Azərbaycanda orta məktəblər təlim silahları və atış trenajorları ilə təchiz olunacaq
Azərbaycanda orta məktəblərin təlim silahları və atış trenajorları ilə təchizatı planlaşdırılır. Bu barədə APA-ya açıqlamasında müdafiə sənayesi naziri Yavər Camalov məlumat verib. Hazırda bu istiqamətdə Təhsil Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə danışıqların aparıldığını deyən Y. Camalov Müdafiə Sənayesi Nazirliyinin bu ehtiyacları qarşılamaq imkanında olduğunu vurğulayıb.
«Ötən il biz Müdafiə Nazirliyinə istehsal etdiyimiz trenajorlardan vermişik. Bu il üçün Müdafiə Nazirliyi ilə 1 milyon 170 min manatlıq müqaviləmiz var», - deyə nazir vurğulayıb.
Y. Camalov hazırda MSN-in istehsal etdiyi məhsullar arasında təlim məqsədli müxtəlif məmulatların yer aldığını qeyd edib.
Nazirin sözlərinə görə, MSN tərəfindən yaradılmış və istehsal edilən təlim aviabombaları xarici analoqlarından özünün keyfiyyətinin daha yüksək olması, bir aviabombanın bir neçə dəfə istifadə oluna bilmə xüsusiyyətləri ilə fərqlənir.
Nazirlik tərəfindən həmçinin ordunun ehtiyac duyduğu müxtəlif silahlar üçün təlim patronları, trenajorlar və s. istehsal edilir.