Prezident 58 və 261 nömrəli məktəblərdə yaradılan şəraitlə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Xətai rayonundakı 58 nömrəli tam orta məktəbin binasında əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub. Dövlətimizin başçısına məlumat verildi ki, məktəbdə yeni dərs ilində şagirdlərin tədris, təlim və tərbiyə işlərinin yüksək səviyyədə həyata keçirilməsi üçün hər cür şərait yaradılıb.
Tədris ocağında ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsilin inkişaf etdirilməsi ilə bağlı gördükləri işləri əks etdirən fotostend qurulub. Bu il məktəb üçün 20 əlavə sinif otağı, 1 informatika və 3 fənn laboratoriyası inşa olunub. 576 şagird yerlik yeni sinif otaqlarında təlim-tərbiyə, tədris prosesinin yüksək səviyyədə həyata keçirilməsi üçün bütün şərait yaradılıb.
Diqqətə çatdırıldı ki, 58 nömrəli orta məktəbin binası 1926-cı ildə inşa edilib. 420 yerlik məktəbdə faktiki 900 şagird təhsil alırdı. Təbii ki, bu, sıxlığa səbəb olmaqla yanaşı, təhsilin keyfiyyətinə də təsirsiz ötüşmürdü. Məktəb üçün tikilən yeni sinif otaqları isə vəziyyəti kökündən dəyişəcək. Yeni tədris ilindən şagirdlər daha geniş və müasir təhsil tələblərinə cavab verən sinif otaqlarında dərs keçəcəklər. Kompyuter avadanlıqları ilə təchiz olunmuş siniflər, müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan akt zalı da hazır vəziyyətə gətirilib.
Beləliklə, dövlətimizin başçısının məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı müəyyənləşdirdiyi strategiya nəticəsində ölkəmizdə güclü təhsil infrastrukturu formalaşıb. Milli dəyərlər üzərində qurulan təhsil modeli isə gənc nəslin nümunəvi vətəndaş kimi formalaşmasında mühüm rol oynayır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Bakının Xətai rayonundakı 261 nömrəli məktəb-liseydə aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məktəbdə həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri ilə bağlı dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, 1979-cu ildən fəaliyyətdə olan məktəbdə bu il ilk dəfə təmir işləri aparılıb. Əsaslı təmir və yenidənqurma işləri Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın tədbirlər planında təhsil sahəsində nəzərdə tutulmuş tədbirlərin icrası çərçivəsində həyata keçirilib.
Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, yeni dərs ili münasibətilə birinci sinif şagirdlərinə məktəbli çantası və digər dərs ləvazimatları hədiyyə ediləcək. Ümumi sahəsi 6600 kvadratmetrdən çox olan 1176 şagirdin təhsil aldığı məktəbin bütün sinif otaqları yüksək səviyyədə yenidən qurulub və zəruri avadanlıqla təchiz olunub. Fənn laboratoriyalarının hamısı əyani dərs vəsaitləri ilə təmin edilib. Məktəbdə müasir idman avadanlıqları ilə təchiz olunan qapalı idman zalından əlavə, həyətdə yeni idman meydançası da yaradılıb. Sahəsi 2720 kvadratmetrdən çox olan meydançada şagirdlərin bədən tərbiyəsi dərslərini keçmələri üçün bütün imkanlar var. Yenidənqurma işləri çərçivəsində məktəbin ətrafında, təxminən 21 min 500 kvadratmetr ərazidə abadlıq işləri görülüb.
Məktəbdə yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev yeni dərs ilində kollektivə uğurlar arzuladı.