“Yeni uşaq mahnıları - 2013” Ümumrespublika Müsabiqəsinin yekun konserti
Dekabrın 19-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “ELS” Müstəqil Araşdırmalar Mərkəzi İctimai Birliyi 2013-cü il iyunun 1-dən Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyədəstəyi ilə “Gənc nəslin mədəni-mənəvi inkişafının dəstəklənməsi” layihəsi çərçivəsində start verdiyi “Yeni uşaq mahnıları - 2013” Ümumrespublika Müsabiqəsinin yekun konserti keçirildi.
Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan gecə layihənin təqdimatı, ELS Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradəYaqubovanın, Münsiflər Heyətinin həmsədrləri Azərbaycanın xalq artisti, bəstəkar Oqtay Zülfüqarov və Azərbaycanın əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru, professor Gülnaz Abdullazadənin tədbir iştirakçılarını salamlaması ilə davam etdi. Sonra qalib mahnıların müəlliflərinin mükafatlandırılması mərasimi keçirildi.
“Yeni uşaq mahnıları-2013” müsabiqəsinin qalib-mahnılarını Azərbaycan Dövlət Televiziyasının “Bənövşə” uşaq teatrı, Nizami rayon Uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin “Azəri inciləri” kollektivi, “Gülən notlar”, “Kəpənəklər” və “Nağıllar” mahnı kollektivləri, “Aysel” mahnı teatrı və digər kollektivlərin solistləri ifa etdilər.
Gecənin qonaqları Azərbaycan Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyinin Hərbi Orkestri, Azərbaycan Dövlət Kukla Teatrının aktyorları, Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının “Cücələrim” mahnı və rəqs ansamblı, “Təbəssüm” rəqs qrupu maraqlı musiqi nömrələrlə çıxış etdilər.
“Laylalar” nominasiyasının qalibi olmuş “Ana laylası” mahnısının Azərbaycanın əməkdar artisti Gülyanaq Məmmədovanın ifasında səsləndirilməsi hər kəsi heyran etdi.
“Yeni uşaq mahnıları - 2013” Ümumrespublika Müsabiqəsinin yekun konsertinin sonunda uşaqlar birlikdə “Dostluq himni”ni ifa etdilər.
Qeyd edək ki, gecədə bir çox dövlət strukturları və beynəlxalq təşkilatlar və ictimaiətin təmsilçiləri iştirak edirdi.
Əlaqə telefonları: (012) 408 18 89; (050/055) 334 10 14