Rəfiqə Məmmədova
Bizim bağ
il-çil toyuq kürt düşmüşdü. Nənə yumurtaları onun altına qoymuşdu. Karton qutunu da hinə qoydu. Onu heç kim narahat etməzdi.
Bu vaxt Selinin ağlına gəldi ki, karton qutunu götürüb evə gətirsin.
Kürt toyuq üstündə oturduğu yumurtaları əzməsin deyə bərkdən qaqqıldadı.
Qaqqıltı Selini qorxuzdu. Ağladı. Səsə nənəsi çölə çıxdı. Soruşdu:
Selin niyə ağlayırsan?!
Mən kürt toyuğu evə gətirmək istəyirdim. O bərkdən qırt-qırt elədi, üstümə atılmaq istədi.
Qızım, hansı toyuq razı olar ki, onu yumurtaların üstündə narahat edəsən? Ona toxunmaq olmaz. Dimdiyi itidir. Göz çıxardar! O yumurtaları isidir.
Əmisi Şakir qaça-qaça gəldi. Selini qucağına aldı. Onun üzündən
öpə-öpə dedi:
- Selin, belə iş eləmə! Ən sakit toyuq da yumurta üstündə oturanda çox həssas olur!
Nənəsinin başı işə qarışanda Selin hinə baş çəkirdi. Onun səbri çatmırdı, toyuğun qutusunun ağzını bərk bağladı, sürüdü, silkələdi. Ərik ağacının haçasına çıxdı. Qutunu da özüylə yuxarı dartdı. Qutu əlindən sürüşüb yerə düşdü. Qutu çevrildi. Yumurtaların biri də sınmadı. Çil-çil on bala çıxartdı. Yumurtalar lax çıxmadı. Nənə sevindi. Cücələr çox sağlam idi. Anaş onları özü ilə gəzdirir, səylə yer eşələyir, dən tapırdı. Balalar basa-bas sala-sala dəni dimdikləyirdilər.
İki cücə isə acından ciggildəyirdi. Özlərinə dən tapa bilmirdilər. Bunu görəndə Selin hirslənirdi. Şakir əmisi onlara diqqətlə baxdı və bərkdən güldü:
Bu quş yumurtalarını onun altına kim qoyub?
Selin sevincək dedi:
Mən! Qarajda quş yuvası var, nərdivanla çıxıb götürdüm! Çil-çil hində olmayanda qutuya qoydum!
Şakir əmisi dedi:
Qızım, quş balalarını anası yedizdirir! Özün çox görmüsən, quş yuvası bağımızda çoxdu, sən onlara çox baxmısan! Balalar ağzını açır, ana dimdiyində gətirdiyi dəni onun dimdiyinə tərəf tutur, bala da yemi götürür! İndi isə biz onları böyütməliyik!
Selin sevindi. Birdən gülə-gülə dedi:
Əmi, axı mənim dörd yaşım var, çox şeyi bağımızda öyrənəcəm!
Nənə cücələri sözlə oxşayırdı:
Qırt yırğalandıqca,
Qaq-qaqı artıqca,
Çıxdı qabıqdan
Sarı ətcəbala.
Bir ətcəbala ki,
Rəngi sarı, çil-çil
Quş tək ötür dil-dil.
Dimdiyi ağ qədəh.
Gözləri qap-qara,
Baxır qorxa-qorxa.
Ona maraqlıdı
Bu işıqlı dünya,
İncə dırnaqlıdı
Hey baxar aya!
Selin əl çaldı. O şeiri və nağılı çox sevən qızdı. Qulaq asmaqdan yorulmazdı!
20.05.2009