Bakı Uşaq Teatrı “Həyatla oyun” tamaşası ilə yeni mövsümə start verdi
Bakı Uşaq Teatrı bu il mövsümə həmişəkindən tez start verib. Avqustun 27-də Teatr Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin sifarişi ilə Arzu Soltanın eyniadlı əsəri əsasında səhnələşdirilmiş “Həyatla oyun” tamaşasıni Lənkəran şəhərinin sakinlərinə təqdim edib. Hər iki təşkilatın rəhbərliyi ilə qastrola çıxan teatr “Həyatla oyun” tamaşası ilə Masallı, Gəncə,Yevlax şəhərlərində çıxış etməyi planlaşdırıb.
Qeyd edək ki, tamaşa real həyatdan götürülmüş hadisələr üzərində qurulub və əsasən bir qrup tələbə ətrafında cərəyan edir. Belə ki, atası tərəfindən atılmış Nicat problemlərini unutmaq üçün narkotika aludəçisi olan dostu Dumanın məsləhəti ilə narkotikadan istifadə etməyə başlayır. Getdikcə Nicatın vəziyyəti ağırlaşır və onun narkoman olduğunu öyrənən anası infarkt keçirir. Universitetdə təlimçi tərəfindən narkomaniya və QİÇS haqqında maarifləndirilən tələbələr spiddən analiz verməyi qərara alırlar. Analizin cavabları Nicatın QİÇS xəstəliyinə yoluxduğunu üzə çıxarır.
Tamaşa yeniyetmələr və böyüklər üçün nəzərdə tutulub və 1 saat 15 dəqiqə davam edir.