İstanbulda keçirilən “Gülən uşaqlar” şənliyində azərbaycanlı əlil uşaqlar da iştirak edir
İstanbulda “VI Gülən uşaqlar şənliyi” start götürüb. APA-nın Türkiyə müxbirinin xəbərinə görə, Türkiyə Onurğa-ilik ifliclilər dərnəyinin təşkil etdiyi, dünyanın bir çox ölkəsindən əlil, şikəst, lal-kar uşaq və yeniyetmənin qatıldığı şənliyə Azərbaycandan Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda Cəmiyyətin “Əli uşaq və gənclərlə iş mərkəzi” adlı təşkilat da qatılıb.
Şənliyin açılış mərasimində iştirak edən “Əlil uşaq və gənclərlə iş mərkəzi”nin rəhbəri Esmiralda Rəhimova APA-ya açıqlamasında yaxın gələcəkdə beynəlxalq miqyaslı tədbirlərin Azərbaycanda da keçirilməsi üçün hazırlıqlar apardıqlarını deyib: “Bu işlərlə beynəlxalq səviyyədə məşğul olmağımız ölkəmizin dünyadakı humanist imicini daha da gücləndirəcək”.
“VI Gülən uşaqlar şənliyi”nin açılış mərasimində çıxış edən İstanbul qubernatoru Huseyin Avni Mutlu bəşəriyyət üçün çox faydalı işlər gördüklərinə görə təşkilatçılara minnətdarlığını bildirib.
Tədbirin keçirilməsinə verdiyi dəstəyə görə isə Türkiyə Onurğa-ilik iflicliləri dərnəyi İstanbul qubernatoruna təşəkkür plaketi verib. Açılış mərasimində Türkiyə sənətçiləri də çıxış ediblər.