Azərbaycanda valideyn himayəsindən məhrum olan uşaqlar pulsuz ali təhsil alacaqlar
Milli Məclisin Sosial siyasət komitəsinin ötən gün keçirilən iclasında “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. APA-nın məlumatına görə, layihə barədə komitə sədri Hadı Rəcəbli məlumat verərək bildirib ki, sənəd Azərbaycan prezidentinin imzası ilə parlamentə daxil olub.
Layihəyə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl ali, orta ixtisas məktəblərində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Bununla bağlı qanunun 2-ci maddəsinə ikinci hissə əlavə ediləcək.
H.Rəcəbli bildirib ki, təkcə 2009-2012-ci illərdə 166 nəfər belə uşaq təhsil müəssisələrinə qəbul olunub ki, bunların 19-u ödənişli əsaslarla oxuyur. Komitə sədri onu da bildirib ki, əgər uşaq valideynlərindən birini itiribsə və ikinci valideynin əlillik statusu varsa, həmin uşaq da bu güzəştlərdən yararlana biləcək.
Müzakirələrdən sonra layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.