Birinci vitse-prezident Mehriban Əliyeva Gəncədə körpələr evi-uşaq bağçasında olub
Bu gün, fevralın 28-də Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Gəncə şəhərində 32 saylı körpələr evi-uşaq bağçasında olublar. Məlumatı Trend İA yayıb.
Direktor Sahilə Hüseynova bildirib ki, hazırda 280 yerlik uşaq bağçasında 4 qrupda 75 uşaq tərbiyə alır. 20 nəfərlik işçi heyəti uşaqların sağlam, savadlı, bacarıqlı, vətənpərvər olmaları üçün əlindən gələni edir. Həyata keçirilən təlim-tərbiyə prosesinin məqsədi uşaqlara ətraf aləmi tanıtmaq, onlara ilkin bilikləri vermək, ünsiyyət qaydalarını öyrətmək, fiziki və əqli sağlamlıqlarını təmin etməkdir.
Mehriban xanım Əliyevaya məlumat verilib ki, 32 saylı körpələr evi-uşaq bağçasının binası 1985-ci ildə inşa edilib. İndi bu məktəbəqədər təhsil müəssisəsinin əsaslı təmirə ehtiyacı var.
Qeyd edək ki, son illərdə Mehriban Əliyevanın rəhbərliyi ilə ölkəmizdə yeni uşaq bağçaları inşa və yenidən təmir olunur. Heydər Əliyev Fondunun məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı bu məqsədlə həyata keçirilir.
Birinci vitse-prezident Mehriban Əliyeva qısa müddət ərzində Gəncə şəhəri 32 nömrəli körpələr evi-uşaq bağçasında keyfiyyətli yenidənqurma işlərinin aparılmasının vacibliyini vurğulayıb.