Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« December 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Şənbə, 19 Noyabr 2011 22:41

Səməd Vurğun

SƏMƏD VURĞUN
(Səməd Yusif oğlu Vəkilov)

(1906-1956)

samed-vurqunGörkəmli Azərbaycan şairi Səməd Yusif oğlu Vəkilov 1906-ci il martın 21-də Qazax qəzasının Yuxarı Salahlı kəndində bəy nəslinə mənsub ailədə anadan olmuşdur. Kosalı ağaları, sonradan isə Vəkilovlar adlanan nəslin azı 400 illik tarixi məlumdur. Şair uşaqlıq illərini doğma kəndində keçirmiş, ibtidai təhsilini kəndəki rus-tatar məktəbində almışdır.

1918-ci ildə görkəmli ədəbiyyatşünas və maarifçi Firudin bəy Köçərli Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsini Qazaxa köçürərək, Qazax müəllimlər seminariyasını təşkil edir və məktəbə qəbul olunan kənd uşaqları arasında Səməd və Mehdixan Vəkilov qardaşları da var idi. Səməd Vurğun seminariyanı bitirdikdən sonra (1924) Qazax, QubaGəncədə Azərbaycan dili və ədəbiyyatını tədris etməyə başlayır. 1920-1930 illərdə şairin səsi ciddi surətdə ədəbi mühitin və geniş oxucu kütlələrinin nəzərini cəlb edir. O, Aleksandr Puşkinin "Yevgeni Onegin", Maksim Qorkinin "Qız və ölüm", Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan", Nizami Gəncəvinin "Leyli və Məcnun" əsərlərini Azərbaycan dilinə tərcümə edir. Məlahətli səsi olduğundan gözəl oxuyur, məharətlə saz və skripka çalır, şeir deyir, həvəskar tamaşalarda çıxış edirdi. Seminariyada o, ilk şeirlərini qələmə alır. Gənc şair öz xalqını, vətənini, doğma torpağının əsrarəngiz təbiətini sevdiyi üçün özünə "Vurğun" təxəllüsünü götürür.

1929-cu ildə Səməd Vurğun İkinci Moskva Universitetinin ədəbiyyat fakültəsinə daxil olur. Moskvadakı təhsil illərində onun yazdığı siyasi məzmunlu və lirik şeirlər 1930-cu ildə çap olunmuş "Şairin andı" adlı ilk kitabında toplanmışdır. 1934-cü ildə isə şairin "Könül dəftəri" və 1935-ci ildə "Şeirlər" adlı kitabları nəşr olunmuşdur. Bu dövrdə şair, Azərbaycan poeziyasının dilini bir çox əcnəbi sözlərdən təmizləyərək, Azərbaycan ədəbiyyatını və dramaturgiyasını yeni əsərlər hesabına zənginləşdirmişdir. Yalnız 1935-ci ildə Səməd Vurğun 7 poema və 100-ə yaxın şeir yazmışdır. 1934-cü ildə yazılmış "Azərbaycan" şeiri Azərbaycan ədəbiyyatının incilərindəndir. Bu şeirdə şair öz vətəninin qədim tarixi, təbii gözəlliyi, nemətləri, xalqın xeyirxahlığı, açıqürəkliyi və qonaqpərvərliyini tərənnüm etmişdir.

1937-ci ilin ikinci yarısında Səməd Vurğun özünün ölməz dram əsərini – "Vaqif"i yazır və 1941-ci ildə həmin əsərə görə "Stalin mükafatı"na layiq görülür. 1939-cu ildən başlayaraq o, Nizami Gəncəvi haqqında məqalələr yazmış, elmi məruzələrlə çıxış etmiş, onun "Leyli və Məcnun" poemasını məharətlə Azərbaycan dilinə çevirmişdir. 1941-ci ildə Səməd Vurğun Nizaminin "Xosrov və Şirin" poemasının motivləri əsasında "Fərhad və Şirin" mənzum dramını yazır və bu əsərə görə ikinci dəfə "Stalin mükafatı"na layiq görülür.

1943-cü ildə ABŞ-da keçirilən müharibə əleyhinə yazılmış ən dəyərli əsərlər müsabiqəsində şairin yazdığı "Ananın öyüdü" şeiri çox yüksək qiymətləndirilmiş və dünya ədəbiyyatında bu mövzuda yazılan ən qiymətli 20 əsərdən biri kimi Nyu-Yorkda çap etdirilərək hərbçilər arasında yayılmışdır. Səməd Vurğunun müharibədən sonrakı dövr yaradıcılığı da çox məhsuldar olmuşdur. Şair bir-birinin ardınca "Muğan" (1948), "Aygün" (1950-1951) və "Zamanın bayraqdarı" (1952) poemalarını qələmə almışdır.

1956-cı ilin martında Səməd Vurğunun 50 yaşı tamam olur. Şairin yubileyinin keçirilməsinə hazırlıqlar çərçivəsində Azərbaycan SSR rəhbərliyi tərəfindən "Azərbaycanın xalq şairi" adı təsis edilir və ilk dəfə bu ada Səməd Vurğun layiq görülür. May ayının 12-də Opera və Balet Teatrında şairin təntənəli yubiley gecəsi keçirilir, iki həftə sonra 1956-cı il may ayının 27-də, Səməd Vurğun vəfat edir və Fəxri Xiyabanda dəfn edilir.

 

AZƏRBAYCAN

Çox keçmişəm bu dağlardan,

Durna gözlü bulaqlardan;

Eşitmişəm uzaqlardan

Sakit axan arazları;

Sınamışam dostu, yarı...

El bilir ki, sən mənimsən,

Yurdum, yuvam, məskənimsən,

Anam, doğma vətənimsən!

Ayrılarmı könül candan?

Azərbaycan, Azərbaycan!

Mən bir uşaq, sən bir ana,

Odur ki, bağlıyam sana,

Hankı səmtə, hankı yana

Hey uçsam da yuvam sənsən,

Elim, günüm, obam sənsən!

Fəqət səndən gen düşəndə,

Ayrılıq məndən düşəndə,

Saçlarıma dən düşəndə

Boğar aylar, illər məni,

Qınamasın ellər məni.

Dağlarının başı qardır,

Ağ örpəyin buludlardır.

Böyük bir keçmişin vardır;

Bilinməyir yaşın sənin,

Nələr çəkmiş başın sənin.

Düşdün uğursuz dillərə,

Nəhs aylara, nəhs illərə,

Nəsillərdən-nəsillərə

Keçən bir şöhrətin vardır;

Oğlun, qızın bəxtiyardır...

Hey baxıram bu düzlərə,

Alagözlü gündüzlərə,

Qara xallı ağ üzlərə

Könül istər şer yaza;

Gəncləşirəm yaza-yaza...

Bir tərəfin bəhri-Xəzər,

Yaşılbaş sonalar gəzər;

Xəyalım dolaşar gəzər

Gah Muğanı, gah Eldarı.

Mənzil uzaq, ömür yarı!

Sıra dağlar, gen dərələr,

Ürək açan mənzərələr...

Ceyran qaçar, cüyür mələr,

Nə çoxdur oylağın sənin!

Aranın, yaylağın sənin.

Keç bu dağdan, bu arandan,

Astaradan, Lənkərandan.

Afrikadan, Hindistandan

Qonaq gəlir bizə quşlar,

Zülm əlindən qurtulmuşlar...

Bu yerlərdə limon sarı,

Əyir, salır budaqları;

Dağlarının dümağ qarı

Yaranmışdır qarlı qışdan

Bir səngərdir yaranışdan.

Lənkəranın gülü rəng-rəng,

Yurdumuzun qızları tək.

Dəmlə çayı tök ver görək

Anamın dilbər gəlini!

Yadlara açma əlini.

Sarı sünbül bizim çörək,

Pambığımız çiçək-çiçək.

Hər üzümdən bir şirə çək

Səhər-səhər acqarına,

Qüvvət olsun qollarına.

Min Qazaxda köhlən ata,

Yalmanına yata-yata,

At qan-tərə bata-bata,

Göy yaylaqlar belinə qalx,

Kəpəz dağdan Göy gölə bax!

Ey azad gün, azad insan,

Doyunca iç bu bahardan!

Bizim xallı xalçalardan

Sər çinarlar kölgəsinə,

Alqış günəş ölkəsinə!

Könlüm keçir Qarabağdan,

Gah bu dağdan, gah o dağdan.

Axşamüstü qoy uzaqdan

Havalansın Xanın1 səsi,

Qarabağın şikəstəsi.

Gözəl vətən! Mənan dərin,

Beşiyisən gözəllərin!

Aşıq deyər sərin-sərin,

Sən günəşin qucağısan,

Şer, sənət ocağısan.

Ölməz könül, ölməz əsər,

Nizamilər, Füzulilər!

Əlin qələm, sinən dəftər,

De gəlsin hər nəyin vardır,

Deyilən söz yadigardır.

Bir dön bizim Bakıya bax,

Sahilləri çıraq-çıraq,

Buruqları hayqıraraq

Nərə salır boz çöllərə,

İşıqlanır hər dağ, dərə!

Nazlandıqca sərin külək,

Sahillərə sinə gərək.

Bizim Bakı – bizim ürək!

İşıqdadır qüvvət sözü,

Səhərlərin ülkər gözü.

Gözəl vətən! O gün ki sən

Al bayraqlı bir səhərdən

İlham aldın... yarandım mən.

Gülür torpaq, gülür insan,

Qoca Şərqin qapısısan!

Dinlə məni, gözəl vətən!

Bir söz gəlir ürəyimdən:

Partiyanın eşqilə sən,

Güləcəksən hər bir zaman,

Azərbaycan, Azərbaycan!

 ŞAİR NƏ TEZ QOCALDIN SƏN

Nemətsə də gözəl şeir,

Şair olan qəm də yeyir.

Ömrü keçir bu adətlə,

Uğurlu bir səadətlə.

Görən məni nadir deyir:

Saçlarına düşən bu dən?

Şair, nə tez qocaldın sən!

Dünən mənə öz əlində

Gül gətirən bir gəlin də

Gözlərində min bir sual

Heykəl kimi dayandı lal

O bəxtəvər gözəlin də

Mən oxudum gözlərindən:

Şair, nə tez qocaldın sən!

Ovçuluğa meyl saldım,

Gecə-gündüz çöldə qaldım,

Dağ başından enib düzə

Bir ox kimi süzə-süzə

Neçə ceyran nişan aldım;

Cavab gəldi güllələrdən:

Şair, nə tez qocaldın sən!

Bəzən uca, bəzən asta,

Otur sazım min sim üstə,

Andı yalan, eşqi yalan,

Dostluğu da rüşvət olan,

Ürək yıxan bir iblis də

Üzəvari deyir hərdən:

Şair, nə tez qocaldın sən!

Saç ağardı, ancaq ürək

Alovludur əvvəlki tək

Saç ağardı, ancaq nə qəm.

Əlimdədir hələ qələm

Bilirəm ki, deməyəcək

Bir sevgilim, bir də Vətən:

Şair, nə tez qocaldın sən!

 

 

 

BAHAR ŞƏRQİSİ

(Körpələrə)

Günəş doğdu, yayıldı,

Yatan ellər ayıldı.

Açdı çiçəkli güllər,

Dilə gəldi bülbüllər.

Qar, çovğun gözdən itdi,

Dağlarda lalə bitdi.

Qanadlandı buludlar;

Yerdəki əlvan otlar

Cücərib boy atdılar,

Aləmə naz satdılar.

Artdı suların səsi,

Sevindirdi hər kəsi.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Oxunub 40306 dəfə