BƏYANAT
ELS Müstəqil Araşdırmalar Mərkəzi-İctimai Birliyi Avropa Parlamentində qəbul olunan qondarma “erməni soyqrımı” ilə bağlı əsassız və qərəzli qətnaməni qətiyyətlə pisləyir. İkili standartlardan xəbər verən və erməni lobbisinin təsiri altında bir sıra avropalı deputatlar tərəfindən qəbul olunan qətnamə əslində Avropa Parlamentinin siyasi alətə çevrilməsindən xəbər verir. Görəsən tarixi saxtalaşdıran erməni daşnaklarının müdafiəçisinə çevrilən Avropanın bu kimi nüfuzlu qurumlarının əsrlər boyu azərbaycanlılara qarşı törədilən vəhşiliklərdən xəbəri varmı? 25 ildən artıq müddətdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal altında saxlaması, bir milyondan artıq dinc sakinin doğma ata-baba yurdlarından didərgin salması, yüzlərlə insanı qətlə yetirməsi faktlarını qulaq ardına vuran avropalı siyasıtçilərinin bu qərarı onsuz da həssas olan regionda yeni gərginliyə səbəb olacaq. Onlarla video, foto və sənədin olmasına baxmayaraq Xocalı soyqırımını hələ də tanımayan Avropa qurumları 100 il əvvəl sübuta yetirilməmiş “soyqırımı” necə tanıya bilər?
ELS Müstəqil Araşdırmalar Mərkəzi Türkiyə və Azərbaycan dövlətlərinə qarşı yönələn və heç bir hüququ əsası olmayan bu qətnaməni rədd edir və Azərbaycan hökümətini Avropa Parlamenti ilə münasibətlərinə yenidən baxmağa çağırır.