid Əziz əlavə etdi.
Görüşdə çıxış edən Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov "Vahid Əziz bizim milli sərvətimizdir. Gənclərin daim onun dəyərli məsləhətlərinə ehtiyacı var" - dedi. Onun qənaətinə görə, gənclərin mədəni-əxlaqi tərbiyələndirilməsində bu cür yaradıcı insanlar çox işlər görə bilər, amma nədənsə bu gün bir çoxlarının səsi çıxmır. Yaxşı olardı ki, yaradıcı insanlar telekanallarda və daha geniş auditoriyalarda gənc nəslə dəyərli tövsiyyələrini versinlər".
Sonda Vahid Əziz son zamanlar qələmə aldığı şerlərdən oxudu və tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırdı.