“GÜNAY” Uşaq Teatrı üç Qran-pri mükafatı ilə Vətənə döndü
Bakı Uşaq Teatrının nəzdindəki “Günay” Uşaq Teatr-studiyası bu günlərdə Macarıstanda keçirilən Balaton-İncəsənət-Gənclik” 13-cü Beynəlxalq festival-müsabiqədən Vətənə nə az, nə çox 3 Qran-pri mükafatı ilə dönüblər. Balatonfüred kurortunda təçkil olunan festivalın proqramına teatr, xoreoqrafiya, vokal və instrumental nominasiyalar daxil edilmişdir. Azərbaycanla yanaşı festivalda...
Rusiya, Macarıstan, Polşa, Bolqarıstan, Ukrayna və Yakutiyadan uşaq kollektivləri də təmsil olunmuşdur. Gənc istedadları tələbkar münsiflər heyəti qiymətləndirirdi.
Teatrın böyük qrupu M.F.Axundzadənin “Müsyo Jordan və dərviş Məstəli şah” komediyası, kiçik qrup isə Andersonun nağılları əsasında hazırlanmış “Su pərisi” tamaşasını göstərdi. Onları təkcə tamaşacılar deyil, həm də münsiflər heyəti alqışladı. “Su pərisi” tamaşası Teatra ilk Qran-pri mükafatını və fəxri kubok gətirdi.Münsiflər heyəti xoreoqrafiya nominasiyasında Teatrın təqdim etdiyi “Yallı” Azərbaycan xalq rəqsi və Üzeyir Hacıbəyovun “Yaylıqlarla rəqs”ini də Qran-pri mükafatına layiq gördü. Üçüncü mükafatı xoreoqrafik nominasiyada Teatrın solisti Səbinə Məmmədova, qızıl medalı isə “Turaci” Azərbaycan xalq rəqsi və “Qaragöz” özbək rəqsini ifa edən Leyla Yusubova qazandı.