Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Mənəvi sərvətimiz

01-Mehseti

Məhsəti Gəncəvi (XII əsr)

XI əsrin sonları - XII əsrin əvvəllərində yaşamış böyük Azərbaycan şairəsi Məhsəti Gəncəvi  Gəncə şəhərində doğulmuş və ömrünün sonuna qədər burada yaşamışdır. Onun əsl adı Mənicə idi, Məhsəti adını isə özünə ədəbi təxəllüs kimi götürmüşdü. O, ilk məşhur Azərbaycan şairəsi, ilk şahmatçı qadın, ilk görkəmli qadın musiqiçimiz və çox ehtimal ki, ilk qadın bəstəkarımızdır. O, öz savadı, gözəlliyi, məlahətli səsi və poetik istedadı ilə müsəlman dünyasının bir çox ölkələrində nüfuz və rəğbət qazanmışdır.

02-Nizami-Gencevi

Nizami Gəncəvi (1141-1209)

Şair, Azərbaycan ədəbiyyatının ən parlaq nümayəndəsi Nizami Gəncəvi (Cəmaləddin İlyas ibn Yusif Nizami Gəncəvi) ömrü boyu Gəncədə yaşamış, saray şairi olmaqdan qətiyyətlə imtina etmiş görkəmli şəxsiyyətdir. Onun yaradıcılığında dövrünün ən humanist, ümümbəşəri ictimai-siyasi, sosial və mənəvi-əxlaqi idealları parlaq bədii əksini tapmışdır. Türk dilindən başqa ərəb və fars dillərini də mükəmməl bilən şairin Yunan dili ilə də tanış olduğu, həmçinin qədim yunan tarix və fəlsəfəsini, astronomiya, tibb və həndəsə elmlərini yaxşı mənimsədiyi əsərlərindən aydın görünür. Nizami Gəncəvi öz ölməz beş poeması ("Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "İsgəndərnamə") ilə dünya ədəbiyyatına tamamilə yeni bir poetik səs nəfəs gətirmişdir. 


03-Nesimi

İmaməddin Nəsimi (1369-1417)

Seyid Əli İmadəddin Nəsimi orta əsr Azərbaycan şairi və hürufilik təriqətinin ən məşhur nümayəndələrindən biri. Zamanında Nəsimi təxəllüsü ilə daha çox tanınan şair  Azərbaycan türkcəsində divanın, fars və ərəb dillərində isə müxtəlif xırda əsərlərin müəllifi olmuşdur.

04-Fuzuli

Məhəmməd Fizuli (1494-1556)

Orta əsr Azərbaycan şairi və mütəfəkkiri, Azərbaycan-Türk ədəbiyyatı tarixində divan janrının ən möhtəşəm nümayəndələrindən biri Məhəmməd Süleyman oğlu Füzuli  üç dildə qəzəl, qəsidə, müsəddəs, tərkibbənd, tərcibənd, rübai, qitə, mürəbbe və s. yazmışdır. Fəlsəfi mahiyyətli qəsidələri, "Yeddi cam", "Ənisül-qəlb", "Səhhət və Mərəz" əsərləri qocalıq dövrünün məhsullarıdır. O, qəsidələrini ayrıca bir əsər kimi toplayıb kitab şəklinə salmış, türk, fars və ərəb dillərində divanlar tərtib etmişdir.

Yaradıcılığının zirvəsi olan "Leyli və Məcnun" poeması Azərbaycan, eləcə də Şərq və dünya poeziyasının nadir incilərindəndir. Nizami Gəncəvinin ilk dəfə yazılı ədəbiyyatı gətirdiyi "Leyli və Məcnun" mövzusunun bir çox türk, fars, hind, özbək və tacik şairləri tərəfindən qələmə alınmasına baxmayaraq, Füzulinin ana dilində yaratdığı əsər orijinallığı ilə bu mövzuda əvvəllər yazılmış poemalardan seçilir.

05-Natavan

Xurşidbanu Natəvan (1832-1897)

Azərbaycanın görkəmli şairi, Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi Xurşidbanu Natəvan 15 avqust 1832-ci ildə Şuşada anadan оlmuşdur. Xurşudbanu ailənin yeganə övladı, həm də Qarabağ xanlıqlarının sоnuncu vərəsəsi оlduğu üçün, оnu sarayda « Dürrü yeкta» (Təк inci), el arasında isə «Xan qızı» çağırmışlar.

Xurşidbanu Natəvan parlaq istedada və qabaqcıl ideallara malik olan şəxsiyyət olmuşdur. O, Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin izlər qoymuşdur.

Gənc şairə Şuşada "Məclisi üns" ədəbi məclisini təşkil etmişdir. 1973-cü ildə Şuşaya su kəmərini çəkdirmişdir: bu su kəməri indi də "Xan qızı bulağı" adı ilə məşhurdur. 

06-Hesenbey-Zerdabi

Həsən bəy Zərdabi (1837-1907) 

Azərbaycanın görkəmli maarifcısı və publisisti Həsən bəy Zərdabi (Həsən bəy Səlim bəy Məlikov) 28 iyun 1837-ci il Göyçay qəzasının Zərdob kəndində anadan olmuşdur. İlk təhsilini mollaxanada alan Həsən sonra Şamaxı və Tiflisdəki məktəblərdə oxumuşdur. 1861-1865-ci illərdə Moskva Dövlət Universitetinin təbiyyat-riyaziyyat fakültəsində ali təhsil aldıqdan sonra o, azərbaycana qayıdır və Bakı məktəblərinin birində rus dilində təbiətşünaslıqdan dərs deməyə başlayır.

Həsən bəy Zərdabi Azərbaycan tarixinə ilk Azərbaycan qəzetinin redaktoru kimi düşüb. Belə ki, 1875-ci il iyulun 22-də Bakıda ilk dəfə olaraq azərbaycan dilində “Əkinci” qəzeti işq üzü görmüşdür. Lakin qəzet cəmi 2 il 56 nömrə ilə fəaliyyət göstərdi. Həsən bəy Zərdabi 1907-ci il noyabrın 28-də vəfat etmişdir. Noyabrın 30-da onun Bakıda keçirilən dəfn mərasimində minlərlə insan iştirak etmişdir.

07-Mirze Elekber Sabir

Mirzə Ələkbər Sabir (1862-1911) 

Ələkbər Zeynalabdin oğlu Tahirzadə (Sabir) 1862-ci il mayın 30-da Şamaxıda anadan olmuşdur. XX əsrin əvvəllərindən başlayaraq Sabirin şerləri mətbuat səhifələrində görünməyə başlayır: 1903-cü ildə "Şərqi-Rus" qəzetində, bir qədər sonra isə "Həyat" qəzetində şerləri çap olunur, 1906-cı ildə şair "Molla Nəsrəddin" jurnalının ən fəal müəlliflərindən birinə çevrilir. 1911-ci il iyulun 12-də, həyatının və yaradıcılığının ən parlaq bir vaxtında Sabir ağ ciyər xəstəliyindən vəfat edir və dünyaya göz açdığı Şamaxıda, "Yeddi günbəz qəbiristanı"nda dəfn olunur.

Sabirin xatirəsinə hörmət əlaməti olaraq vəfatından bir il sonra, 1912-ci ildə həyat yoldaşı və dostları Abbas Səhhət və M.Mahmudbəyovun səyi nəticəsində "Hophopnamə" adı ilə şerləri çap olunur, 2i il sonra isə xalqın ianəsilə "Hophopnamə"nin ikinci, daha mükəmməl nəşri işıq üzü görür.

08-Celil Memmedquluzade

Cəlil Məmmədquluzadə (1869-1932) 

Yazıçı-dramaturq, jurnalist, ictimai xadim Cəlil Məmmədquluzadə 1869-cu il fevralın 10-da Naxçıvan şəhərində anadan olmuşdur. İlk təhsilini əvvəlcə mollaxanada, sonra Naxçıvan şəhər məktəbində almışdır. 7 iyun 1887-ci ildə Zaqafqaziya Müəllimlər Seminariyasını (Qori) bitirmiş, bir müddət İrəvan quberniyasının kəndlərində müəllimlik etmişdir (1887-1897).

«Molla Nəsrəddin» jurnalının nəşrinə başlamaqla Cəlil Məmmədquluzadə Azərbaycanda, eləcə də Yaxın Şərqdə satirik jurnalistikanın əsasını qoydu və «Molla Nəsrəddin» adı ilə məşhur oldu.
Onun «Poçt qutusu», «Usta Zeynal», «İranda hürriyyət», «Qurbanəli bəy» kimi hekayələri, məşhur «Ölülər» komediyası Azərbaycan realizmi və satirası tarixində şərəfli yer tutur. Yaradıcılığında milli şüur («Anamın kitabı», 1919), məktəb tərbiyəsi, ümumiyyətlə xalq maarifi («Danabaş kəndinin məktəbi», 1921) problemlərinə geniş yer verilmişdir. 4 yanvar 1932-ci ildə Bakı şəhərində vəfat etmiş ədibin qəbri “Fəxri Xiyaban”dadır. 

09-Ebdurrehim bey Haqverdiyev

Əbdürrəhim bəy Haqverdiyev (1870-1933) 

Naşir, damaturq, ədəbiyyatşünas, dirijor, əməkdar incəsənət xadimi Əbdürrəhim bəy Haqverdiyev 1870-ci mayın 17-də Qarabağ mahalının Şuşa şəhəri yaxınlığındakı Ağbulaq kəndində doğulub. İbtidai təhsili 1880-ci ildə Şuşada Yusif bəyin müvəqqəti yay məktəbində, sonra Şuşa realnı məktəbində almışdır (1881-1890).

Əbdürəhim bəy Haqverdiyev ədəbi fəaliyyətə Şuşa real məktəbində oxudugu zaman başlamış, M.F. Axundzadənin təsiri ilə "Hacı Daşdəmir" adlı kiçik bir pyes yazmışdı. Peterburqda təhsil alarkən onun bədii yaradıcılığa meyl və həvəsi daha da çoxalır və burada "Yeyərsən qaz ətini, görərsən ləzzətini" (1892) dramını və "Dağılan tifaq" (1896) faciəsini yazır.

"Leyli və Məcnun" operası 1908-ci il yanvarın 12-də tamaşaya qoyulduğu zaman ilk Azərbaycan dirijoru kimi xor və orkestri idarə edir. 1933-cü il dekabrın 11-də Bakıda vəfat etmiş Əbdürrəhim bəy Haqverdiyevin məzarı Fəxri xiyabandadır.

10-Ordubadi

Məmməd Səid Ordubadi (1872-1950) 

Görkəmli nasir, şair, dramaturq, jurnalist, tərcüməçi. Azərbaycanın əməkdar incəsənət xadimi Məmməd Səid Ordubadi ilk təhsilini molla yanında, sonra isə Mirzə Baxşı adlı bir müəllimin məktəbində almışdır. O, ədəbi yaradıcılığa 14-15 yaşlarından başlamışdır.

1903-çü ildə "Şərqi-Rus" qəzetində Ordubadinin qəzetin nəşrə başlanmasını alqışlayan şeri çap olunur. O, azadlığa, mütləqiyyət üsuli-idarəsi ilə mübarizəyə çağıran əsərlər yazır. Cəhalət və nadanlıq əleyhinə yazdığı "Ədəbiyyat" adlı ilk mətbu şeri Tbilisidə çıxan "Şərqi-Rus" qəzetinin 13 İyul 1903-cü il tarixli 31-ci sayında dərc olunmuşdur. 1906-cı ildə Tbilisidə "Qəflət", 1907-ci ildə isə "Vətən və hürriyyət" adlı şer kitabları çap edilmişdir. M. S. Ordubadi uzun sürən xəstəlikdən sonra 1 may 1950-ci ildə Bakıda vəfat etmişdir.

11-Abbas Sehhet

Abbas Səhhət (1874-1918) 

Şair, dramaturq, tərcüməçi Abbas Əliabbas oğlu Mehdizadə (Abbas Səhhət) 1874-cü ildə Şamaxıda ruhani ailəsində dünyaya gəlmiş, ilk təhsilini elə burada almışdır. 1900-cü ildə Tehran Universitetinin tibb fakültəsini bitirən və rus, ərəb, fars və fransız dillərini mükəmməl bilən gənc 1901-ci ildə Şamaxıya qayıdır və həkimliklə yanaşı məktəblərdə Azərbaycan dilindən dərs deyir. Məhz bu dövrdən etibarən ədəbi fəaliyyətə başlayır və artıq 1903-cü ildən məqalələri Şərqi-Rus qəzetində çap olunur. 1905-ci ildə "Yeni poeziya necə olmalıdır?" adlı məqaləsi, daha sonra "Poetik nitq", "Azadlığa mədhiyyə", "Oyanışın səsi" şerləri işıq üzü görür.

Şair 1908-ci ildə baş vermiş İran inqilabına ən gözəl əsərlərini həsr etmişdir. O, uşaqlar üçün yazılmış "Yay", "Ata və oğul", "Quşlar" və onlarla başqa şeir və mahnıların müəllifidir. Abbas Səhhət 1918-ci ildə Gəncədə vəfat etmişdir.

12-Suleyman-Sani-Akhundov

Süleyman Sani Axundov (1875-1939)  

Azərbaycan dramaturqu, mühərriri, uşaq ədəbiyyatı yazıçısı Süleyman Sani Axundov Şuşada bəy ailəsində dünyaya gəlib və 1894-cü ildə Qori Müəllimlər Seminariyasını bitirib. Ömrünün axırınadək tədris və jurnalistika ilə məşğul olub.

1906-cı ildə işıq üzü görən və "İkinci il" adlanan "Azərbaycan dili" dərsliyinin müəllifidir. İlk bədii əsərini - "Tamahkar"ı 1899-cu ildə qələmə alıb. 1912-1913-cü illərdə beş hissədən ibarət "Qorxulu nağıllar" kitabını yazıb. Kasıbçılıqdan və haqsızlıqlardan bəhs etdiyinə görə bu nağıllar sovet zamanı uşaq ədəbiyyatı aləmində böyük şöhrət qazanıb.

Süleyman Sani Axundov 1939-cu ildə Bakıda vəfat edib.

13-Abdulla-Shaiq

Abdulla Şaiq (1881-1959) 

Azərbaycanın klassik şairi, yazıçı, publisist Talıbzadə Abdulla Şaiq 1881-ci ildə Tiflisdə ruhani ailəsində dünyaya gəlib.  On doqquz yaşlı Abdulla yeddi ildə Xorasanda mükəmməl təhsil alır, tarix, məntiq, psixologiya elmlərini, Şərq, Azərbaycan, rus ədəbiyyatını öyrənir. 

Abdulla Şaiq yaradıcılığına tərcümə və qəzəllə başlasa da, ilk mətbu əsəri "Laylay" adlı uşaq şeri olur. O, 1906-cı ildən başlayaraq silsilə şeirləri ilə milli uşaq poeziyamızın incilərini yaradır. Azərbaycan Gənc Tamaşaçılar Teatrının, Uşaq və Gənclər nəşriyyatının işi birbaşa Şaiqin adı ilə bağlıdır. Ədib bu illərdə də uşaqlar üçün gözəl əsərlər yazır, başqa sənət dostlarını da bu işə cəlb edir. Ədəbiyyat sahəsindəki fəaliyyətinə görə Abdulla Şaiqə "Əməkdar incəsənət xadimi" adı verilmişdir. Abdulla Şaiq 1959-cu ildə Bakıda vəfat etmişdir.

14-Uzeir-Hacibeyov

Üzeyir Hacıbəyov  (1885-1948) 

Dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənəti və milli operasının banisi Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyov 1885-ci il sentyabrın 18-də Ağcabədidə dünyaya göz açmışdır. 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil almışdır.

O, Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır (komediyalarının mətnini də özü yazmışdır). Onun "Ər və Arvad" (1909, ilk tamaşası: 1910), "O Olmasın, bu Olsun" (1910, ilk tamaşası: 1911), "Arşın Mal Alan" (1913) musiqili komediyalarında inqilabdan əvvəlki Azərbaycan məişəti, xalq adət və ənənələri əksini tapmışdır.

1937-ci il aprelin 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında ilk dəfə tamaşaya qoyulan "Koroğlu" operası ( librettosu H.İsmayılov vəM.S.Ordubadinindir ) Hacıbəyov yaradıcılığının zirvəsini təşkil edir. 

15-Muslum-Maqomayev

Müslüm Maqomayev (1885-1937) 

Bəstəkar, dirijor, pedaqoq, folklorçu, ictimai xadim Müslüm Maqomayev 1885-ci il, sentyabrın 18-də anadan olmuşdur. Azərbaycan peşəkar musiqili teatrının banilərindən biri olmuşdur. Əslən Qax rayonunun İlisu kəndindəndir. Atası Məhəmməd Abdul oğlu gənc yaşlarında İlisu kəndində dəmirçilik etmiş və sonralar Vladiqafqaz şəhərinə köçmüşdür. Burada çeçen qızı ilə evlənərək yaşamını davam etdirmışdir.

"Şah İsmayıl" (1916) və "Nərgiz" (1935) operalarının müəllifidir. 1927-ci ildə Maqomayevin redaktəsi ilə "Azərbaycan Türk Xalq Mahnıları"nın ilk məcmuəsi (Üzeyir Hacıbəyov tərəfindən yazılmış və işlənmişdir) nəşr olunmuşdur.

16-Bulbul

Bülbül (1897-1961) 

Azərbaycan opera müğənnisi (lirik-dramatik tenor), mahir təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, professional vokal məktəbinin banisi Murtuza Məşədi Rza oğlu Məmmədov (Bülbül adı ona xalq tərəfindən qeyri-adi dərəcədə məlahətli səsinə görə verilmişdir) 1897-ci il iyunun 22-də Şuşa yaxınlığında, Xanbağı adlanan yerdə anadan olmuşdur.

Səhnə fəaliyyətinə 1916-cı ildən başlamış Bülbül 1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olmuşdur. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" (İbn Salam), "Əsli və Kərəm" (Kərəm), Z.Hacıbəyovun "Aşıq Qərib" (Qərib) operasında oynamışdır. 1927-ci ildə Bakı Konservatoriyasını bitirmişdir. Təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə getmişdir. 1931-ci ildə Milan Konservatoriyasını (Delliponti və R. Qraninin sinifini) bitirib vətənə geri dönür və Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayır. 26 sentyabr 1961-ci ildə Bakı şəhərində vəfat etmişdir.

17-Cafar-Cabbarli

Cəfər Cabbarlı (1899-1934) 

Görkəmli Azərbaycan dramaturqu, şairi və nasiri, aktyor, ssenari müəllifi, rejissor, əməkdar incəsənət xadimi Cəfər Qafar oğlu Cabbarlı 1899-cu il martın 20-də Xızıda anadan olmuşdur. , 1915-ci ildən lirik və satirik şeirlər, hekayə və dram əsərləri yazmağa başlamış C.Cabbarlının. Azərbaycan teatr sənətinin inkişafında böyük xidməti olmuşdur.

Qadın azadlığı hərəkatında mətbuatın və bədii ədəbiyyatın üzərinə mühüm vəzifə düşürdü və Cabbarlının "Sevil" pyesi bu mübarizədə xüsusi əhəmiyyət kəsb etdi. Əsərdə Azərbaycan qadınının dünənki, bugünkü, hətta gələcək həyatı Sevilin simasında əks etdirilmişdir. “Solğun çiçəklər”, “Od gəlini”, “Oqtay Eloğlu”, “Almaz”, “Dönüş” kimi əsərlərin müəllifi olan Cəfər Cabbarlı 1934-cü ilin son günü, dekabrın 31-də, səhər saat 4-də ürək iflicindən vəfat etmişdir. 

18-Xan-Shushinski

Xan Şuşinski (1901-1979) 

Azərbaycan muğam sənətinin korifeyi, xanəndə Xan Şuşinski (İsfəndiyar Aslan oğlu Cavanşir) 1901-ci il avqust ayının 20-də Şuşa şəhərində anadan olmuşdur. Qarabağ xanəndəlik məktəbinin nadir simalarından biridir. Şuşa məclislərinin birində onun məharətli ifası bütün qonaqları heyran etdiyindən və ustadı İslam Abdullayev ona "Xan" adını vermişdir.

Yaradıcılığında "Mirzə Hüseyn segahı", "Şahnaz", "Qarabağ şikəstəsi", "Kürd-şahnaz", "Rast", "Bayatı-Şiraz", "Çahargah", "Mahur", "Heyratı", "Şur" və digər muğamlar əsas yer tuturdu. Xan Şuşinski mahnı ("Şuşanın dağları", "Məndən gen gəzmə", "Ay gözəl" və s.) və təsniflər bəstələmişdir.

19-samed-vurqun

Səməd  Vurğun (1906-1956) 

Görkəmli Azərbaycan şairi Səməd Yusif oğlu Vəkilov 1906-ci il martın 21-də Qazax qəzasının Yuxarı Salahlı kəndində bəy nəslinə mənsub ailədə anadan olmuşdur. 1929-cu ildə Səməd Vurğun İkinci Moskva Universitetinin ədəbiyyat fakültəsinə daxil olur. 1937-ci ilin ikinci yarısında Səməd Vurğun özünün ölməz dram əsərini – "Vaqif"i yazır.

1956-cı ilin martında Səməd Vurğunun 50 yaşı tamam olur. Şairin yubileyinin keçirilməsinə hazırlıqlar çərçivəsində Azərbaycan SSR rəhbərliyi tərəfindən "Azərbaycanın xalq şairi" adı təsis edilir və ilk dəfə bu ada Səməd Vurğun layiq görülür. May ayının 12-də Opera və Balet Teatrında şairin təntənəli yubiley gecəsi keçirilir, iki həftə sonra 1956-cı il may ayının 27-də, Səməd Vurğun vəfat edir və Fəxri Xiyabanda dəfn edilir.

20-Seid-Rustamov

Səid Rüstəmov (1907-1983) 

Bəstəkar, dirijor, pedaqoq Səid Əli oğlu Rüstəmov 1907-ci il mayın 12-də İrəvanda anadan olmuşdur. Yaradıcılığında muğam formalarından, aşiq musiqisi və xalq mahnılarından istifadə edərək özünə məxsus musiqi dili yaratmışdır. "Beş manatlıq gəlin" (1939), "Durna" (1947), "Rəisin arvadı" (1961) musiqili komediyalarının və bir çox mahnıların müəllifidir. 1935 - 1975-ci illərdə Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və dirijoru olmuşdur.

Böyük sənət fadaisi, alovlu vətənpərvər Səid Əli oğlu Rüstəmovun geniş, çoxcəhətli fəaliyyəti gərgin əməyi layiqincə qiymətləndirilmişdir. O, 1938-ci ildə Əməkdar İncəsənət xadimi, 1957-ci ildə isə Azərbaycan Respublikasının xalq artisti fəxri adlarına, 1951-ci ildə isə SSRİ Dövlət mükafatına layiq görülmüşdür. İki dəfə Qırmızı Əmək Bayrağı ordeniXalqlar Dostluğu ordeni və bir sıra medallarla təltif olunmuşdur. Səid Rüstəmov 1983-cü ilin iyun ayında 76 yaşında vəfat etmişdir.

21-Mirmehdi-Seyidzade

Mirmehdi Seyidzadə (1907-1976) 

Azərbaycan şairi, dramaturq Mehdi Həsənoğlu Seyidzadə 1907-ci il noyabr ayının 11-də Türkmənistanın Aşqabad şəhərində dənizçi ailəsində anadan olmuşdur. İbtidai təhsilini İranda Məşhəd şəhərində almışdır. 1920-ci ildə ailəliklə Bakıya köçmüş, burada 1921-1925-ci illərdə Pedaqoji texnikumda təhsil almışdır. Ədəbi yaradıcılığa 1925-ci ildə "Şərq qadını" jurnalında çap etdirdiyi "Kənd qızı" adlı ilk şerilə başlamışdır.

Lirik şeirlərində insanın quruculuq əzmini, vətənpərvərlik duyğularını, saf məhəbbətini tərənnüm etmişdir. Klassik poeziya ənənələrini yeni məzmunla zənginləşdirən qəzəlləri geniş yayılmışdır. Uşaqlar uçun şeirlər, mənzum nağıllar, kiçik pyeslər, təmsillər ("Nərgiz", "Qızıl quş", "Ayaz", "Büllur qəsr") və s. yazmışdır. Mir Mehdi Həsənoğlu Seyidzadə 1976-cı il avqust ayının 30- da vəfat etmişdir.

22-Mikayil Mushviq

Mikayıl Müşviq (1908-1938) 

Şair Mikayıl Müşviq (İsmayılzadə Mikayıl Əbdülqadir oğlu) 1908-ci il iyunun 5-də Bakının Xızı kəndində ziyalı ailəsində dünyaya gəlmişdir. M.Müşviq ibtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində almış sonra təhsilini Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və adəbiyyat fakültəsində davam etdirmişdir (1927-1931).

M.Müşfiq həbs edilməmişdən əvvəl “Çağlayan” şerlər toplusunu tərtib edib nəşriyyata vermişdir. Buraya şair son illərdəki şerləri ilə birlikdə bundan əvvəl yaratmış olduğu ən yaxşı poetik əsərlərini də daxil etmişdi. “Çağlayan” bir növ onun on illik poetik fəaliyyətinin yekun kitabı olacaqdı ki, 1937-ci ildə şair “Xalq düşməni” damğası ilə həbs edilir və 1938-ci il yanvarın 6-də qısaca çəkən məhkəmə iclasında haqqında çıxarılmış ölüm hökmü elə həmin gün icra olunur. Onun "Yenə o bağ olaydı", “Oxu, tar" və bir sıra başqa əsərləri Azərbaycan poeziya xəzinəsinin inciləri sırasındadır.

23-Asef-Zeynalli

Asəf Zeynallı (1909-1932) 

Bəstəkar Asəf Zeynalabdin oğlu Zeynallı 1909-cu ildə Dərbənddə doğulmuşdur. 1923-1926-cı illərdə Bakı musiqi texnikumunda, 1931-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində, Üzeyir Hacıbəyovun sinfini bitirmişdi. Tofiq Quliyev və Qara Qarayev bir müddət onun tələbələri olmuşlar. Azərbaycan musiqi tarixində ilk romanslar Asəf Zeynallının adı ilə bağlıdır.

Asəf Zeynallı həmçinin türk (Azərbaycan) fəhlə teatrında oynanılan Cəfər Cabbarlının "Sevil", "Qayıdış", X. Nəzirli və S. Rüstəmin "Alov", A. Həmidin "Hind qızı", V. Kirşonun "Küləklər şəhəri" əsərlərinə musiqi bəstələmiş, "Uşaq süitası" əsəri ilə ilk dəfə Azərbaycan musiqi tarixində uşaq musiqisi repartuarının əsasını qoymuşdu. Asəf Zeynallı bir neçə Azərbaycan xalq mahnılarını nota almışdır. Asəf Zeynalabdin oğlu Zeynallı 1932-ci ildə yaradıcılığının inkişaf etdiyi bir dövrdə, ağır xəstəlikdən vəfat etmişdir. Bakı musiqi kolleci və paytaxtın küçələrindən biri bəstəkarın adını daşıyır.

24-Settar Behlulzade

Səttar Bəhlulzadə (1909-1974) 

Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri, Azərbaycanın əməkdar incəsənət xadimi (1960), Azərbaycan xalq rəssamı (1963), Azərbaycan Dövlət mükafatı laureatı (1972) Səttar Bəhlul oğlu Bəhlulzadə 1909-cu il, dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub. 1927-ci ildə rəssamlıq məktəbinə, 1931-ci ildə Azərbaycan Rəssamlıq Məktəbinə, 1933-cü ildə isə Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olub.

Bəhlulzadənin gərgin yaradıcılıq axtarışlarının məhsulu olan "Xəzər üzərində axşam", "Xəzər gözəli", "Əbədi məşəllər", "Kəpəzin göz yaşları", "Vətənimin baharı", "Azərbaycan nağılı", "Suraxanı atəşgahı" , "Əfsanəvi torpaq", "Şahnabat", "Naxçıvan. Axşamçağı Ordubad bağlarında", "Vətənimin baharı", "Bakıda atəşfəşanlıq", "Qudyalçay vadisi", "Qızılbənövşəyə gedən yol", "Suraxanı atəşgahı, "Şahnabat", "Əmircan", "Neft daşları", "Şamaxı üzümlükləri" və s. əsərləri əsas yer tutur. S.Bəhlulzadə 14 oktyabr 1974-cü ildə Moskvada vəfat etmişdir. Əmircan köndində dəfn olunmuş, qəbri üstündə ona abidə ucaldılmışdır.

25-Rasul-Rza

Rəsul Rza (1910-1981) 

Azərbaycan xalq şairi və ictimai xadim Rəsul Rza 1910-cu il, mayın 19-da Göyçayda anadan olmuşdur. 1927-1937 illərdə Zaqafqaziya Kommunist Universitetində, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda, Moskva Millətlər İnstitutunda və Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda oxumuşdur.

60-cı illərdə Rəsul Rza yaradıcılığının mövzu dairəsi əhəmiyyətli dərəcədə yeniləşdi, poeziyasında intellektual mənbə, analitik bədii idrak, müasir həyat hadisələrinə fəlsəfi yanaşma meylləri gücləndi ("Şerlər" (1959), "Pəncərəmə düşən işıq" (1962), "Duyğular, düşüncələr" (1964), "Dözüm" (1965) şer kitabları). "Qızıl gül olmayaydı" (1958-61), "Bir gün də insan ömrüdür", "Xalq həkimi" (1961) poemalarında insanpərvərlik ideyaları əks olunmuşdur. Bədii cəhətdən ən güclü əsərlərindən biri "Lenin" poeması olan Rəsul Rza uşaqlar üçün də yazmışdır ("Balacaların şəkilli təbiət ensiklopediyası" seriyasından kitabçalar). Ədəbi-tənqidi və publisistik məqalələri oçerkləri var ("Mənim fikrimcə" kitabı, 1967). O, 1981-ci ildə Bakı şəhərində vəfat etmişdir. Məzarı Fəxri Xiyabandadır.

26-Agabaci-Rzayeva

Ağabacı Rzayeva ( 1912-1975) 

Azərbaycanın ilk qadın bəstəkarı, Azərbaycanın əməkdar incəsənət xadimi Ağabacı İsmayıl qızı Rzayeva 15 dekabr 1912-ci ildə Bakıda musiqiyə dərin hörmət bəslənilən ziyalı ailəsində anadan olmuşdur. Atası İsmayıl ixtisasca iqtisadçı olsa da, muğamların sirlərinə yiyələnmiş, onları tarda çalmağı öz atası məşhur tarzən Mirzə Fərəcdən öyrənmişdi. O, not çalğısı üzrə tarzən və bəstəkar Səid Rüstəmovdan, muğam üzrə Mirzə Mənsur Mənsurovdan dərs alır. Sonralar Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyovun kompozisiya sinifində təhsil almış, onun ən sevimli tələbələrindən biri olmuşdur. 

Bəstəkarın qəhrəman neftçilərimizin əmək şücaətini tərənnüm edən "Neftçi Qurban", ata-anaların gözlərini sevincdən yaşardan "Evimizə gəlin gəlir", "Oxuma gözəl", "Çoban Qara", balaca qızların gözləri qarşısında şirin və möcüzəli bir aləm açan "Kukla", "Qaranquş", "Ağ göyərçinim", "Sabahın ustaları", "Balaca kapitan", "Qərənfiləm mən" və s. əsərləri milli mədəniyyətimizdə layiqli yer tutur. İlk dəfə Moskvada oxunan "Kukla" mahnısı ona xalqın rəğbətini qazandırmışdır. 5 iyul 1975-ci ildə (63 yaşında) Bakıda vəfat etmiş bəstəkar 2-ci fəxri xiyabanda torpağa tapşırılmışdır.

27-mirvarid-dilbazi

Mirvarid Dilbazi (1912-2001) 

Mirvarid Dilbazi 1912-ci il avqust ayının 19-da Qazax rayonunun Xanlıqlar (indiki Musaköy) kəndində anadan olmuşdur. APİ-nin dil və Ədəbiyyat-İctimaiyyət fakültəsində təhsil almışdır (1929).

Çağdaş Azərbaycan uşaq ədəbəiyyatının yaradıcılarından və ən görkəmli nümayəndələrindəndir: "Nağıllar", "Şerlər", "Kiçik dostlarıma", "Yaz gəlir", "Lalənin ağacları" və s.. Əlişer Nəvai, Aleksandr Puşkin, Taras Şevçenko, Nikoly Tixonov, Sergey Mixalkov, Samuil Marşak, Zülfiyyə, Akaki Sereteli, Jalə və başqalarından tərcümələr etmişdir. 2 dəfə "Şərəf nişanı" ordeni, Qırmızı Əmək Bayrağı ordeni, Azərbaycanın "İstiqlal" ordeni ilə təltif edilmiş Mirvarid Dilbazi 2001-ci il iyulun 12-də Bakıda vəfat etmişdir.

28-Niyazi

Niyazi (1912-1984) 

Azərbaycanın məşhur dirijor və bəstəkarı Niyazi Tağızadə-Hacıbəyov 1912-ci il avqustun 20-də Tbilisi şəhərində anadan olmuşdur. O, ilk təhsilini Bakı Musiqi Texnikumunda alır, lakin sonra təhsilini davam etdirmək üçün Moskva və Leninqrad (indiki Sankt-Peterburq) şəhərlərinə gedir.

Azərbaycan dirijorluq məktəbinin formalaşması və inkişafı onun adı ilə bağlıdır. 1938-ci ildə Moskva şəhərində keçirilən Azərbaycan incəsənəti ongünlüyündə Müslüm Maqomayevin "Nərgiz" operasına dirijorluq edir. Üzeyir Hacıbəyovun "Koroğlu", Qara Qarayevin və Cövdət Hacıyevin "Vətən", Fikrət Əmirovun "Sevil" operalarının, Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletinin dirijorluğunu da Niyazi etmişdir. Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və dirijoru olmuşdur. "Xosrov və Şirin" operasının (1942), "Çitra" baletinin (1961), "Zaqatala süitası" (1934), "Qaytağı" (1939), "Konsert valsı" simfonik əsərlərinin, "Rast" simfonik müğamının (1949) "1920-ci ildə" opera-kantatasının, simfonik orkestr üçün "Rəqs süitası"nın, Hindistan yazıçısı Rabindranat Taqorun əsərləri əsasında yaratdığı "Çitra" baletininin (1962) və s. musiqi əsərlərinin müəllifidir. Niyazi 1984-cü il avqustun 2-də Bakı şəhərində vəfat etmişdir.

29-Nigar-rafibeyli

Nigar Rəfibəyli 

Şairə, tərcüməçi Nigar Xudadat qızı Rəfibəyli 1913-cü il ilyulun 23-də Gəncə şəhərində anadan olmuşdur. 1930-cu ildə Bakı Pedaqoji Texnikumunu bitirən gənc təhsilini Moskvada Pedaqoji İnstitutda davam etdirmişdir (1932-1936). Onun "Çadra" adlı ilk şeri 1928-ci ildə "Dan ulduzu" jurnalında dərc edilmişdir. 1934-cü ildə nəşr olunmuş ilk "Şerlər" kitabı Azərbaycan qadınlarının yeni həyat quruculuğunda iştirakından bəhs edir. "Dolores İbarruri" (1936) şeri ispan xalqının faşizmə qarşı qəhrəmanlıq mübarizəsinə həsr olunmuşdur. "Cəmilə" şeri Əlcəzair xalqının milli azadlıq mübarizəsinə həsr olunmuş qüvvətli lirik əsərlərdəndir.

Məhsəti Gəncəvinin rübailərini, Evripidin "İfigeniya", F.Şillerin "Məkr və məhəbbət", A.P.Çexovun "Vanya dayı", "Albalı bağı" dramalarını, E.L.Voyniçin "Ovod", O.Qonçarın "Bayraqdarlar" romanlarını, Ə.Nəvai, A.S.Puşkin, M.Y.Lermontov, T.Q.Şevçenko, Ş.Petöfi, A.Mitskeviç, A.Sereteli və başqalarının əsərlərini tərcümə etmişdir. N.Rəfibəyli 1981-ci ildə Bakı şəhərində vəfat etmişdir. Məzarı Fəxri Xiyabandadır.

30-ilyas-efendiyev

İlyas Əfəndiyev (1914-1996) 

Nasir, dramaturq İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il may ayının 28-də Qaryagində (indiki Füzuli şəhəri) tanınmış və hörmətli tacir ailəsində anadan olmuşdur. 1921-ci ildə birinci sinfə gedən İlyas 1930-cu ildə pedaqoji təmayüllü iki dərəcəli orta məktəbi əla qiymətlərlə bitirmişdir. 1934-cü ildə APİ-nin ədəbiyyat şöbəsinə daxil olsa da, onun ali məktəbdə təhsil alması çox uzun sürmür; elə həmin il institutu tərk edib rayona qayıtmağa məcbur olur. İ.Əfəndiyev "kulak" balası olduğu üçün institutdan uzaqlaşdırılmış, lakin 1938-ci ildə APİ-nin coğrafiya fakültəsinin qiyabi şöbəsini qurtarıb müəllimliyini davam etdirmişdir.

Yazıçının uşaqlar üçün yazdığı "Ceyran ovu",  "Maraqlı hadisə", "Qoruqlarda", Yasəmən ağacı, "İz ilə", "Ovçunun nağılı", "Zəmidə bir turac səslənirdi" kimi hekayələri məktəb dərsliklərinə salınmışdır. İlyas Əfəndiyev 1996-cı ildə vəfat etmişdir.

31-Rashid-Behbudov

Rəşid Behbudov (1915-1989) 

Görkəmli Azərbaycan müğənnisi Rəşid Məcid oğlu Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə xanəndə Məcid Behbudalı oğlunun ailəsində dünyaya gəlmişdir. Anası Firuzə xanım Vəkilovlar nəslinə mənsub idi. Uşaq yaşlarından məktəb xorunda oxuyan Rəşid 1933-cü ildə Dəmiryolu Texnikumuna daxil olmuşdur. Təhsili dövründə tələbə özfəaliyyət orkestrində çalışmışdır.

1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəyovun eyniadlı operettasının motivləri əsasında çəkilən "Arşın mal alan" filmində baş rola dəvət alır. 1945-ci ildə film efirə çıxır və çox tez bir zamanda nəinki Azərbaycanda, bütün Sovet İttifaqında böyük populyarlıq qazanır. 1946-1956-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-1960-cı illərdə fasilələrlə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, 1957-1959-cu illərdə Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olmuşdur. Dahi sənətkar 1989-cu il iyunun 9-da Moskva şəhərində vəfat etmişdir.

32-Qember Huseynli

Qəmbər Hüseynli (1916-1961) 

Bəstəkar Qəmbər Məşədi Muxtar oğlu Hüseynli 1916-cı il aprelin 16-da Gəncədə dəmirçi Məşədi Muxtarın ailəsində anadan olub. 1929-cu ildə Gəncə Pedaqoji Texnikumuna daxil olub. Asəf Zeynallı adına Bakı Musiqi Məktəbini (B.İ.Zeydmanın kompozisiya sinifini) bitirmişdir.

Simli kvartet, fortepiano üçün pyeslərin, dram tamaşalarına musiqinin və mahnıların, o cümlədən dünyanın bir çox ölkəsində məşhur olan "Cücələrim" mahnısının müəllifidir.

33-Tofiq-Qiliyev

Tofiq Quliyev (1917-2000) 

Bəstəkar, pianoçu, dirijor, bir çox simfonik əsərlərin, kantataların, fortepiano əsərlərinin müəllifi, Azərbaycan caz və estrada musiqisinin banilərindən biri Tofiq Ələkbər oğlu Quliyev 1917-ci il, noyabrın 7-də Bakıda anadan olmuşdur. O, 12 yaşında Azərbaycan Dövlət Konservatoriyası yanında peşə məktəbinə,1934-cü ildə Konservatoriyaya daxil olub. Həm İ.S. Aysberqin sinfində fortepiano, həm də S.Q. Ştrasserin sinfində dirijorluq dərsi alıb və 1936-cı ildə Konservatoriyanı bitirib. 1931-ci ildə Asəf Zeynallının məsləhəti ilə M.Ə.Sabirin sözlərinə "Məktəbli" mahnısını bəstələyib. 

XX əsrin 70-ci illərinin sonlarında bir çox uşaq və gənc musiqi müsabiqələrini, o cümlədən "Bakı payızı"nı yaradıb. Nəvəsi Cəmilə Muradasilovaya həsr etdiyi fortepiano üçün "Cəmilənin albomu" uşaq pyesləri məcmuəsindən uşaq musiqi məktəblilərinin repertuarında geniş istifadə edilir. Tofiq Quliyev 2000-ci ildə Bakı şəhərində dünyasını dəyişib.

34-Qara-Qarayev

Qara Qarayev (1918-1982) 

Görkəmli Azərbaycan bəstəkarı Qara Əbülfəz oğlu Qarayev 1918-ci il fevralın 5-də məşhur həkim-pediatr Əbülfəz Qarayevin ailəsində anadan olmuşdur. 1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi məktəbinə qəbul edilmiş, 1930-cu ildən Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi texnikumunda professor Georgi Şaroyevin fortepiano sinfinin tələbəsi, 1935–ci ildən isə Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq (Leopold Rudolf) və Azərbaycan xalq musiqisinin əsasları (Üzeyir Hacıbəyov) siniflərinin tələbəsi olmuşdur.

Onun Nizaminin "Yeddi gözəl" poemasından bəhrələnərək yazdığı "Yeddi gözəl" və Cənubi Afrika yazıçısı Piter Abrahamsının romanı əsasında yazdığı "İldırımlı yollarda" baletləri dünyanın bir sıra ölkələrində uğurla göstərilmişdir. Onun birinci simfoniyası Azərbaycanın ilk simfoniyaları arasında görkəmli yer tutur "Don Kixot" simfonik qravürləri (ispan yazıçısı Servantesin əsəri əsasında), "Leyli və Məcnun" (Nizaminin poeması əsasında), "Vyetnam süitası" əsərləri Q.Qarayevin yaradıcılığının dəyərli səhifələridir. 1982–ci il mayın 13-də Moskva şəhərində dünyasını dəyişmişdir. Bakıda dəfn olunmuşdur.

35-Soltan-Hacibeyov

Soltan Hacıbəyov (1919-1974)

Bəstəkar, dirijor, pedaqoq Soltan İsmayıl oğlu Hacıbəyov 1919-cu ildə Şuşa şəhərində anadan olmuşdur. Orta məktəbi başa vurduqdan sonra əvvəl orta ixtisas musiqi məktəbi, sonra isə Azərbaycan Konservatoriyasında oxuyan gənc bəstəkar 1946-cı ildə professor B.İ.Zeydmanın sinfini bitirir. “Gülşən” baleti (1950), “Qızılgül” musiqili komediya (1940), iki simfoniya, orkestr üçün konsertin, bir çox mahnı və romansların müəllifi olan bəstəkarın yaradıcılığında uşaqlar üçün də “İsgəndər və çoban” operası, “Oynaq topum” və s. əsərlər yer almışdır.  

Soltan Hacıbəyov 1947-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında müəllim, 1947-1962-ci illərdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bədii rəhbər, 1969-1974-cü illərdə Dövlət Konservatoriyasının rektoru vəzifəsində çalışmışdır. 19 sentyabr 1974-cü ildə dünyasını dəyişmiş görkəmli bəstəkar S.Hacıbəyov Fəxri Xiyabanda dəfn edilmişdir. 

 

36-Ismayil Shixli

İsmayıl Şıxlı (1919-1995) 

Nasir, ədəbiyyatşünas, publisist, yazıçı, ssenari müəllifi İsmayıl Şıxlı 1919-cu il martın 22-də Qazax rayonunun İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olmuşdur. Kosalar kəndində ibtidai məktəbi bitirib Qazax pedaqoji məktəbində təhsil almışdır. Sonra APİ-nin dil və ədəbiyyat fakültəsində təhsil almışdır (1937-1941).

İlk mətbu əsəri "Quşlar" şeiri 1938-ci ildə "Ədəbiyyat" qəzetində dərc olunmuşdur. Ədəbi yaradıcılığa 1947-ci ildə "İnqilab və mədəniyyət" jurnalında çap etdirdiyi "Həkimin nağılı" hekayəsi ilə başlamışdır. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur.

İsmauıl Şıxlı 1995-ci il iyulun 26-da Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.

37-Xanimana-Alibeyli

Xanımana Əlibəyli (1920-2007) 

Uşaqlar üçün yazılmış yüzlərlə şeirin, onlarla poema və səhnə əsərinin, 30-dan artıq kitabın müəllifi Xanımana Sabir qızı Əlibəyli 1920-ci il aprelin 20-də Bakı şəhərinin Keşlə kəndində zadəgan ailəsində dünyaya göz açmışdır. Gənc şair Bakıdakı 13 nömrəli orta məktəbdə təhsil almış, həmişə yaxşı oxumuş, müəllimlərinin sevimlisi olmuşdur. Xanımananın ilk şeirləri 1938-ci ildən dövri mətbuatda dərc olunmağa başlamış, "Balaca həkim" adlı birinci kitabı isə 1955-ci ildə Uşaqgəncnəşr tərəfindən 30.000 nüsxə tirajla çap olunmuşdur.

"Dovşanın ad günü" Xanımananın ən populyar poemalarından biridir. O, müxtəlif illərdə "Gözəllər gözəli", "Nişanlı quş", "Aycan", "Dovşanın ad günü", "Cunquş", "Kənd həkimi", "Durnalar lələk salır", "Meyvələrin şahı" və s. dram əsərləri yazmış, onların bir çoxu ölkəmizin gənclər və kukla teatrlarında göstərilmişdir. Xanımana Əlibəyli 7 may 2007-ci ildə dünyasını dəyişmiş, Bakı şəhərində dəfn edilmişdir. 

38-Aziza-Cafarzadeh

Əzizə Cəfərzadə (1921-2003)
Yazıçı, ədəbiyyatşünas, ictimai xadim Əzizə Məmməd qızı Cəfərzadə 1921-ci il dekabrın 29-da Bakı şəhərində anadan olmuşdur. İbtidai təhsilini 25 saylı məktəbdə almiş, sonra teatr texniki məktəbində və ikiillik Müəllimlər Institutunda oxumuşdur. Ədəbi fəaliyyətə 16 yaşında başlamış və "Əzrayıl" adlı ilk hekayəsini 1937-ci ildə "Ədəbiyyat" qəzetində çap etdirmişdir. Əzizə xanımın nəsr əsərləri əsasın tarixi roman janrında yazılmışdır. "Qızımın hekayələri" (1964), "Anamın nağılları" (1982), "Çiçəklərim" (1988), "Pişik dili" (2001) və sair uşaqlar üçün yazdığı hekayə və nağıllardır.

O həyatı boyu xeyriyyəçiliklə məşğul olmuş, 1979-cu ildə indiki Hacıqabul rayonunun Tağılı kəndində öz vəsaiti hesabına orta məktəb və klub binası tikdirmişdir. Əzizə Cəfərzadə 2003-cü il sentyabrın 4-də ömrünün 82-ci ilində uzun sürən ağır xəstəlikdən sonra vəfat etmişdir.
39-Fikret-Amirov

Fikrət Əmirov (1922-1984) 

Görkəmli Azərbaycan bəstəkarı Məşədi Cəmil oğlu Əmirov 1922-ci il, noyabrın 22-də Gəncə şəhərində anadan olmuşdur. 1948-ci ildə Bakı Konservatoriyasını Üzeyir Hacıbəyov və Boris Zeydmanın sinfində bitirmişdir. M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniylarının (1947) bədii rəhbəri, M.F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru (1956-1959) vəzifələrində çalışıb.

XX əsr Azərbaycan musiqisinin aparıcı simalarından biri sayılan F.Əmirovun simfonik muğamları və "Nizami" simfoniyası dünyanın ən məşhur dirijorları G.Rojdestvenski (Rusiya), K. Abendrot (Almaniya), Ş.Münş (Fransa) və L. Stokolovskinin (ABŞ) idarəsi ilə ifa olunmuşdur. Bəstəkarın ixtira etdiyi yeni, simfonik muğam janrı "Şur" , "Kürd Ovşarı" və "Gülüstan Bayatı-Şiraz" kimi dəyərli əsərlərlə təmsil olunub. 1984-cü il, fevralın 2-də Bakıda vəfat edən bəstəkarın məzarı Fəxri Xiyabandadır. 

40-Shovket-Alekberova

Şövkət Ələkbərova (1922-1993) 

Korifey sənətkar, Azərbaycanın xalq artisti Şövkət Feyzulla qızı Ələkbərova 1922-ci il, oktyabrın 20-də Bakıda anadan olmuşdur. Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinifini bitirdiktən sonra səhnə yaradıcılığına başlamışdı. 1938-1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olmuşdur. 1945-ci ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti işləmişdir.

Məlahətli, yumşaq tembrli səsi olan Şövkət Ələkbərovanın ifaçılığı üçün yüksək vokal mədəniyyəti, dərin emosiyonallıq və lirizm səciyyəvidir. Məharətli improvizasiya ustalığı onun muğam yaradıcılığının əsas xüsusiyyətlərindəndir Azərbaycanı Fransa, İsveçrə, Əfqanıstan,Hindistan, Misir, Əlcəzair, İran, Türkiyə, Polşa, Şri-Lanka və SSRİ-nin bütün respublikalarında  uğurla təmsil edən Şövkət Ələkbərova 1993-cü il, fevralın 7-də vəfat etmişdir.

41-Baxtiyar-Vahabzade

Bəxtiyar Vahabzadə (1925-2009) 

Şair, dramaturq, ədəbiyyatşünas Bəxtiyar Mahmud oğlu Vahabzadə 1925-ci il avqustun 16-da  Şəki şəhərində fəhlə ailəsində anadan olmuşdur. Kiçik yaşlarında ikən ailəliklə Bakıya köçmüşlər (1934). Burada orta məktəbi qurtarandan sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır.

Bədii yaradıcılığa 1943-cü ildə "Ana və şəkil" adlı ilk şerini çap etdirdikdən sonra başlamış və o vaxtdan dövri mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunur. "İkinci səs", "Vicdan", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad" və "Hara gedir bu dünya", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı", "Rəqabət" (1960-2003) pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuşdur. 2009-cu il fevral ayının 13-də, 84 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat etmişdir. 

42-Oqtay-Zulfuqarov

Oqtay Zülfüqarov (1929-2016) 

Oqtay Qədir oğlu Zülfüqarov 1929-ci ildə hakim ailəsində dünyaya gəlmişdir. 1945-ci  ildə 1 saylı Musiqi Məktəbinin violoncel sinfinə qəbul olunan Oqtay yeddi  illik musiqi məktəbini iki ilə başa vurub, A.Zeynallı adına Musiqi Məktəbində təhsilini davam etdirmişdir.

Uzun illər ‘‘Tumurcuq‘‘ və ‘‘Aysel‘‘ Uşaq Mahnı Teatrı Oqtay Zülfüqarovun rəhbərliyi altında Azərbaycan Dövlət Televiziyasında verlişlər hazırlamışdır. Musiqi ilə yanaşı bəstəkar həm də şeirlər yazmış və onlar ‘‘Oxuyur  Aysel‘‘ adlı topluda işıq üzü görmüşdür. 1972-ci ildə Azərbaycan incəsənət  xadimi, 2000-ci ildə Xalq artisti adına layiq görülmüş, 2009-ci ildə ‘‘Şöhrət ordeni‘‘ ilə təltif edilmişdir. Prezident  təqaüdçüsü, bəstəkar Oqtay Zülfüqarov hazırda  Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəri olub. Dahi bəstəkar 2016-cı il avqustun 31-də vəfat etmişdir. Oqtay Zülfüqarov II Fəxri Xiyabanda dəfn edilmişdir.  

43-Efser-cavansirov

Əfsər Cavanşirov (1930-2006)

Bəstəkar Əfsər Bayram оğlu Cavanşirov  1930-cu ildə Füzuli rayonunun Horadiz kəndində anadan olmuşdur.1948-ci ildə оrta məktəbi və 2 saylı Uşaq Musiqi Məktəbini bitirmişBakı Musiqi Tеxnikumuna daxil оlmuşdur. 1952-ci ildə Azərbaycan Dövlət Kоnsеrvatоriyasının bəstəkarlıq fakültəsinə qəbul оlunan Ə.Cavanşirov 1958-ci ildə prоfеssоr Cövdət Hacıyevin sinfini bitirmişdir.

Dahi bəstəkar Üzeyir Hacıbəyovun yetirməsi olan Əfsər Cavanşirov yaradıcılığında əsasən simfonik musiqi janrı yer almışdır. Bəstəkar BSО üçün 7 simfоniya, pоеmalar, akakapеlla xоru üçün və uşaq xoru üçün əsərlər yaratmışdır. Uzun illər Azərbaycan Rеspublikası Dövlət Tеlеradiо Vеrilişləri Şirkətinin "Bənövşə" uşaq xоrunun və rəqs ansamblının bədii rəhbəri olan Ə.Cavanşirov 1982-ci ildə Rеspublikanın Əməkdar Mədəniyyət Işçisi və "Qabaqcıl Maarif Xadimi" fəxri adlarına layiq görülmüşdür. Əfsər Cavanşirоv 2006-cı ildə Bakı şəhərində vəfat еtmişdir.

44-Nariman-Gasanzade

Nəriman Həsənzadə (1931) 

Şair, dramaturq Nəriman Əliməmməd oğlu Həsəsnzadə 1931-ci il fevralın 18-də Azərbaycanın Qazax rayonunda anadan olmuşdur. H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsil almış, sonra təhsilini Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda davam etdirmişdir. "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru vəzifəsində çalışmışdır (1978-1991). Dövlət Mətbuat Komitəsinin sədr müavini olmuşdur. (1991-1993)

N.Həsənzadə "Yadına düşəcəyəm" (1966), "Nəriman" (1968), "Zümrüd quşu" (1973), "Bir az möhlət istəyirəm ömürdən" (1981), "Bütün millətlərə" (1991), "Taleyin töhfəsi" (1993) və s. əsərlərin müəllifidir.

45-Arif-Melikov

Arif Məlikov (1933) 

Bəstəkar Arif Məlikov 1933-cü il sentyabrın 13-də Bakıda anadan olmuşdur. 1958-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bəstəkarlıq sinfi üzrə bitirmişdir. Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının xalq artisti A.Məlikov 1982-ci ildən Azərbaycan Dovlət Konservatoriyasında bəstəkarlıq kafedrasının müdiri işləyir. 2001-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdir.

Məhəbbət əfsanəsi (1961), "İki nəfər" (1969), "İki ürək dastanı" (1981), "Fövqelgözəl Yusif" (1999) baletlər bəstələmişdir. Sehrli xalat (1964), İyirmialtılar (1966), Axırıncı aşırım   (1971), Ulduzlar sönmür (1971), Qərib cinlər diyarında (1977), Qız Qalası əfsanəsi (1978), Hacı Qara (film, 2002) və bir çox bədii və sənədli filmlərin musiqisinin müəllifidir. 

46-Musa Mirzeyev

Musa Mirzəyev (1933) 

Bəstəkar Musa Abdulla oğlu Mirzəyev1933-cü il yanvarın 26-da anadan olmuşdur. Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1982), professor (2002), Xalq artisti (2006) M.Mirzəyev piano üçün "Lənkəran əfsanəsi" Fantaziyası (1990), piano üçün 5 uşaq Pyesi (1990), piano üçün "Qəmli melodiya" (1993), böyük simli orkestr üçün "Dahi sənətkara – Üzeyir Hacıbəyova ithaf" Poeması (1998), Uşaq xoru üçün 2 mahnı: "Vətən" və "Dəcəl pişik" kimi əsərlərin müəllifidir.

47-Ilyas Tapdiq

İlyas Tapdıq (1934) 

Şair, tərcüməçi İlyas Oruc oğlu Tapdıqov (İlyas Tapdıq) 1934-cü il noyabrın 30-da Gədəbəy rayonunun Əli İsmayıllı kəndində doğulmuşdur. Gədəbəyin Kiçik Qaramurad kəndində orta məktəbi bitirdikdən sonra APİ-nin dil və ədəbiyyat fakültəsində təhsil almışdır (1952-1956). Ədəbi yaradıcılığa tələbəlik dövründə "Azərbaycan" jurnalında dərc olunan "Bakının gecəsi" şerilə başlamışdır. Hazırda Azərnəşrdə bədii ədəbiyyat şöbəsinin müdiri vəzifəsində çalışır (1989-cu ildən).

Daha çox uşaq yazıçısı kimi tanınan İ.Tapdıq "Kəndimizin çobanı”, “Xumar”, “Arxalı dağlar”, “Bir eşqin şimşəyi”,  “Çimnaz oynayır”,  “Meşənin mahnısı”,  “Xoruz və siçan”,  “Qızlar və qağayılar”, “Qoçaq dovşan”, “Şıltaq günəş” və s. əsərlərin müəllifidir.

48-Ramiz-Mirishli

Ramiz Mirişli (1934) 

Bəstəkar Ramiz Mirişli 1934-cü il aprelin 16-da anadan olmuşdur. Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1982), Naxçıvan MR-nın əməkdar incəsənət xadimi (1974), Azərbaycan Respublikasının xalq artisti (1990), professor (1993) Ramiz Mirişli N.Gəncəvinin qəzəlinə solist, xor və simfonik orkestr üçün "Peyğəmbərin tə'rifi" vokal Poeması (1997), "Qəzəlxan" bədii filminə musiqi və bir çox mahnı və romansların müəllifidir.

49-Anar

Anar (1938) 

Yazıçı, şair, tərcüməçi, ssenarist Anar Rəsul oğlu Rzayev 1938-ci il, martın 14-də şair ailəsində dünyaya gəlmişdir. Onun atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Anar 1945-ci ildə 10 illik musiqi məktəbinə (indiki Bülbül adına məktəb) daxil olub 1955-ci ildə həmin məktəbi gümüş medalla bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinə daxil olmuşdur.

“Ağ liman” povesti, “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanının müəllifi, “Üzeyir ömrü” (1981), “Ötən ilin son gecəsi”(1983), “Qəm pəncərəsi” (986), “Evləri köndələn yar” (1982), “İmtahan” (1987), “Təhminə” (1993), “Otel otağı” (1998) və bir sıra filmlərin ssenari müəllifi və quruluşçu rejissoru olan Anar hazırda Azərbaycan Yazıçılar Birliyinin sədridir.

50-Oqtay-Recebov

Oqtay Rəcəbov (1941) 

Bəstəkar Oqtay Rəcəbov 1941-ci il aprelin 5-də anadan olub. "Göyçək Fatma" cizgi film-opera (1992) "Xeyir və Şər" uşaq operası (N.Gəncəvinin əsəri əsasında) (1994), 4 saylı Simfoniya (1997), Simli orkestr üçün 5 saylı Simfoniya (1998), "Əlin cibində olsun" Musiqili komediyası  (2001); "Ağ atlı oğlan" (1995), "Vüsal günləri" teleserialı (1998) filmlərinə musiqi bəstələmiş O.Rəcəbov  “Musiqi və mənəvi tərbiyə”, "Musiqi" – I sinif üçün dərslik (rus dil.),  "Musiqi" – II sinif üçün dərslik (rus dil.), “Dahilik fenomeni haqqında nə bilirik” kimi musiqi əsərləri, məqalə və kitabların müəllifidir.

Muslum Maqomayev2

Müslüm Maqomayev (1942-2008)

Görkəmli Azərbaycan və sovet opera və estrada müğənnisu, bəstəkar Müslüm Məhəmməd oğlu Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.  İlk dəfə 14 yaşında dənizçilər klubunda çıxış edib. 19 yaşında Helsinkidə gənclər festivalında, 1963-cü ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində uğurlu çıxışları ilə şöhrət qazanmağa başlayıb. 1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, İtaliyanın Milan şəhərindəki "La Skala" teatrında təcrübə keçib. Enriko Pyatsa ilə "Sevilya bərbəri" operasından Fiqaronun, "Toska" operasından Skarpianın partiyalarını hazırlayıb.

Repertuarı hərtərəfli və olduqca genişdir. Populyar mahnılarla yanaşı, dünya hitlərini, klassik əsərləri, kinolara yazılmış mahnıları məharətlə səsləndirib. Azərbaycan Ali Sovetinin deputatı olub, bir sıra orden və medallarla təltif edilib. Müslüm Maqomayev 25 oktyabr 2008-ci ildə vəfat edib, Bakıdakı Birinci Fəxri Xiyabanda dəfn olunub.

52-Firangiz-Alizade

Firəngiz Əlizadə (1947) 

Bəstəkar Firəngiz Əliağa qızı Əlizadə 1947-ci il mayın 28-də Bakı şəhərində anadan olmuşdur.  1972-ci ildə Qara Qarayevin bəstəkarlıq sinfini bitirən F.Əlizadə bir sıra simfonik və instrumental əsərlər yazmışdır.

Əməkdar İncəsənət xadimi Firəngiz Əlizadə hazırda Azərbaycan Bəstəkarlar İttifaqının sədridir.

Прочитано 30652 раз
Другие материалы в этой категории: « Bu qan yerdə qalmayacaq! Xocalı soyqırımı insanlığa ləkədir! »