Oqtay Zülfüqarovun yubileyinə həsr olunmuş kamera konserti keçirilib
Bəstəkarın piano üçün “Yuxu” pyesini nəticəsi Əfrasiyab Məmmədov ifa edib
Görkəmli bəstəkar, Azərbaycanın xalq artisti, “Şöhrət” ordenli Oqtay Zülfüqarovun anadan olmasının 90 illik yubileyinə həsr olunmuş tədbirlər davam edir. Otən gün iyunun 10-da Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda bəstəkarın müxtəlif illərdə yazdığı kamera əsərlərindən ibarət konsert təşkil olunmuşdur.
Konserti bəstəkarın piano üçün “Yuxu” pyesi ilə nəticəsi Əfrasiyab Məmmədov açıb. Sonra O.Zülfüqarovun “Trio”, Simli Kvartet №2, Məhəmməd Füzulinin 400 illik yubileyinə həsr etdiyi “Yad eylərəm” romansı, violonçel və piano üçün “Muğam və rəqsə dəvət” pyesi və digər əsərləri peşəkar musiqiçilər tərəfindən ifa olunub.
Oqtay Zülfüqarovun oğlu, əməkdar incəsənət xadimi, bəstəkar Cahangir Zülfüqarov Azərbaycan Bəstəkarlar İttifaqına konsertin təşkilinə görə minnətdarlığını bildirib.
Qeyd edək ki, mayın 31-də bəstəkarın doğum günündə Azərbaycan Dövlət Akademik Filarmoniyasında 90 illiyinə həsr olunmuş yubiley gecəsi keçirildi. Azərbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər və baş dirijor Rauf Abdullayev) ifasında bəstəkarın simfonik, instrumental və kamera əsərləri səsləndirildi.
İyunun 4-də isə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Oqtay Zülfüqarovun uşaq mahnılarından ibarət “Şənlən, mənim xalqım” adlı qala-konserti keçirildi. Bir çox nəsillər tərəfindən sevilən və bu gün də aktuallığını itirməyən mahnılar tamaşaçılara yeni aranjemanda təqdim olundu. Anşlaqla keçən konsert Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə ELS Müstəqil Araşdırmalar Mərkəzinin “Mədəni-mənəvi irsimizin qorunması və təbliğinə ictimai dəstəyin təşkili” layihəsi çərçivəsində təşkil olunmuşdur.