“ELS” üç rayonda dəyirmi masa keçirəcək
“ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsinin təbliğində vətəndaş cəmiyyətinin iştirakının gücləndirilməsi” layihəsini həyata keçirir.
Layihənin ilkin mərhələsində Salyan, Cəlilabad və Bərdə rayonlarında monitorinqlər keçirilib, ilk peşə təhsili və orta təhsili müəssisələrinin fəaliyyəti ilə tanışlıq aparılıb. İlk peşə təhsilinə marağın artırılması məqsədilə mövcud uğurlu sənətkarların fəaliyyətinə dair videoçəkilişlər aparılıb. Hazırda layihənin əsas mərhələsində adı çəkilən rayonlarda icra hakimiyyəti, bələdiyyələrin təmsilçiləri, peşə liseyi və məktəbinin, orta təhsil məktəblərinin rəhbərliyi və psixoloqları, 9-cu sinif şagirdləri, valideynlərin iştirakı ilə dəyirmi masaların keçirilməsinə hazırlıq işləri aparılır. Qeyd edək ki, Salyan şəhərində iyunun 8-də, Cəlilabad şəhərində iyunun 9-da və Bərdə şəhərində iyunun 13-də dəyirmi masalar keçiriləcək və mövzu ilə bağlı müzakirələr aparılacaq.