“Qarabağ” məktəbi Kanadada Azərbaycanın bayrağını dalğalandırdı
Artıq 4 ilə yaxın Kanadanın Ottava şəhərində fəaliyyət göstərən "Qarabag" adlı Azərbaycan dili məktəbinin (Karabakh Azerbaijani Language Saturday School in Ottawa) şagird və müəllimləri burada yaşayan həmyerlilərimizlə birgə bu günlərdə Ottava şəhərində Xocalı soyqırımının 23 illiyinə həsr edilmiş etiraz aksiyası keçiriblər. Parlament binası önündə baş tutan aksiyada Xocalı soyqırımından bəhs edən plakat və şəkillərlə yanaşı Azərbaycanın bayrağı dalğalanıb.
“Qarabağ” məktəbi 2011-ci ilin sentyabr ayında Ottavada yaşayan həmvətənlərimiz Nigar Əliyeva və Vüsalə Əhmədovanın təşəbbüsü ilə təsis edilmişdir. Burada 4-14 yaş arası uşaqlara ana dilimizin tədrisi ilə yanaşı, xalqımızın adət-ənənələri, tarixi, ədəbiyyatı və dövlətimizin atributları haqqında ətraflı məlumat verilir. Qeyd edək ki, 7 uşaqla fəaliyyətə başlayan məktəbdə artıq 14 nəfər təhsil alır.
Məktəbin fəaliyyəti sayəsində Azərbaycan dili Kanadanın Təhsil Nazirliyinin beynəlxalq dillər bölməsində yer alıb. Məktəbin şagirdləri Kanadada keçirilən bir çox mötəbər tədbirlərdə Azərbaycan Dövət Himnini ifa edir, Azərbaycanın Dövlət Bayrağını dalğalandırırlar. Vətəndən uzaqda böyüyən uşaqlarımız Azərbaycanın milli bayramlarını milli rəqs və mahnıları ifa etməklə qeyd edirlər. Hazırda məktəbdə qarşıdan gələn Novruz Bayramına hazırlıq gedir və uşaqlar bu şənliyə böyük həvəslə hazırlaşır.