Azərbaycan amerikalı uşaqların gözü ilə
Martın 11-də Xətai Sənət Mərkəzində Təhsil Nazirliyinin 2 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzi və ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən “My Way” Uşaq Mərkəzinin birgə təşkilatçılığı ilə “Yurdumuza bahar gəlir” adlı sərgisi keçirildi. Məlumatı “ELS” Müstəqil Araşdırmalar Mərkəzi yayıb.
Bu rəsmlərin əksəriyyətini Amerika Birləşmiş Ştatlarında yaşayan azyaşlı azərbaycanlı uşaqlar çəkiblər. Baxmayaraq ki, onlar heç vaxt Azərbaycanda yaşamayıblar, doğma vətəni təsəvvürlərində canlandıraraq tabloya köçürməyi bacarıblar.
Uşaq-Gənclər İnkişaf Mərkəzinin müdiri Əminə Musayeva ABŞ-da Azərbaycan mədəniyyətinin təbliği ilə məşğul olan “My Way” Uşaq Mərkəzi ilə illərin əməkdaşlığından danışdı. Mərkəzin rəhbəri Alyona Bədəlova isə Azərbaycanı görməyən amerikalı uşaqların öz balaca dünyalarında tarixi Vətənlərini canlandırmağa çalışdıqlarını vurğuladı. Onun sözlərinə görə, adından da göründüyü kimi, Mərkəzdə hər bir uşaq yolunu özü seçir, istər rəssamlıq, rəqs, vokal, heykəltəraşlıq yaxud gimnastika və digər yaradıcılıq növləri olsun.
Tədbirdə 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yetirmələrinin ifasında muğam, rəqs, Novruz bayramının adət-ənənələrini əks etdirən səhnəciklər göstərildi.
Sonda gənc istedadlara diplom və hədiyyələr təqdim olundu.