Bu gün Azərbaycanda buraxılış imtahanları keçirilir
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün XI sinif üzrə Bakı şəhərində Azərbaycan və rus bölməsi, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Yevlax, Lənkəran, Quba, Qusar və Xaçmaz rayonlarında isə rus bölməsi şagirdlərinin buraxılış imtahanlarını keçirir. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, orta ümumtəhsil müəssisələrinin XI siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün Bakı şəhərində ümumilikdə 53 imtahan mərkəzi ayrılıb.
Bakı şəhəri üzrə 23914 nəfər XI sinif şagirdinin buraxılış imtahanında iştirakı nəzərdə tutulur. Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Yevlax, Lənkərana, Quba, Qusar və Xaçmaz rayonlarının rus bölməsi şagirdlərinin buraxılış imtahanları üçün adı çəkilən şəhərlərin hər birində 1 imtahan mərkəzi yaradılıb. Həmin şəhərlərin orta ümumtəhsil müəssisələrinin rus bölməsi üzrə buraxılış sinfində təhsil alan 1935 nəfər XI sinif şagirdi imtahan verir.
İmtahanın gedişini işıqlandırmaq üçün 52 KİV nümayəndəsi TQDK-da akkreditasiyadan keçib. Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün -Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilir.
Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər. Saat 11.00-də başlayacaq imtahan 2 saat çəkəcək. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır. Yazı işi balla qiymətləndirilmir, yalnız xüsusi hallarda əlavə meyar kimi istifadə edilir. Şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir. Şagirdin 5 ballıq şkala üzrə imtahan qiymətləri bütün respublikada buraxılış imtahanları bitdikdən etibarən 10 günədək müddətdə elan edilir. Buraxılış imtahanında üzrlü səbəbdən iştirak etməyən şagirdlər iyul ayının 8-də buraxılış imtahanı verəcəklər.