Bu il Azərbaycanada imtahanların təşkilində 48 mindən artıq nəfər iştirak edib
Bu il imtahan prosesində nizam-intizam və təhlükəsizliyi təmin etmək məqsədi ilə 48 min 309 nəfər - imtahan rəhbəri, zal nəzarətçisi və buraxılış rejimi əməkdaşı qismində cəlb olunub. Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: İmtahanlara dövlət və ictimai nəzarətin vəhdəti" mövzusunda Gəncədə keçirilmiş konfrasda bildirib. Məlumatı DİM-ə istinadən Trend yayıb.
M. Abbaszadə qeyd edib ki, DİM fəaliyyəti ərzində həyata keçirdiyi bütün tədbirlərdə ictimaiyyətin hərtərəfli məlumatlandırılmasına, ictimaiyyət nümayəndələrinin qəbul prosesinin idarə olunmasında iştirakına, bu sahəyə vətəndaş nəzarətinin təşkilinə böyük önəm verib.
Onun sözlərinə, imtahanların məzmunu və standartları elmi üsullarla müvafiq sahələrdə ekspertlərin iştirakı ilə müəyyənləşdirilir. İmtahanlarda yüksək təhlükəsizlik tədbirləri qəbul olunur, cavablar avtomatik sistemlərlə yaxud meyarlar əsasında markerlərlə qiymətləndirilir.
“2018-ci il ərzində DİM-in həyata keçirdiyi imtahanlarda ümumilikdə 641 min 517 nəfər iştirak edib. İmtahan prosesində nizam-intizam və təhlükəsizliyi təmin etmək məqsədi ilə 48 min 309 nəfər - imtahan rəhbəri, zal nəzarətçisi və buraxılış rejimi əməkdaşı qismində cəlb olunub. Vətəndaşlar hesabat ili ərzində 7 milyon dəfədən çox DİM-in elektron xidmətlərindən istifadə ediblər” - deyə M.Abbaszadə vurğulayıb.