Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil etmişdir
Heydər Əliyev Fondu “Buta” sarayında uşaq evlərində və internat məktəblərində təlim-tərbiyə alan, kimsəsiz və valideyn himayəsindən məhrum, təhsildə xüsusilə fərqlənən uşaqlar üçün Yeni il şənlikləri keçirib.
“AzərTac”ın məlumatına görə, dekabrın 30-da Fondun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və nəvələri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva növbəti bayram şənliyində iştirak etmişlər. Əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin müxtəlif illərdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramlarında uşaqlarla bir yerdə olmasından və onlara qayğısından bəhs edən film göstərilib. Şaxta babanın al-əlvan bəzədilmiş möhtəşəm saraya gəlişi uşaqların gurultulu alqışları ilə qarşılanıb və onlar birlikdə yolkanın işıqlarını yandırıblar.
Respublikamızın tanınmış estrada müğənniləri, məktəblilərin özfəaliyyət kollektivləri, rəqs qrupları, gənc istedadlar oynaq, şux mahnıları, rəqsləri ilə bayram şənliyini daha da canlandırıblar. Şənlikdə iştirak edən hər bir uşağa Azərbaycan bəstəkarlarının uşaq mahnılarından ibarət disk hədiyyə edilib. Qənbər Hüseynlinin “Cücələrim”, Tofiq Quliyevin “Bahar bayramı”, Oqtay Zülfüqarovun “Əziz ana, can ana”, Oqtay Rəcəbovun “Uşaqlar sevinsin həmişə”, Ağabacı Rzayevanın “Kukla”, Səid Rüstəmovun “Vətən”, Fikrət Əmirovun “Layla” mahnılarının daxil olduğu diskdə 16 populyar və sevilən nəğmələr yer alıb.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın göstərişi ilə uşaqların təhlükəsizliyi üçün bütün tədbirlər görülmüş, onların “Buta” sarayına gəlib-getməsi üçün rahat avtobuslar ayrılmışdır.