Yay mövsümünün başlaması ilə əlaqədar Qaradağ rayonunda “Uşaq festivalı” təşkil edilib
Yay mövsümünün başlaması ilə əlaqədar Qaradağ rayonunun Lökbatan qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Uşaq festivalı” şənliyi təşkil edilib. Şənlikdə Qaradağ Rayon İcra Hakimiyyətinin əməkdaşları, 9 nömrəli xüsusi internat məktəbinin, 6 nömrəli uşaq somatik sanatoriyasının və “Müşfiq” Əlil Uşaqlara Yardım İctimai Birliyinin, eləcə də aztəminatlı ailələrin uşaqları iştirak ediblər.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova tədbirdə çıxış edərək bu gün ölkəmizdə uşaqlara və yeniyetmələrə göstərilən diqqət və qayğıdan danışıb, onlara yaradılan hərtərəfli şəraitin dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu qeyd edib...
T. İsmayılova bildirib ki, ulu öndər Heydər Əliyevin xeyirxah əməlləri Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyev Fondu dahi şəxsiyyətin humanist ideyalarını layiqincə yaşadır. Fondun qayğısı ilə əhatə olunan uşaqlarımız dünya ölkələrini gəzərək müxtəlif yarışlarda, şənliklərdə iştirak edirlər.
Şən musiqi sədaları altında davam edən tədbirdə uşaqlar cizgi filmi qəhrəmanlarının, klounların göstərdikləri nömrələri maraqla izləyiblər.
Tədbirdə iştirak edən hər bir uşağa Heydər Əliyev Fondunun hədiyyələri təqdim olunub.