Bakıda IV Milli uşaq kitabı sərgisi açılmışdır
Aprelin 2-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Beynəlxalq Uşaq Kitabı Gününə həsr olunmuş tədbir keçirilmiş və IV Milli uşaq kitabı sərgisi açılmışdır.
AzərTAc xəbər verir ki, kitabxananın direktoru Fizurə Quliyeva F.Köçərli adına Respublika Uşaq Kitabxanasının hər il bu günü qeyd etdiyini bildirib. Əvvəlki illərdə Qubada, Xaçmazda kitab bayramları keçirilmişdir.Həmçinin keçən il SOS Uşaq Kəndində müvafiq sərgi təşkil olunmuşdur.Tanınmış uşaq yazıçı və şairlərinin, “Altun”, “Çinar-Çap”, “Turan”, “Təhsil” nəşriyyatları əməkdaşlarının iştirak etdikləri tədbirdə 190 nömrəli məktəbin şagirdləri musiqili ədəbi kompozisiya təqdim etmişlər.Həmçinin uşaqlar arasında viktorina keçirilmiş, suallara düzgün cavab tapanlar hədiyyələr qazanmışlar.
Sərgi iştirakçılarına kitabxananın təsis etdiyi “Göy qurşağı” jurnalı hədiyyə edilmişdir. Sərgidə müxtəlif mövzularda - Azərbaycan Respublikası Prezidenti tərəfindən 2012-ci ilin “İdman ili” elan edilməsinə dair, “Azərbaycan – muğam dünyasına səyahət”, “Xalq yaradıcılığı paytaxtları-2012”, “Nağıllar aləmində”, “Kitablarda mən hələ baxıram şəkillərə”, “Dərədən, təpədən...”, “Nağıl boğçasından”, “Güvəncin nağılları”, “Çox oxuyan çox bilər”, “Tarix - keçmişdən gələcəyə”, “Yeddi rəngli kəmərim” , “Yubilyar yazıçılarımız”, “Kitabxanada ən çox oxunan kitablar”, “Sənin maraq dünyan” və s. mövzularda kitablar nümayiş olunur. Həmçinin “Təhsil”, “Altun”, “Çaşıoğlu”, “Beşik” nəşriyyatlarının kitabları ayrıca sərgilənir.
IV Milli uşaq kitabı sərgisi aprelin 7-dək davam edəcəkdir.