Hicran Hüseynova: “Valideynin məsuliyyəti uşağı dünyaya gətirməklə bitmir, ona 18 yaşınadək tərbiyə vermək lazımdır”
Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir keçirib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən komitə sərdi Hicran Hüseynova Azərbaycanda uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlərdən danışıb. O bildirib ki, Azərbaycanda uşaqlarla bağlı dövlət proqramları qəbul edilir və bu sahədə güclü dövlət siyasəti həyata keçirilir.
Uşaqların müdafiəsinin hamı üçün vacib məsələ olduğunu deyən H. Hüseynova qeyd edib ki, valideynlərin məsuliyyətinin artırılması zəruridir: “Valideynin məsuliyyəti uşağı dünyaya gətirməklə bitmir, ona 18 yaşınadək tərbiyə vermək lazımdır. Elə problemlər var ki, valideyn tərəfindən zamanında ailə daxilində həll edilməlidir”.
Komitə sədri məktəblərdə açılmış psixoloq ştatının çox önəmli olduğunu söyləyib. Onun sözlərinə görə, məktəblərdəki psixoloq ştatları formal olaraq qalmamalı, psixoloqlar daim uşaqlarla işləməlidirlər.
H. Hüseynova Azərbaycanda uşaq problemləri üzrə Koordinasiya Şurasının yaradılması ilə bağlı təkliflərin hazırlandığını da deyib. Küçə uşaqları barədə danışaraq o, bunun təkcə dövlətin deyil, həm də cəmiyyətin problemi olduğunu vurğulayıb. Komitə sədri, bu işdə ən böyük məsuliyyətin valideynlərin və cəmiyyətin üzərinə düşdüyünü qeyd edib.
Tədbirdə uşaq yaradıcılıq qrupları tərəfindən konsert proqramı nümayiş etdirilib. Sonra Komitə tərəfindən beynəlxalq müsabiqə və yarışmalarda qalib gəlmiş uşaqlara diplom və hədiyyələr verilib.