“Mateo Falkone” filmi yeniləşmiş versiyada tamaşaçılara təqdim olundu
Mayın 22-də Nizami Kino Mərkəzində “Balans” milli rəqəmsal studiyası Çingiz Mustafayev Fondu, “ANS Qrup”, “Azərbaycanfilm" kinostudiyası və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyilə görkəmli Azərbaycan rejissoru Tofiq Tağızadənin 100 illik yubileyi ilə əlaqədar tədbirlər çərçivəsində bərpa etdiyi “Mateo Falkone” filmini tamaşaçılara təqdim etdi.
Prosper Merimenin novellası əsasında çəkilmiş 19 dəqiqəlik "Mateo Falkone" ölkəmizdə ilk rəqəmsallaşdırılmış filmdir.
Təqdimatda qeyd edilib ki, film yaranmasında Azərbaycan mədəniyyəti və kinosunun dahi simaları Tofiq Tağızadə, Rasim Ocaqov, Kamil Nəcəfzadə, Qara Qarayev, Rüfət Şabanov, Niyazi, , Anatoli Falkoviç və Hacımurad Yegizarovun xidmətləri olmuşdur.
Mədəniyyət, elm, təhsil və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi gecədə filmə ilk baxış olub.
Qeyd edək ki, milli kinomuzun Qızıl Fondunu bəzəyən T.Tağızadənin “Arşın mal alan”, “Bağ mövsümü”, “Dədə Qorqud”, “Görüş”, “Uzaq sahillərdə”, “Yeddi oğul istərəm”, “Onun böyük ürəyi” və onlarca filmi bu gün də Azərbaycan tamaşaçısı tərəfindən sevilir və maraqla baxılır.