Bazar ertəsi, 11 İyun 2012 12:18
Məcburi köçkün uşaq komitələri və dövlət qurumları arasında əməkdaşlığın perspektivlərinə həsr olunmuş konfrans keçirilib
Bakıda Danimarka Qaçqınlar Şurası, “Həyat” beynəlxalq humanitar təşkilatı və Gənc Hüquqşünaslar Birliyi məcburi köçkün uşaq komitələri və dövlət qurumları arasında əməkdaşlığın perspektivlərinə həsr olunmuş konfrans keçirib. APA-nın məlumatına görə, tədbirdə müxtəlif QHT-lərin, hökumət strukturlarının nümayəndələri, deputatlar iştirak edib.
Danimarka Qaçqınlar Şurasının Azərbaycan nümayəndəliyinin rəhbəri Boyan Kolundziya rəhbərlik etdiyi təşkilatın Azərbaycandakı fəaliyyəti barədə məlumat verib. O, Azərbaycanın paytaxtında və regionlarda bir sıra layihələr həyata keçirdiklərini bildirib.
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Ermənistanın işğalçılıq siyasətindən danışıb. Ermənilərin işğal siyasəti nəticəsində Azərbaycana böyük həcmdə zərər dəydiyini deyən komitə rəhbəri Azərbaycanın münaqişənin sülh yolu ilə həllini istədiyini, lakin danışıqlar nəticə verməzsə, digər vasitələrlə ölkənin öz ərazi bütövlüyünü təmin edəcəyini söyləyib.
Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia bir neçə dəfə cəbhəyanı rayonlarda olduğunu, məcburi köçkünlərin yaşadıqları şəraitlə tanış olduğunu, köçkün uşaqların taleyinin onu çox narahat etdiyini deyib. Səfir Azərbaycan hökumətinin məcburi köçkünlərin problemlərinin həlli istiqamətində mühüm layihələr reallaşdırdığını vurğulayıb: “Konflikt davam edir. Bir neçə gün əvvəl ölüm hadisələri də oldu. Bu, qəbul edilən hal deyil. Biz istərdik ki hər şey sülh yolu ilə həll olunsun”.