Azərbaycanda icbari dispanserizasiya zamanı uşaqlar 5 sağlamlıq qrupuna bölünəcək
Nazirlər Kabineti “Xəstə və xəstələnmə riski olan uşaqlar üçün müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi Qaydası”nı təsdiqləyib. APA-nın verdiyi məlumata görə, Qaydaya əsasən, xəstə və xəstələnmə riski olan uşaqlar üçün müalicə-sağlamlaşdırıcı tədbirlər icbari dispanserizasiyanı həyata keçirən dövlət tibb müəssisəsi tərəfindən təşkil olunacaq.
Profilaktik müayinələrin nəticələrinə əsasən uşaqlar 5 sağlamlıq qrupuna bölünəcək. I qrupa sağlamlığın bütün əlamətlərinə görə qüsursuz, sağlam uşaqlar, müayinə dövründə xəstələnməyənlər, sağlamlığa təsir etməyən və korreksiyası tələb olunmayan kiçik qüsurlara malik olanlar daxildir. II qrup xəstələnmə riski olan, xəstəliyə meyilli uşaqlar: orqan və sistemlərin morfoloji yetkinliyinin dərəcəsi ilə bağlı funksional qüsurları, ağırlaşmış mamalıq və ginekoloji anamnezi olan, tez-tez xəstələnən və ya reabilitasiya dövrü qeyri-qənaətbəxş keçmiş, bir ağır xəstəlik keçirmiş biryaşlı uşaqları əhatə edir. III qrupa xroniki patologiyası kompensasiya (nəzərəçarpan kliniki əlamətlərlə müşayiət olunmayan xəstəliyin gedişatı) vəziyyətində olan xəstə uşaqlar daxildir. IV qrup xroniki patologiyası subkompensasiya (hissəvi kompensasiya) vəziyyətində, V qrup xroniki patologiyası dekompensasiya (orqanlar sistemi və ya orqanizmin müvazinətinin pozulması) vəziyyətində olan xəstə uşaqları əhatə edir.
Sağlamlıq qrupuna uyğun olaraq hər bir xəstə və xəstələnmə riski olan uşaq üçün dispanserizasiya planı tərtib ediləcək. Dispanserizasiya planında mütəxəssislərin baxışlarının və müayinələrin dövriliyi, həmçinin xəstəliklərin etiologiyası, patogenezi, kliniki əlamətləri və təsnifatından asılı olaraq, hər bir uşaq üçün fərdi qaydada aparılacaq müalicə-sağlamlaşdırıcı tədbirlər müəyyən ediləcək. Dispanserizasiya planına uyğun olaraq xəstə və xəstələnmə riski olan uşaqların tibbi göstərişə əsasən ambulator və ya stasionar müalicəsi təşkil olunacaq. Dispanser qeydiyyatında olan uşaqlar tibbi göstərişə əsasən dispanserizasiyanı keçirən dövlət tibb müəssisəsinin göndərişi əsasında sanator-kurort müalicəsi ilə təmin ediləcəklər. Aparılan müalicə-sağlamlaşdırıcı tədbirlərin nəticələri uşağın müalicə həkimi tərəfindən qiymətləndirilir və sağlamlıq vəziyyətindən asılı olaraq, uşaq yenidən müvafiq sağlamlıq qrupuna daxil ediləcək. Uşağın sağlamlıq vəziyyətindən asılı olaraq, dispanserizasiya planında dəyişikliklər edilərək, müalicə-sağlamlaşdırıcı tədbirlər davam etdiriləcək.